Azərbaycan futbolunda uşaq əməyi

Futbolçuların uzandığı xərəkləri uşaqlar niyə daşıyır?

Source:


Futbolçuların uzandığı xərəkləri uşaqlar niyə daşıyır?

““Neftçi”də oynamaq istəyirəm. Əvvəllər uşaq futboluna gedirdim. Amma indi yox. Bir neçə dəfə müraciət etmişəm, amma götürmədilər. Bütün oyunlara gedirəm, çoxlu futbolçu dostlarım var. Hətta oyunlarda onlara kömək də edirəm”.

Bunu 16 yaşlı Anar Əliyev deyir. Məktəbə məcburən getdiyini söyləyən Anarın sözlərinə görə, vaxtını parta arxasında keçirmək istəmir: “Yaxşı oxusam nə olacaq ki? Futbolçu olmaq üçün institut oxumaq lazım deyil. İmkan tapan kimi bazaya gedirəm, uşaqlarla dostluq etməyə çalışıram”.

Anar Əliyev gördüyü işlərin müqabilində pul almır. Bunu heç pul üçün də etmir: “Hərdən gətir-götür işlərinə baxıram. Olsun də. Təcrübə toplayıram”.


Uşaq istismarı, yoxsa…

Uşaq əməyindən istifadə bütün dünyanı narahat edən problemdi. Bu problemi həll etmək üçün müxtəlif qanunlar, konvensiyalar qəbul edilib. Ancaq problem hələ də aktual olaraq qalır. Düzdür, uşaq əməyindən yararlanan işbazlar bunu maksimum gizli şəkildə həyata keçirməyə çalışırlar. Ancaq Azərbaycanda fərqlidir…

Məsələn, Azərbaycan futbolunda uşaq əməyindən istifadə aşkar şəkildə həyata keçirilir, hətta uşaqların istismar olunması televiziya vasitəsilə bütün ölkəyə də yayımlanır.

Azərbaycanın futbol təsərrüfatında milyardlarla vəsait dövr edir. Bu vəsaitin hara və necə xərcləndiyini isə bir qrup şəxsdən başqa kimsə bilmir. Amma elə həmin şəxslər də açıq-aşkar uşaq əməyindən yararlanır. Söhbət AFFA və klub rəhbərlərindən gedir. Futbol oyunları zamanı futbolçu zədələnirsə, onu ya xüsusi maşınla, ya da xərəklə meydandan çıxarırlar. Artıq aparıcı ölkələrdə maşınlardan istifadə olunur. Ancaq xərəklə istifadə olunun qarşılaşmalarda da bu iş üçün ayrılmış xüsusi işçilər olur. Onlar müqavilə ilə klubda çalışırlar.

Milyardların dövr etdiyi Azərbaycan futbolunda isə bu iş uşaqlara həvalə olunur. AFFA, klub rəhbərliyi artıq xərcə düşməmək üçün (bəlkə də ştatda bu iş yerləri var, amma o iş üçün ayrılan vəsaitin miqdarı məlum deyil) uşaq əməyindən yararlanırlar. Azərbaycan çempionatının hər bir qarşılaşmasında azyaşlı uşaqların cüssəli futbolçuları xərəyə uzadaraq, gücənə-gücənə meydandan çıxardığı müşahidə olunur. Açıq-aşkar hiss olunur ki, bu işi görmək o uşaqların fiziki imkanları xaricindədir. Yükün ağırlığından onların necə əzab çəkdiyi hiss olunur. Ancaq bu əzabı AFFA və klub rəhbərləri görmək istəmirlər. Meydan.tv məsələ ilə bağlı mütəxəssis münasibətini də öyrənib.


“Uşaqların əmək fəaliyyətinə cəlb edilməsi yolverilməzdir”

“Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin və Futbolçulara Hüquqi Yardım Mərkəzinin sədri Nazir Quliyev belə halın yolverilməz olduğunu deyir:

“Uşaq əməyindən istifadə müvafiq qanunvericiliklə tənzimlənir. BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Uşaq hüquqları haqqında” Qanuna əsasən, yaşı 18-dən az olan şəxslər uşaq hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, 15 yaşından aşağı uşaqların əmək fəaliyyətinə cəlb edilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən, yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır olan iş yerlərində işləri görməsi qadağandır”.

Nazir Quliyev deyir ki, Əmək Məcəlləsinin 251-ci maddəsi yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlərin dəqiq siyahısını müəyyən edib.  Belə ki, 16 yaşından 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması, bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması hallarına icazə verilir:

“Bir futbolçunun ortalama 60-70 kq olduğunu nəzərə alsaq, uşaqların bunu daşıması yolverilməzdir. Uşaqların kiçik yaşlarından belə ağır yük daşıması onların sağlamlığı üçün çox təhlükəlidir. Bir çox ölkədə belə xidmətlərin göstərilməsi üçün xüsusi əməkdaşlar cəlb edilir. Zədə alan futbolçunun meydandan təhlükəsiz şəkildə çıxarılması da önəmlidir. Bunu uşaqlar qeyri-peşəkar etdikdə, zədə alan futbolçunun zədəsinin daha da ağırlaşmasına səbəb ola bilərlər.

Hesab edirik ki, peşəkar klublar belə xidmətlərin göstərilməsi üçün xüsusi əməkdaşlar cəlb etməlidirlər. Belə yanaşma klubların öz futbolçularına verdiyi dəyərin və uşaq hüquqlarına hörmətinin göstəricisi olmalıdır. Uşaq hüquqlarına hörmət isə hər bir hüquqi və fiziki şəxsin əsas vəzifələrindən biridir”.


“O uşaqlar komandanın azyaşlı futbolçularıdı”

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də uşaq əməyinin istismarına qarşıdır: “Həmin hadisə idman saytlarında mənim də qarşıma cıxıb. Şəkillərini də görmüşəm. Biz dərhal rəhbərliyə də bildirmişik və bu barədə tədbir görülüb. Hansısa bir oyunda olmuşdu, amma yadimda deyil hansı oyun idi. Hər oyunda olduğu kimi, həmin vaxtda da təyin olunan AFFA nümayəndəsi orda olub. O uşaqlar komandanın azyaşlı futbolçularıdı. Təbii ki, çox gənc uşaqlardan istifadə etmək olmaz. Çünki azyaşlı uşaqların futbolçunu kənara çıxarmağa gücləri catmaz. Digər bir tərəfi də var ki, gücəri çatmayıb xərəyi əllərindən sala bilərlər, nəticədə zədələnmiş oyunçu ikinci dəfə zədə ala bilər. Ən azı 17-19 yaşlı futbolçular olmalıdı xərəyi daşıyanlar. Oyunlardan əvvəl keçirilən iclaslarda bu məsələnin qabardılmasını tövsiyə etmişik ki, diqqətdə saxlasınlar və ikinci dəfə təkrarlanmasın”.

Ana səhifəXəbərlərAzərbaycan futbolunda uşaq əməyi