“Qarabağ” çempion elan edildi, ölkə kubokunun qalibi müəyyənləşmədi”
AFFA İcraiyyə Komitəsi 11 nəfər lehinə, bir nəfər əleyhinə olmaqla 2019-2020-ci il futbol mövsümü üçün Azərbaycan çempionatının vaxtından əvvəl bitməsi barədə qərar qəbul edib.
Komitənin iclası iyunun 18-də “online” rejimdə keçirilib.
Çempionatın bitmə şərtləri:
Çempionatın bitməsinə 8 tur qalmışdı. Qərara əsasən, çempionatın dayandırılması zamanı klublar yerləşdikləri mövqelərdə təsdiqləniblər. Bununla da “Qarabağ” klubu çempion elan edilib. Gümüş və bürünc mükafaçılar isə “Neftçi” və “Keşlə” klubları olublar. Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və dördüncü yerin sahibi “Sumqayıt” təmsil edəcək.
Eyni zamanda, Azərbaycan kuboku isə qalibsiz bitib. Belə ki, qalib müəyyən edilməsi üçün yarımfinal və final oyunları keçirilməyəcək.
Qərara səbəb olan proseslər:
Koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da futbol çempionatı mart ayında dayandırıldı. Sonradan koronavirusdan ən çox əziyyət çəkilən ölkələrdə belə iyun ayından etibarən futbol turnirləri bərpa edildi. Belarusda isə ümumiyyətlə çempionat dayandırılmamışdı. UEFA milli federasiyalara avqustda Avropa Kuboklarının bərpa ediləcəyi barədə xəbərdarlıq etdi və hər bir federasiyanın çempionatı davam etdirib və ya dayandırması barədə qərar verməsini tələb etdi. Bir çox aparıcı futbol ölkələrində iyun ayından etibarən çempionatlar azarkeşsiz olmaq şərtilə bərpa edildi. Təkcə Fransa öz milli çempionatının vaxtından əvvəl, yarımçıq bitirdiyini bildirdi. Azərbaycanda iyunun 21-dən çempionatın bərpa edilməsi barədə qərar verilmişdi. Amma bu, həftəsonu günləri üçün sərt karantin rejimi qərarından əvvəl idi. Bu səbəbdən bir sıra klubların nümayəndələri çempionatın davam etdirilməsinin mümkünsüz olduğunu bəyan etdilər. Onlar bildirdilər ki, futbolçuların iki gün evdə qalıb, heç nə etməməsi və sonradan həftədə iki dəfə oyuna çıxması mümkün deyil.
Bir sıra mütəxəssislər sosial şəbəkələrdə belə bir qərarın səhv olduğunu bəyan etdilər. Bu mövqedə olanların əsas arqumentlərindən biri Azərbaycan klublarının yeni Avrokubok mövsümü üçün oyun praktikasının olmamasıdır. Onlar qeyd edirlər ki, çempionatı bərpa edilmiş klublarla oyunlar Azərbaycan komandaları üçün çətin olacaq. Belə ki, həmin klublar Azərbaycan komandalarından fərqli olaraq Avrokuboklara oyun praktikası ilə gələcəklər.
“İcraiyyə Komitəsinin qərarına müsbət yanaşmıram”
İdman jurnalisti Rəşad Ergün:
“Avropa ölkələrinin futbol klubları büdcələrini zamanında yayım hüququ və azarkeşləri vasitəsilə formalaşdırıblar. Azərbaycanda vəziyyət fərqlidir. Adətən may ayında mövsüm bitirdi. Klubların büdcələri də bir illik nəzərdə tutulur, yəni maya qədər filan qədər vəsait istifadə edə bilərlər. Bu dəfə vəziyyət başqa cür oldu. Klublar da büdcələrindən kənara çıxmaq istəmirlər. Bildiyimə görə, 8 klubdan 6-sı çempionatın başa çatdırılmasının tərəfdarı olub. Səbəb büdcə imiş. Amma mən İcraiyyə Komitəsinin qərarına müsbət yanaşmıram. İcraiyyə Komitəsi pandemiyanı əsas götürür. Bu gün nəqliyyatda insanların maskasız olması heç kimə sir deyil. Azərbaycan futbol meydanlarına onsuz da azarkeş də gəlmir. Hətta deyərdim, ən təhlükəsiz yer stadionlardır. Belə olan halda hansı təhlükədən danışmaq olar? Sadəcə, klubların büdcələrinə zərər olmasın deyə İcraiyyə Komitəsi belə qərar qəbul etdi. Bir ehtimal da var. O da Azərbaycan futbol klublarının əksəriyyəti dövlət hesabına maliyyələşdiyindən, hökumət əlavə xərc olmasın deyə belə bir tapşırıq verə bilər. Komandalara məşq etmək icazəsi verilib və klublarımız yoxlama oyunları keçirdə biləcəklər. Ümumi bəla olduğuna görə sabah Azərbaycan klubu Lüksemburq komandasıyla qarşılaşsa, o da hazırlıq baxımından eyni durumda olacaq. Əgər koronavirus yalnız Azərbaycanda olsaydı, o zaman hazırlıq problemindən danışa bilərdik”.