XİN onların Lvova köçürüldüyünü deyir
Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatlarının Kiyev şəhərindən Lvov şəhərinə köçürüldüyü bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova martın 3-də açıqlama yayaraq Kiyevi tərk etdiyini bildirmişdi.
Martın 6-da Rusiyanın hava zərbələri nəticəsində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluq binasının ciddi dağıntılara məruz qaldığı deyilir.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.