Elmira Axundova: “Mən yalnız səfir deyil, həm də qadınam”

Source: Azərtac

Səfir onu fəaliyyətsizlikdə ittiham edənləri qınadı

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bəyanat yayıb.

Səfir sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlara, həmçinin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar fonunda oradakı azərbaycanlıların təxliyəsi ilə bağlı yaranan problemlərə aydınlıq gətirib.

Martın 1-də Xarkovun Dəmiryol vağzalında olan azərbaycanlılar sosial şəbəkələrdə paylaşım edərək bildiririblər ki, səfirliyin və digər aidiyyəti qurumların onların təxliyəsi ilə məşğul olmur.

Səfir qeyd edib ki, Ukraynada müharibə başlayandan dərhal sonra ölkədən çıxmaq istəyən azərbaycanlıların siyahısı tərtib olunaraq Kiyev və Xarkovdan təxliyəyə başlanılıb.

Səfir həmçinin bildirib ki, “qaynar xətt” 24 saat işləyir, artıq minlərlə insan xilas edilib və daha təhlükəsiz yerlərə yönləndirilib.

Bəyanatda qeyd olunur ki, Kiyevdən təxliyənin təşkilində Diasporla İş üzrə Dövlət Komitəsi, Ukrayna Azərbaycanlıları Radası, Ukrayna Azərbaycanlılarının Kiyev Təşkilatı iştirak edir.

“Məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər. İki ay əvvəl keçirdiyim onurğa əməliyyatı ilə bağlı müəyyən problemlərə baxmayaraq, eyni fədakarlıq və məsuliyyətlə Kiyevdə fəaliyyətimi davam etdirdim”, – səfirin bəyanatında deyilir:

“Mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz, hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik”.

Bəyanatda deyilir ki, hamının evakuasiyasını bir anda təşkil etmək mümkün deyil. Kiyevdəki səfirlikdə sutkada 24 saat mümkün olduğu qədər çalışan kişi diplomatlar və mühafizə əməkdaşları qalıb:

“Mənə və öz ailələrini təxliyə edərək Ukraynanı tərk edən digər əməkdaşlara gəldikdə, onlar vəziyyət imkan verdikdə geriyə qayıdacaqlar. Mən də həmçinin. Buna şübhəniz olmasın. Hər kəsdən mənə qarşı layiq olmadığım kampaniyanı dayandırmağı xahiş edirəm. Mənə indi tək fiziki deyil, həm də mənəvi cəhətdən çətindir: anamın vətəni od içindədir, qohumlarım da daxil olmaqla, artıq mənə yaxın olan bir neçə şəxs xəsarət alıb”.

“Dua edirəm ki, hər iki tərəfdən minlərlə əsgər və zabitin həyatına son qoyan bu qəddar və mənasız müharibə tezliklə başa çatsın. Ukraynada humanitar fəlakət başlayıb. Bunun da nəticələri təkcə ukraynalılar və ya ruslar üçün deyil, bütün Avropa üçün dəhşətli ola bilər”, – Elmira Axundova bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) martın 4-də olan məlumatına görə, azərbaycanlıların Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya ərazisinə keçidi davam edir.

“Ukraynada hərbi əməliyyatların başlanmasından quru yolla qonşu ölkələrdən Moldovaya 6 min 500 nəfər, Polşaya 770 nəfər, Rumıniyaya 318 nəfər, Slovakiya 60 nəfər, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub”, – XİN-nin məlumatında bildirilir.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ana səhifəSiyasətElmira Axundova: “Mən yalnız səfir deyil, həm də qadınam”