Azərbaycan aclığın coğrafi sərhədlərinə yaxın ərazidə yerləşir

Ərzaq təhlükəsizliyinin təmini məsələsi müzakirəyə çıxarıldı

Source:


Ərzaq təhlükəsizliyinin təmini məsələsi müzakirəyə çıxarıldı

Aprelin 11-də “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi “Oxfam” təşkilatı ilə birgə “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış” mövzusunda konfrans keçirib.

Konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər.


“Ölkədə insanların qidasında karbohidratlar üstünlük təşkil edir”

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədr müavini Rövşən Ağayev dünyada ərzaq təhlükəsizliyi sahəsində baş verən tendensiyalardan danışıb. R.Ağayev ölkədə ərzaq təhlükəsizliyinin vəziyyətinə ümumi nəzər salıb, aqrar sektorun mövcud vəziyyəti və təmsil etdiyi təşkilatın bu sahədə gördüyü işlər barədə məlumat verib.

“Oxfam” təşkilatının proqram rəhbəri Orxan Əliyev isə təmsil etdiyi qurumun dünyada yoxsulluğun azaldılması istiqamətində gördüyü işlərdən danışıb, layihə barədə geniş məlumat verib, layihənin məqsədini, hədəflərini, nəticələrini və fəaliyyətlərini iştirakçıların diqqətinə çatdırıb.

Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev “Azərbaycanda ərzaqla təminatın mövcud durumu: problemlər və resurslar” mövzusunda təqdimat edib.

“İnsanların normal şəkildə yaşaması və fəaliyyət göstərməsi üçün ərzaq məhsulları ilə etibarlı təmin olunmalıdırlar. Normal qidalanma üçün gündəlik 2600 kkal tələb olunduğu halda 1800 kkal qidalanma aclıq həddi hesab olunur. Dünya Səhiyyə Təşkilatının (DST) normasına görə, zülalın adambaşına sutkalıq istehlakı 100 qram olduğu halda Azərbaycanda bu göstərici 2010-cu ildə 75,4 qram olub. Bu dövrdə yağların istehlakı 72,8 qram, karbohidratların istehlakı isə 460,5 qram olub. Halbuki DST normasında uyğun göstəricilər 75 qr və 425 qr təşkil edir. Yəni, ölkədə insanların qidasında karbohidratlar üstünlük təşkil edir” – deyə Nizami Qarayev bildirib.


Dünyada 852 milyon insan aclıqdan əziyyət çəkir

Aclığın coğrafiyasına diqqət yetirən təqdimatçının sözlərinə görə, dünyada 852 milyon insan aclıqdan əziyyət çəkir. Onların sayı son 10 ildə 18 milyon nəfər artıb. Aclıqdan əziyyət çəkən insanların 815 milyon nəfəri inkişaf etməkdə olan, 28 milyon nəfəri isə keçid dövründə olan ölkələrin payına düşür. 1,2 milyard adam gündə cəmi 1 dollarla yaşayır. Dünyada 5 yaşlı uşaqların 1/3-i lazımınca qidalanmadan əziyyət çəkir. Azərbaycan aclığın coğrafi sərhədlərinə yaxın  ərazidə yerləşir.

N.Qarayev kənd təsərrüfatına yararlı torpaq sahələrinin azalması, enerji daşıyıcılarının qiymətinin qalxması, dünya əhalisinin artımı (hər il 90 milyon), qlobal istiləşmə (hər 10 ildə temperatur 0.2-0.3 dərəcə artır) dünyada ərzaq çatışmazlığını şərtləndirən amillərdən olduğunu vurğulayıb.

Təqdimatçı deyib ki, zəif iqtisadiyyat, təbii resursların tükənməsi, istehsalın azalması, iri miqrasiyalar və s. amillər ərzaq təhlükəsizliyini daim təhdid edir.


Bahalıq məhsuldarlığı aşağı salır

Azərbaycanda fermer təsərrüfatlarının vəziyyətinə toxunan N.Qarayevin fikrincə, bir sıra amillər – əkin sahələrinin məhdudluğu, maddi texniki bazanın zəif olması, kredit təminatının aşağı olması gübrələrdən istifadənin zəif və birtərəfli olması, istehsal vastələrinin və xidmətlərin bahalığı son nəticədə məhsuldarlığı aşağı salır:



Avropa ilə müqayisədə Azərbaycanda məhsuldarlıq 2 dəfə azdır. Məsələn, Avropada pomidorun məhsuldarlığı 70-90 kq olduğu halda, ölkəmizdə bu göstərici 25-30 kq təşkil edir. Məhsuldarlığa mane olan problemlərdən biri də toxumun keyfiyyətsiz olmasıdır. Araşdırmalar göstərir ki, keyfiyyətli toxum məhsuldarlığı 30 faiz artırır.

Meyvə-tərəvəzdə ixrac imkanları olsa da, digər məhsullar üzrə idxaldan asılılıq var.

Əsas ərzaq məhsullarının fizioloji və istehlak normalarını müqayisə etsək, keçmiş SSRİ, Dünya Səhiyyə Təşkilatı (DST) və Azərbaycan istehlak səbətini qarşılaşdırdıqda vəziyyətin bizim əleyhimizə olduğunu görə bilərik. Ancaq çörək istehlakı norması üzrə DST normasını qarşılaya bilirik. Digər məhsullarda vəziyyət ürəkaçan deyil”.


“Buğda idxalının artması yaxşı hal deyil”

Millət vəkili Vahid Əhmədov isə vətəndaş cəmiyyətinin ərzaq təhlükəsiziyi problemlərinə son dövrlər diqqət ayırmasını müsbət qiymətləndirib:

“Ərzağın həcmi və onun keyfiyyəti vacib məsələdir. Buğda idxalının artması yaxşı hal deyil. Ərzaqla təminatının 80 faizə qədərini özü edə bilən dövlət təhlükəsiz hesab olunur. İldə 300 milyon manata yaxın vəsait müxtəlif fondlar tərəfindən kənd təsərrüfatına yönəldilir. Daxili bazarda geni dəyişdirilmiş məhsulların həcmi isə getdikcə artır. Buna yol vermək olmaz. Bəzi məhsullar üzrə hətta 80 faizə çatıb. Azərbaycan özünün ərzağa olan tələbatının 70-80 faizini təmin etməlidir”.

“Oxfam” təşkilatının Regional Ərzaq Təhlükəsizliyi Proqramının rəhbəri Yulia Yevtuşok



Ərzaq Süverenliyi: kənd təsərrüfatı və kənd inkişafı üçün dövlət siyasətləri” mövzusunda təqdimat edib. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi təkcə ərzaq təminatı deyil, həmçinin ərzağın müstəqilliyi məsələsidir.

“İstehsal olunan məhsul bazara uyğun olmalıdır. Fermerlər nə istehsal etdiklərini özləri müəyyənləşdirməlidir. Fermerlər məhsul istehsalında müstəqil qərar verməlidirlər. Keçmiş sovet ölkələrində məhsuldarlıq həmişə aşağı olub. Ancaq bu, o demək deyil ki, biz məhsuldarlıq dalınca qaçmalıyıq” – deyib Yulia Yevtuşok.

Yulia Yevtuşokun sözlərinə görə, Avropadakı məhsuldarlığa uyub onların tələsinə düşmək olmaz: “Avropa fermerləri kifayət qədər əziyyət çəkirlər. Çünki onlar daha çox məhsuldarlığa fikir verirlər. Müştərilərin maarifləndirilməsi aparılmalıdır. Fermerlərin problemləri cəmiyyətə çatdırılmalıdır. Dünya Ticarət Təşkilatına daxil olanda bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki ölkə ucuz məhsullarla dolacaq, yerli istehsal isə sıradan çıxa bilər. Yerli istehsalı stimullaşdırmaq lazımdır. Toxum məsələsi də vacibdir. Yaxşı olardı ki, baha və keyfiyyətsiz toxum almaqdansa, ənənəvi üsullara keçək və ölkədə toxum istehsalını təmin edək. Hazırda Avropanın özündə də geni modifikasiya olunmuş məhsullara qarşı çağırışlar var”.


“İdxal kanallarını tam bağlamaq olmaz”

Müstəqil ekspert Günel Məlikzadə “Azərbaycanda qidanın keyfiyyətinə təminat sistemi: milli qanunevericiliyin  beynəlxalq standartlarla müqayisəli təhlili”mövzusunda təqdimat edib. O deyib ki, ərzağın keyfiyyəti və təhlükəsizilik göstəricisi olan və 2013-cü ildə hazırlanmış Qlobal Qida Təhlükəsizliyi İndeksinə görə, Azərbaycan qismən yaxşı ölkələr qrupuna daxil edilib.

Azərbaycanda qida təhlükəsizliyinin təşkilinə təsir göstərən amillərdən danışan G.Məlikzadənin fikrincə, ölkə qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Azərbaycanda qida təhlükəsizliyinin 6 dövlət qurumu tərəfindən aparıldığını bildirən çıxışçı həmçinin bir sıra ölkələrdən misallar gətirərək, ərzaq təhlükəsizliyi məsələsinin bir koordinasiya qurumu tərəfindən nəzarət olunmasının vacibliyini qeyd edib.

Dövlət standartlarına toxunan G.Məlikzadənin sözlərinə görə, hazırda QOST-ların istifadəsi Avropa bazarlarına çıxış imkanlarını məhdudlaşdırır və beynəlxalq standartlara uyğunlaşmaq ixrac potensialının artırılması üçün çox vacibdir.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə qeyd edib ki, dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə ərzaq istehsalı sürətlə artır. Onların qiyməti də paralel olaraq bahalaşır: “Son illər buğda 8 sentdən 25 sentə qalxıb. ABŞ kimi ərzaq idxal edən ölkə artıq ərzaq istehsalını artıraraq ixracatçıya çevrilir. Dünya əhalisi 1,3 faiz artır və ona uyğun ərzaq istehsalı artmalıdır. 20 il öncə 400 min ton idxal edirdi, indi 1,5 milyon ton edir. Tələbat 1,3 milyon tondur”.

Ekspertin fikrincə, Azərbaycanda heyvandarlığın inkişafı üçün yem bazası yaradılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar islahatları şöbəsinin müdir müavini Baxış Əhmədov

isə

dövlətin kənd təsərrüfatının inkişafı sahəsində gördüyü işlər və gələcək planlar barədə danışıb. Onun fikrincə, əhalinin ərzağa fiziki çıxış imkanları bir o qədər də məhdud deyil. İqtisadi çıxış imkanı gəlirlərlə bağlıdır. Əhalinin gəlirləri artdıqca qida rasionu artır.

Mütəxəssis hesab edir ki, idxal kanallarını tam bağlamaq olmaz. Çünki təbii fəlakət risklərini nəzərə almaq lazımdır. Suvarma sistemləri vasitəsilə riskləri azaltmaq olar. QHT-lər fermer təsərrüfatlatının maarifləndirməsi istiqamətində işləməlidir.

İqtisadçı Natiq Cəfərlin fikrincə, heç bir ölkə özünü tam ərzaqla təmin edə bilməz və bunun arxasınca qaçmaq olmaz. İqtisadçı subsidiyalaşma mexanizmlərinin dəyişməsini təklif edərək, əkilən ərazilərə görə yox, məhsulun keyfiyyətinə görə subsidiyalar verilməsini daha səmərəli üsul hesab edib. Bundan başqa, idarəetmə mexanizmi dəyişməli, fermerə bazara çıxış imkanı yaradılmalıdır.

İqtisadçı Məhəmməd Talıblı

da

hesab edir ki, ərzağın idxaldan asılılığı azaldılmalıdır. Onun fikrincə, burda söhbət təkcə iqtisadi təhlükəsizliyindən yox, həmçinin genefond problemindən gedir. İqtisadçı böyük həcmdə kreditinin kənd təsərrüfatına ayrıldığını vurğulayaraq, bunların səmərə vermədiyini bildirib.

Ana səhifəXəbərlərAzərbaycan aclığın coğrafi sərhədlərinə yaxın ərazidə yerləşir