Azərbaycan bir gündə iki tarixçini itirdi

Aydın Balayev və Fəridə Məmmədova, Foto: https://science.gov.az/az

Fəridə Məmmədova və Aydın Balayev vəfat edib

Dekabrın 8-də Azərbaycanın iki tarixçisi vəfat edib, albanşünaslıq üzrə alim Fəridə Məmmədova və XIX əsrin sonu XX əsrin əvvəllərinin araşdırmaçısı Aydın Balayev.

Fəridə Məmmədovanın vəfatı haqda məlumatı AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

AMEA-nın müxbir üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı Fəridə Məmmədova 1936-cı ildə Şirvan şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Ardınca 1962-1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub. F.Məmmədova qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi. Alim 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 2001-ci ildə AMEA müxbir üzvü seçilib.

F.Məmmədova tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş büyük knyazlar – Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb. O cümlədən, F.Məmmədova Albaniyada xristianlığın erkən yayılması səbəblərini, Alban kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarıb, Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirib.

Aydın Balayev 1956-cı ildə Bakı şəhərində doğulub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. 1982-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyirdi.

A.Balayevin “Этноязыковые  процессы среди национальных груп Азербайджана”, “Азербайджанское национальное движение в 1917-1918 гг.”, o cümlədən Əhməd bəy Ağaoğlunun və Məmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətini əhatə edən əsərləri var.

Ana səhifəSosialAzərbaycan bir gündə iki tarixçini itirdi