Azərbaycan həbsxanalarında mənzərə: 15 gündə 6 məhbus ölümü

Foto: Meydan TV

Hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində monitorinqlərə icazə verilmədiyini deyirlər

Yanvar ayı başlayandan ilk 15 gün ərzində Bakıda yerləşən cəzaçəkmə müəssisələrində müxtəlif vaxtlarda 6 dustağın öldüyü bildirilir.

Yanvarın 3-də Elmar Musayev, 6-da Kamil Nəzərli, 7-də Fikrət Həbibov, 8-də Kərəm Mövsümov, 12-də Qüdrət Abdullayev, 15-də isə Qurban Rəcəbov vəfat edib.

Yerli mətbuatda müxtəlif cəzaçəkmə müəssisələrində vəfat edən məhbusların xəstəlikdən öldüyü qeyd edilir, amma detallar tam açıqlanmır.

Bu da səbəbsiz deyil, çünki Azərbaycanda cəzaçəkmə müəssisələri ictimaiyyətə qapalı qurumlardır. Onların şəffaflığı və monitorinqlərin aparılması zaman-zaman müzakirəyə çıxarılsa da, ciddi nəticə əldə edilməyib.

Penitensiar Xidmət susur…

Rəsmi qurumlar da bu barədə məlumatları qapalı saxlamağa üstünlük verirlər. Elə bu səbəbdən də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhbusların hansı səbəbdən vəfat etməsi ilə bağlı Meydan TV-nin sorğusuna cavab verməyib.

Bəs ictimai təşkilatlar cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı nə düşünürlər?

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli Meydan TV-yə deyir ki, cəzaçəkmə müəssisələrində baş verən qanunsuzluqlara bağlı onlara tez-tez müraciətlər edilir. Lakin monitorinq aparmaq üçün cəzaçəkmə müəssisələrinə buraxılmırlar:

Foto: Fikrət Cəfərlinin şəxsi arxivindən

“Cəzaçəkmə müəssisələrində ağır proseslər baş verir. Bizə qeyri-rəsmi kanallardan kifayət qədər ciddi məlumatlar daxil olur ki, orada işgəncə, hətta zorlanma halları gündən-günə artır. Hətta zərərçəkənlər özləri də aidiyyəti qurumların tədbir görməsi ilə əlaqədar bizə müraciət edirlər. Lakin şəxsiyyətin alçaldılması ilə bağlı olan məsələlərdən dolayı ictimailəşdirməkdən çəkinirlər”.

“Məhbuslarla görüşə imkan vermirlər”

Mərkəz sədri qeyd edir ki, dəfələrlə məhbuslarla görüşmək istəyiblər, amma rədd cavabı alıblar:

“Təəssüflər olsun ki, bizə şikayət daxil olan cəzaçəkmə müəssisələrində monitorinq aparmağa imkan vermirlər. Dəfələrlə müraciət etsək də, müsbət nəticəsi olmur. Yanvarın 13-da bizim sədr müavini 12-ci cəzaçəkmə müəssisəsinə getmişdi. Oradan müraciət var idi. Məhbusla müraciət əsasında görüşmək istədik. Müavinə müraciət edən məhbusla görüşünə imkan vermədilər”.

Məndə olan məlumata görə, kifayət qədər dəyişikliklər var”

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov yanvar ayı ərzində həyatını itirən məhbuslarla bağlı məlumatlı olduğunu deyir.

O təəssüflə qeyd edir ki, hələ də vəfat edən məhbusların ailə üzvləri ilə əlaqə saxlaya bilməyiblər:

2019-cu ilə qədər mən həbsdə olduğum müddətdə heç bir xəstəliyi, sağlamlığında heç bir problemi olmayan məhkumlar pulun, hansısa maddi nemətin müqabilində müalicə müəssisələrinə köçürülürdülər. Bununla da cəzalarını həbsxanalardan kənarda çəkirdilər. Amma indi informasiyalar bundan ibarətdir ki, Penitensiar Xidmətdə rəhbərlik dəyişdiyi üçün əvvəlki iş mexanizmi, yanaşma tərzi yoxdur. Məndə olan məlumata görə, kifayət qədər dəyişikliklər var”.

Foto: Rüfət Səfərovun şəxsi arxivindən

Rüfət Səfərov deyir ki, amma bütövlükdə bu proseslər hüquq müdafiəçilərini qane etmir:

Çünki faktiki olaraq, Azərbaycanda cəzanın məqsədlərini nail olma problemi, məsələn – sosial ədalətin bərpası, məhkumların yenidən cinayət törətməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi kimi məsələlər var. Cəzaçəkmə müəssisələrində ağır və digər dərəcəli xəstəliklərdən zaman-zaman həyatını itirən şəxslər olub, bu gün də var. Bu da onunla əlaqədardır ki, ilk növbədə ixtisaslaşmış həkimlər yoxdur”.

Məndə olan məlumata görə, müalicə müəssisələrində müasir tibbi avadanlıqların olmaması, əməliyyatların həyata keçirilməsi üçün tibbi avadanlıqların yetərli olmaması da problemdir. Mülki klinikalara çox nadir hallarda etap olunurlar. Bunun üçün də imkanlı məhkumlar olmalıdırlar. Həmin məhkumlar öz hesablarına klinikada müalicə olunurlar, o da hələ etap olunsalar”, – deyə o qeyd edib.

Penitensiar Xidmət, Foto: https://justice.gov.az/

Amma hüquq müdafiəçisi son zamanlar bəzi müsbət dəyişikliklərin də olduğunu deyir:

“Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti fəaliyyət göstərir. Amma məhbusların, dustaqların zaman-zaman söylədikəri budur ki, tibbi xidmət keyfiyyətli və qənaətbəxş deyil. Bunun üçün də texniki, tibbi avadanlıqlar yetərli deyil. Ədalət naminə qeyd edim ki, hətta siyasi və vicdan məhbuslarının ailələri, həbsdə olan dindar ailələri belə qeyd edirlər ki, yeni rəhbərliyin dövründə bir çox sahələrdə bu istiqamətdə müsbət dəyişikliklər nəzərə çarpıb“.

“Vəkili olduğum məhbusların ciddi xəstəlikləri var”

Vəkil Zibeydə Sadıqova deyir ki, çəzaçəkmə müəssisələrində xəstəliklərin vaxtında aşkarlanması istiqamətində heç bir işlər görülmür:

“Bu adamlar həbsdədirlər, cəza çəkirlər. Əslində onlar cəza müddətində davamlı olaraq tibbi müayinədən keçməlidirlər. İki-üç aydan bir “check-up” müayinə olunmalıdırlar və onlara deyilməlidir ki, səndə hansı xəstəlik var, hansı xəstəlik yaranır, müalicə olunmalısan. Bu baş vermədiyinə görə, adamlar cəzaçəkmə müddətində guya xəstəlikdən ölürlər”.

Sadıqova hazırda vəkili olduğu məhbusların da bir çoxunun səhhətində ciddi problemlərin olduğunu deyir:

Zibeydə Sadıqova. Foto: Meydan TV

Vəkili olduğum insanlar – Qubad İbadoğlu, Afiəddin Məmmədov, Mirtofiq Hüseynovun ciddi xəstəlikləri var. Mən hər dəfə yazıram, amma heç bir ciddi müayinə və müalicə aparılmır. Sadəcə, qan analizi götürülür, təzyiq yoxlanılır. Bununla da: “Müayinə aparıldı, tibbi yoxlanışdan keçdi deyə yola verirlər.

“İndi suallar yaranır: bu adamlar, həqiqətən də, xəstədirlərsə, bunların ailələrinə vaxtında məlumat verilibmi? Yaxud da daha yaxşı yerlərdə müalicə ilə təmin olunublarmı? Yaxud da əməliyyat lazımdırsa, edilibmi? Yaxud da ölümcül xəstə idilərsə, nə üçün onların vaxtından əvvəl azad olunması üçün müraciət edilməyib. Çünki adətən belə olanda cəzaçəkmə müəssisələrində rəislərin hüququ var ki, məhkəməyə müraciət etsinlər. Görünür ki, heç bi hərəkət olmayıb deyə bu adamlar cəzaçəkmə müəssisələrində ölüblər”, – deyə vəkil sorğulayır.

İctimai Şuranın sədri səbəbləri açıqlayır, Ombudsman reaksiya vermir

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Səadət Bənənyarlı Meydan TV-yə bildirib ki, həyatlarını itirən məhbusların, demək olar ki, çoxu onkoloji xəstəlikdən vəfat edib:

Səadət Bənənyarlı
Foto: Meydan TV

Mənə verilən məlumata görə, biri yenicə tutulubmuş və tutularkən həddindən artıq narkotik vasitə qəbul edibmiş. Bu səbəbdən də vəfat edib”.

“Digərlərinin isə müxtəlif xəstəlikləri olub. Onların hamısı uzun müddət həbsdə olan dustaqlar deyillər”, – deyə Səadət Bənənyarlı qeyd edib.

Penitensiar Xidmət həddindən artıq narkotik vasitə qəbul edən və “peredoz” halında olan məhbusun niyə xəstəxanaya deyil, cəzaçəkmə müəssisəsinə etap olunması ilə bağlı suala da cavab verməyib.

Ana səhifəSiyasətAzərbaycan həbsxanalarında mənzərə: 15 gündə 6 məhbus ölümü