Faiq Əmirlinin məhkəməsi davam etdirilir
İyunun 12-də Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə “Azadlıq” qəzetinin iki əməkdaşı – redaktoru Sücəddin Şərifov və müxbiri Vidadi Məmmədov şahid qismində dindiriliblər. Vidadi Məmmədov deyib ki, bibisigilin evini satması haqda elanı qəzetdə yerləşdirdiyinə görə Faiqin həbsindən sonra prokurorluğa çağrılıb dindirilib. Soruşublar ki, həmin elana görə nə qədər pul ödəyib: “Mən də cavab verdim ki, ümumiyyətlə, pul ödənilməyib”.
Redaktor Sücəddin Şərifov isə həkim məsləhəti ilə bağlı elana görə dindirilib. Onun sözlərinə görə, Süleyman Cəbrayılov adlı həkim zəng edərək, göstərdiyi tibbi xidmət haqda yazılarının, elanının qəzetdə yerləşdirilməsi üçün kömək istəyib: “2010-cu ildə seçki ərəfəsində deputatlığa namizədlərin birləşdiyi İctimai Palata adlı qurum yaradılmışdı. Həkim mənə dedi ki, o da İctimai Palatanın üzvüdür. Mən də kömək elədim”.
Sənədlərinin itməsi haqda xəbər yerləşdirmiş Samir İsgəndərov, kosmetoloq xidmətləri haqda reklam verən Sevda Muradova, “Azadlıq”da təşkilatı haqda elan yayımlamış vəkil Cavanşir Süleymanov və digərləri də məhkəmədə dindirilib.
Faiq Əmirlinin vəkili Aqil Layıcov Samir İsgəndərovdan sənədlərin itməsi haqda elana görə Faiq Əmirliyə pul verib-verməməsini soruşub. Şahid deyib ki, 15-20 manat pul verib. O, pulu “Azərbaycan” Nəşriyyatında qapıda dayanan polisə verdiyini deyib:
“Mən Faiq Əmirlini tanımıram və ona pul verməmişəm”.
Məhkəmədə “Qaya”, “Qasid”, “Press-Elita” mətbuat yayımı firmalarının məsul şəxsləri də dindirilib.
“Qaya” yayım firmasından Sokrat Süleymanov deyib ki, qəzetin satılan nüsxələrinə görə əldə olunan vəsaitin 35-40 faizi onlara qalırdı.
“Qasid” ASC-nin sədr müavini Ağaəli İsmayılov “Azadlıq”ın satılan nüsxələrinə görə qəzetə 67 min manat borclu olduqlarını təsdiqləyib.
Məhkəmə iyunun 19-da davam edəcək.
F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.
Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.
Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.