”Azadlıq” qəzeti: Tək qalmışıq

“Etiraf edim ki, qəzetin bağlanması xəbərini mən oxucudan aldım”- “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli deyir.

Sentyabrın 5-dən “Azadlıq” qəzeti nəşrini dayandırıb. Qəzetin rəhbərliyi maliyyə problemlərinə görə bu addımı atmağa məcbur olub.  Qəzet “Azərbaycan” Nəşriyyatına  20 min manat borcludur. Borc qaytarılmadığına görə nəşriyyat qəzeti çap etməkdən imtina edib. Qəzetin tarixində bir neçə dəfə  nəşrini dayandırmaq qərarı olub. Amma bu dəfə fərqlidir. “Bankda Faiqin imzası idi. O həbs olunandan sonra bank əməliyyatları apara bilmirik. Bir neçə gün əvvəl banka müraciət etdik ki, imza dəyişilsin. Ona da razılıq vermədilər. O istiqamətdə də danışıqlar gedir. Güman edirik ki, əgər xüsusi siyasi sifariş çoxdursa, bankda problem olmayacaq, imza təsdiqlənəcək. Yayımlardan bank hesabımıza gələn pulu götürüb borclarımızın müəyyən qismini ödəyəndən sonra fəaliyyətimizə yenidən davam edə biləcəyik”.

Hər gün redaksiyaya gələn işçilər indi hər gün istintaqa ifadə verməyə gedirlər. “Azadlıq” qəzeti bağlanandan qəzetin üç əməkdaşı Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.  İfadə verənlərdən redaktor Sücəddin Şərifov deyir ki, ondan qəzetin həbs edilən yayım direktoru Faiq Əmirlinin işi ilə bağlı soruşublar.

Qəzetin bağlanması ofisə edilən zəngləri çoxaldıb. Oxucular hər gün zəng edib qəzetin nə vaxt çıxacağını  soruşurlar.

“Azərbaycan” Nəşriyyatının mətbuat katibi Yeganə Qasımova deyir ki, qəzet borcunu ödəsə, çapı bərpa olunacaq.

Gecə düşür. Baş redaktorun birinci müavini  Rahim Hacıyev bu dəfə qəzeti təhvil vermədən redaksiyanı bağlayıb getməyə hazırlaşır. Amma qapı bağlanmır. Qəzetin əməkdaşı Vidadi Məmmədov replika atır ki, əgər  qəzetin baş redaktoru “Azadlıq”ı bağlaya bilmirsə, demək heç kim bağlaya bilməz.

Ana səhifəVideo”Azadlıq” qəzeti: Tək qalmışıq