Azər Qasımlı: Yeni platforma ideyası ABŞ və Avropa Birliyinə qarşıdır

“Əlbəttə, ideyanın altında olan məsələ bölgənin demokratikləşməsi, “Şərq Tərəfdaşlığı Proqramı”nda üç ölkənin iştirakı, irəlidədə Avropa Birliyi ilə yaxınlaşmaq üçün Assosiativ Sazişlərin imzalanması dayanır”.

Source: google.az


Elxan Şahinoğlu: "Kreml əməkdaşlıq naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil"

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə “Qafqaz sülh platforması”nın yaradılması ideyası ilə çıxış edib.

Qonşu ölkənin prezidenti hesab edir ki, platforma Qafqaz ölkələri, xarici aktorlar və beynəlxalq təşkilatları bir araya gətirə bilər: “Bu platforma birgə infrastruktur, iqtisadi və mədəni layihələrin həyata keçirilməsini asanlaşdıra bilər, həmçinin bölgənin nəqliyyat, kommunikasiya və energetika habı rolunu oynaması üçün potensialını gücləndirə bilər”.

O bildirib ki, bölgədə yeni reallıqları nəzərə alaraq Gürcüstan tarixi rolunu bərpa edərək Qafqazda birləşdirici funksiyasını yerinə yetirməlidir.

Dekabrın 10-da Bakıda olan Türkiyə Prezidenti R.T.Ərdoğan və Azərbaycan dövlət başçısı İlham Əliyev 6 dövlətin iştirakı ilə bir əməkdaşlıq platforması yaradıla biləcəyini söyləyib.

Türkiyə dövlət başçısı ideyanın Rusiya Prezidenti Vladimir Putinin də qəbul etdiyini bildirib: “Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistan da bu əməkdaşlıq platformasında yer ala bilər. Beləliklə, bu platforma ilə bir regional barışı təsis edə bilərik. Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var. Bunun üst və alt infrastruktur, siyasi, diplomatik və digər bir çox vəzifələri ortaya çıxır. Mən bu gün də qardaşıma söylədim. Əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də qapalı sərhədlərimizi açarıq. Amma yetər ki, bu müsbət addımlar atılmış olsun”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ideyanı region üçün faydalı sayıb. Amma Ermənistanın təklifə müsbət yanaşacağını indidən söyləməyin çətin olduğunu əlavə edib: “Əvvəla, rəsmi Yerevan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İkinci, Dağlıq Qarabağ müstəqilliyi ideyasından qurtulmalıdır. Əslində, ağır olmayan bu şərtlərdən əl çəkərlərsə, regional layihələrə də qoşular, diplomatik münasibətlər də qurular. Doğrudur, Ermənistanda müharibədən sonra “Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı olar” səsləri eşidilməyə başlayıb. Hətta Ermənistanın sabiq dövlət başçısı Ter-Petrosyan ölkəsinin Türkiyə və Azərbaycanla düşmənçiliyi onları uçuruma apardığını deyirdi. Ancaq erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Ona görə Ermənistanın bu platformaya qatılacağına şübhələrim qalır. Daha çox narahat doğuran məqam Dağlıq Qarabağda təxtibatların hələ davam etməsidir, separatçıların lideri Moskvaya çağrılır, Ermənistanın müdafiə naziri Xankəndinə gəlir. Bəli, əməkdaşlıq formatı yaxşı ideyadır, amma təxribatlara son qoyulmalıdır. Ondan sonra Gürcastan prezidentinin təklifini müsbət şəkildə müzakirəyə çıxartmaq olar”.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu təklif edilən əməkdaşlıq formatında Ermənistandan çox Gürcüstanın hansı qərar verəcəyini düşünür:

“Əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Ermənistanla yanaşı Gürcüstan da sual altındadır. Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Ancaq Kreml 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil. Gürcüstanın isə işğala göz yumub Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir. Rusiya Gürcüstanın ilkin şərt irəli sürmədən Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin təklif etdiyi formata qatılmasını istəyərdi, ancaq rəsmi Tbilisinin buna razılaşmasının ehtimalı azdır”.

Elxan Şahinoğlu düşünür ki, Ermənistan və Gürcüstan kənarda qalsa belə, dördlü format (Türkiyə, Azərbaycan, Rusiya və İran) əsasında əməkdaşlıq formatı yaratması – ortaq layihələr reallaşdırması mümkündür:

“Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb”.

Azər-Qasımlı1-e1578473633700.jpg
Azər Qasımlı

Politoloq Azər Qasımlı Gürcüstan dövlət başçısının təklifinin reallaşmasının Ermənistandan asılı olduğunu düşünür:

“Söhbət Cənubi Qafqaz platformasından gedirsə, orada Ermənistan da olmalıdır, əks təqdirdə ideyanın bir mənası qalmır. Həm də bu platforma geopolitik təklif deyil. Əsas məqsəd Cənubi Qafqaz respublikaları arasında münasibətləri yaxşılaşdırmaq, gömrük, siyasi, mədəni sahələrdə yaxınlaşmaq. Əlbəttə, ideyanın altında olan məsələ bölgənin demokratikləşməsi, “Şərq Tərəfdaşlığı Proqramı”nda üç ölkənin iştirakı, irəlidədə Avropa Birliyi ilə yaxınlaşmaq üçün Assosiativ Sazişlərin imzalanması dayanır. Yəni perspektiv üçün yaxşıdır, sadəcə, ilkin mərhələdə münasibətləri yaxşılaşdırmaq dayanır. İkinciyə – platformaya gəldikdə, Rusiya və İranı əhatə etdiyi üçün daha genişdir, ancaq əsas qayəsi bölgənin problemlərini kənar yox, bölgə dövlətlərinin həll etməsidir. Söhbət ABŞ və Avropa Birliyinin bölgəyə buraxmamaqdan, iqtisadi-hərbi və siyasi təsirlərini minimuma endirməkdən, yaxud neytrallaşdırmaqdan gedir. Yəni bu platforma Qərbə qarşı yaradılır. Bölgənin problemlərini Rusiya, Türkiyə və qismən İran vasitəsilə həll etməyi vacib sayırlar”.

Ana səhifəSiyasətAzər Qasımlı: Yeni platforma ideyası ABŞ və Avropa Birliyinə qarşıdır