”Azər İsmayılovu məhkəməyə verəcəyik”

Məktəb direktorunun ölümündə aparıcı günahlandırılır

Source:
Telman Qardaşov və aparıcı Azər İsmayılov
Telman Qardaşov və aparıcı Azər İsmayılov


Məktəb direktorunun ölümündə aparıcı günahlandırılır

Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktoru Telman Qardaşov dünyasını dəyişib. Mərhumun ailəsi ölümə səbəb kimi ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun məktəbdə çəkiliş aparmasını görür. Ailə üzvləri “musavat.com”-a bildirib ki, veriliş efirə getdikdən sonra direktorun səhhəti pisləşib.

Telman Qardaşovun qızı deyir ki, buna görə Azər İsmayılovu məhkəməyə verəcəklər: “O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir”.

Telman Qardaşovun iş yoldaşları isə deyir ki, dünən günorta saatlarında məktəbə iki valideyn gəlib. Onlar direktorla mübahisə ediblər. Mübahisənin səbəbi məlum deyil. Ancaq o məlumdur ki, bu mübahisədən sonra director dünyasını dəyişib.

Azər İsmayılov isə deyilən ittihamları rədd edir. O, “istipress.com”-a deyib:

“Onun ölümünün mənə nə aiddiyyatı? Niyə məni belə məsələlərə görə narahat edirsiniz? Mənim heç nədən xəbərim yoxdur. Adım bu işdə niyə hallanır? Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı? Olmaz axı belə. Mənasız işlər üçün saytlar niyə qaşınır? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır mən günahkar olacağam?”

ATV telekanalı da məsələ ilə bağlı açıqlama yayıb: “Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri bizi dərindən kədərləndirdi. Hər insan ölümü kimi bu ölüm hadisəsi də məyusedicidir. Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik. Ünvanımıza yönəldilən ittihamı isə kökündən qərəzli və absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbirlə qarşılayırıq.

Bəli, deyilən tarixdə məktəbdə çəkiliş aparmışıq və 11.01.2017-ci il tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da… Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı.

Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı şəhər Təhsil İdarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə açıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun olmadığını bildirib.

Məlum verilişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. İctimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik və qətiyyən də olmaq istəmirik”.

Ana səhifəXəbərlər”Azər İsmayılovu məhkəməyə verəcəyik”