Azərbaycan Human Rights Watch-un 2015-ci il hesabatında

İnsan haqlarının bərbad vəziyyətdə olduğu Azərbaycanın özü ilk növbədə Olimpiya Xartiyasının mətbuat azadlığı müddəaları ilə açıq-aşkar ziddiyyət təşkil edir

Source:


İnsan haqlarının bərbad vəziyyətdə olduğu Azərbaycanın özü ilk növbədə Olimpiya Xartiyasının mətbuat azadlığı müddəaları ilə açıq-aşkar ziddiyyət təşkil edir

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının 2015-ci il hesabatında deyilir ki, insan haqlarını təhlükəsizlik məsələlərinə qurban verən hökumətlər ciddi səhv edirlər.

Bu gün açıqlanmış 656 səhifəlik hesabatda 90 ölkədə insan haqlarının vəziyyəti təhlil və təsvir edilib.

Sənəddə qeyd olunur ki, bugünkü böhranların əksəriyyəti ayrı-ayrı ölkələrdə insan haqlarının tapdanmasından qaynaqlanıb.


Azərbaycan: pisləşməkdə olan vəziyyət

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, hakimiyyət öz tənqidçilərinə qarşı repressiyaları 2014-cü ildə də şiddətləndirib və bununla ölkədə onsuz da bərbad olan insan haqlarının vəziyyətini daha da ağırlaşdırıb.

Sənəddə qeyd olunur ki, Azərbaycanda 33 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəalı, bloger və jurnalistlər siyasi motivli ittihamlarla məhkum edilib.

Bu da vurğulanır ki, belə siyasət başqa fəalları ya susmağa, ya da qaçıb gizlənməyə məcbur edir.

Sənəddə Azərbaycanda vətəndaş qruplarının və onların liderlərinin bank hesablarının dondurlmasından, onlara səfər qadağanları qoyulmasından da bəhs edilir.

Bunun nəticəsində bir sıra aparıcı insan haqları qruplarının fəaliyyətinin dayanmasından söz açılır.


İnsan haqlarının pozulması bir an da dayanmayıb

Hesabatda belə bir məqama diqqət çəkilir ki, Azərbaycan hətta Avropa Şurası Nazirlər Komitəsinin 6 aylıq rotasiyalı sədrliyində olarkən də repressiya və təqibləri dayandırmayıb.

Sənəddə göstərilir ki, hakimiyyət öz tənqidçilərini susdurmaq üçün onlara qarşı bir qayda olaraq narkotik maddələrdən istifadə, qanunsuz silah saxlama, xuliqanlıq, qızışdırıcı fəaliyyət və hətta dövlət xəyanəti kimi saxta ittihamlardan istifadə edir.

Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunusun, onun həyat yoldaşı Arif Yunusun vergidən yayınma kimi ittihamlarla həbsxanaya salındığı qeyd olunur.

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun, Hüquqi Təhsil Cəmiyyətinin başçısı İntiqam Əliyevin də oxşar ittihhamlarla azadlıqdan məhrum edildikləri vurğulanır.

REAL müxalifət qrupunun rəhbəri İlqar Məmmədovun, Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, digər fəal və müxalifətçilər – Yadigar Sadıqov, Murad Adilov, Xaqani Məmmədin bu hesabat yazılarkən həbsxanada olduqları xatırladılır.


10 jurnalist həbsxanadadır

Human Rights Watch təşkilatının hesabatının Azərbaycana aid hissəsində media azadlığına xüsusi bölüm ayrılıb.

Sənədin bu bölümündə deyilir ki, 2014-cü ildə azı 10 jurnalist, bloger və sosial media fəalı onlardan tənqidləri üçün qisas alınması məqsədilə saxta ittihamlarla məhkum edilib.

Hesabatda deyilir ki, iki müstəqil qəzetin Ankara müxbiri olan Rauf Mirqədirov qonşu Ermənistanda xalq diplomatiyası tədbirlərində iştirak etdiyinə görə xəyanət ittihamı ilə həbs edilib.

Sənəddə “Bizim yol” qəzetinin sütun yazarı Pərviz Həşimlinin isə qanunsuz silah saxlamaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edildiyi göstərilir.

Sənədin bu bölümündə həmçinin deyilir ki, “Azadlıq” qəzetinin müxbiri Seymur Həzi xuliqanlıq ittihamı ilə həbs edilib və hazırda məhkəməsini gösləyir.


Facebook-a görə həbsxana

Hesabatda həmçinin sosial media fəallarının təqib və həbslərlə üzləşdikləri bildirilir.

Qeyd olunur ki, 2014-cü ildə hakimiyyət Facebook-da onu tənqid edən 6 nəfəri həbs edib. Əbdül Əbilov, Ömər Məmmədov, Elsəvər Mürsəlli və Fərəc və Siraj Kərimliyə qarşı saxta narkotik ittihamları irəli sürülüb.

Human Rights Watch-un hesabatında tanınmış təhqiqat jurnalisti Xədicə İsmayıla qarşı uzun müddət kampaniya aparıldığı, səfər qadağanı qoyulduğu və nəhayət onun qondarma ittihamla həbs edildiyi bildirilir.

Hesabatda vurğulanır ki, Xədicə İsmayıl hökumətin, ələlxüsus da hakim ailənin biznes fəaliyyətini araşdıran məqalələr silsiləsinin hazırlanmasına görə həbs edilib.

Sənəddə həmçinin müxalif “Azadlıq” qəzetinə maliyyə əngəlləri yaradılmasından, saxta böhtan ittihamlarından istifadə edilməklə məcmuənin bank hesablarının dondurulmasından söz açılır.


İlham Əliyevin imzaladığı qanunları

Hesabatda bildirilir ki, prezident İlham Əliyev QHT-lərin qeydiyyatı və fəaliyyəti ilə bağlı məhdudiyyətləri daha da artıran qanunları imzalayıb.

Qanunlara dəyişikliklər inzibati xətalara görə daha ağır pul cərimələri və cinayət məsuliyyəti nəzərdə tutur.

Dəyişikliklərə görə QHT-lər xaricdən alınan hər bir qranta görə hökumətdən lisenziya almağa borcludurlar.

Human Rights Watch-un hesabatında göstərilir ki, yeni qanun və qanunlara dəyişikliklər artıq indiyədək azı 50 QHT-nin bağlanmasına imkan yaradıb.

Hesabatda qeyd olunur ki, Azərbaycanın hüquq –mühafizə orqanlarında işgəncələr hələ də geniş yayılıb və hətta BMT-nin işgəncələri araşdıran alt komitəsi ona həbsxanalara baş çəkmək imkanı yaradılmadığı üçün ötən sentyabrda Azərbaycana səfərini ləğv edib.


Bakıya tənqid kar etmir

Human Rights Watch narahatlıqla qeyd edir ki, Azərbaycan hakimiyyəti Avropa qurumları tərəfindən insan haqlarının acınacaqlı vəziyyətinə görə tənqid olunsa da, ölkəyə qarşı konkret sanksiyalara əl atılmayıb.

Tənqidçilərin sırasında Avropa İttifaqının komissarları Catherine Ashton və Stefan Fule-nin, ATƏT-in, Avropa Şurasının, ABŞ Dövlət Departamentinin olmasına baxmayaraq Azərbaycan hakimiyyəti vəziyyəti dəyişmək üçün heç bir səy göstərmir.

Hesabatın başqa bir hissəsində də Azərbaycana aid tənqidi fikirlər yer alıb. Minky Worden-nin “Meqa-İdman Tədbirləri və İnsan Haqları” məqaləsində ilk Avropa Oyunlarının ev sahibliyinin Azərbaycana verilməsindən narahatlıqla bəhs edilir.


Olimpiya Xartiyasını pozan olimpiada keçirir

Müəllif yazır ki, insan haqlarının bərbad vəziyyətdə olduğu Azərbaycanın özü ilk növbədə Olimpiya Xartiyasının mətbuat azadlığı müddəaları ilə açıq-aşkar ziddiyyət təşkil edir.

Hesabat Avropa Oyunları təşkilatçılarını təcili qaydada 2012-ci il Eurovision Mahnı Müsabiqəsi zamanı ev sahibi olan Azərbaycanda insan haqları üzərinə çirkin hücumların tarixçəsini araşdırmaq tövsiyə edilir.

azadliq.org

Ana səhifəXəbərlərAzərbaycan Human Rights Watch-un 2015-ci il hesabatında