Az qalıram, sinəmə plakat yapışdıram…

Onların fəlsəfəsi burda keçmir…

Source:

Bu dəfəki bloqumda havalar isinəndən hər gün saat 18.00-19.00-dan sonra gəzişdiyim stadion və onun ətrafından yazmağa qərar gəlmişəm. Söhbət binamızın yaxınlığında yerləşən əsl asfalt futbol stadionundan gedir. Mən həmin stadionu və onun ətrafını çox sevirəm. Orda dolaşarkən özümü bir başqa xoşbəxt hiss edirəm. Evimizdən çıxanda elə hisslər yaşayıram, sanki qəşəng qızla görüşə gedirəm. Qız demişkən, həqiqətən orda mənə çoxlu qəşəng qız görmək xoşbəxtliyi də bəxş olur. Mübaliğəsiz qəşəng qızlar. Elə bil, romantik romanlarda oxuduğum Paris küçələrində gəzişən madmuazelləri görürəm onları görəndə.

O gün qız dostum gəlmişdi məni görməyə. Onu da apardım həmin bizim stadiona. Qızın o qədər xoşuna gəldi ki, bura, dedi “Elə bil, bura Əhmədli deyil”..

Səbəbini soruşdum. O, bu ifadəsini onunla izah etdi ki, bura sanki şəhərin mərkəzidir. İnsanlar çox sərbəst və öz kefindədilər. İlk dəfə burda olan dostum heç yanılmırdı və onun bu cür şaşırması təbii idi. Ətrafdan mədəniyyət saçır. Mən yazdıqca siz təsəvvür etməyə çalışın. Bəhs ediyim məkanın ətrafı 3 məktəb və 2 uşaq bağçası ilə örtülüdür. Mədəniyyəti yaradan əsas təməllər var olandan sonra onun ətrafa saçdığı şeylər də əlbəttə mədəni olacaq. Burdakı təhsil ocaqları hələ tam defornmasiyaya uğramayıb və çox gümankı yaxın gələcək üçün uğramayacaq da. Çünki, bu ətrafda mədəniyyət çoxdan oturuşub.

Hər gün stadion və onun ətrafına yüzlərlə insan gəlir mənim kimi gəzməyə. Stadionu özünü ən çox arıqlamaq və özlərini formada saxlamaq istəyən onlarla şəxslər qaçmaq və surətlə yürüş edən şəxslər istifadə edirlər. Onların çoxunu qadınlar təşkil edir. Bunu çox qiymətləndirir və təqdir edirəm. Gələn kimi çox vaxt stadiona girirəm. Hamı Məkkədə Kəbə evini dövriyyə ritualını yerinə yetirirmiş kimi, eyni istiqamətə doğru hərəkət edir. Mən isə onlar gələn tərəfə istiqamət götürürəm. Axının əksinə getməyi sevirəm. Orda yüksək surətlə hərəkət edən insanları dənizdə üzərimə gələn çılğın dalğalara bənzədirəm.

İllərdir, orda qaçan xanımlara baxıb, fitnes prizmasından baxaraq yüksək müşahidələr aparıram.  Çox az qism, yəni təxmini 25-30 faiz o qaçış və yürüyüşlə normal nəticələr əldə ediblər. O biri qadınlar isə elə neçə ildir eyni qabaritləri ilə süzürlər stadionu. Bilirsiniz, niyə? Çünki yürüyüşdən evə gedən kimi basıb, nə gəldi, yeyirlər. Bunu özümdən uydurmuram. Bir neçəsinin dilindən duymuşam. Və ən əsası təkcə yürüyüşlə arıqlamaq və yaxşı forma əldə etmək olmaz! Mütləq düzgün və rejimli qida rasionu və yürüşdən savayı idman hərəkətləri olmalıdır.

Hərdən istəyirəm dalğanın üstünə gedəndə, flashmob edim. Köynəyimin üstünə “Evə gedəndən sonra, az yeyin!”yazıb, onların diqqətini çəkim. Sonra düşünürəm ki, yığışıb, məni çırparlar. Hərdən gülməli hadisələrlə də qarşılşıram orda. Qaçanların uyğunsuz qiyafəsi və hərəkətləri ilə. Məsələn, o gün bir xanım klassik geyimdə sürətlə “kruqlayırdı” stadionu. Xalaoğlu ona işarə edib, dedi ki, ”Bax, məktəbin katibəsidir. Dərsdən çıxıb, birbaşa yürüşə gəlib”. Xalaoğlu gülməsəydi, dediyinə inanacaqdım. Keçən dəfə də bir kişi gördümki, əməlli-başlı qaçır. Yaxınımdan keçəndə gördüm ki, damağında siqaret var. Siqareti bəlkə də olimpiya məşəli kimi daşıyır damağında. Onu görəndə dövlət himninini oxumamaq üçün özümü güclə saxladım. Nə isə, bütün orda qaçıb, zəhmət çəkən toppuş xanımlara və bəylərə uğurlar arzu edirəm.

İlk dəfə bir neçə il əvvəl burda dolaşmağa gələndə, bütün baxışlar üzərimə yüklənmişdi. Yaşlı qadınlardan bəzisi məni belə görüb, sinələrinə əllərinə çırpırdılarki, “Gül kimi oğlandır, əlil arabasındadır. Can bala, can” və s. Özümü güclə saxlayırdım ki, əsəblərim partlamasın. Yoxsa deyərdim, “Xala, gül zibilxanada da, bataqlıqda da bitir”. Əvvəl çox sıxılırdım olanlara görə. Daha sonra həmin axmaq və yazıq baxışları vecimə almamağa başladım. Həmin baxışlara gülümsəməklə və başla, dilucu, astadan salam verməklə cavab verdim. Və xeyri oldu. Ordakıların mənim kimi onlar üçün çox fərqli birinin var oluşuna alışdılar. İndi stadiona bir-iki gün düşməyim, tanışlar-qonşular narahatlıqların ifadə edir, niyə görsənmədiyimin səbəbini soruşurlar.

İndi buralar əvvəlkindən daha xoşuma gəlir. Bir gün orda olmayanda darıxıram. O gün atam binamızdan həyətə düşürtdü məni. Dedi, bəlkə bu gün getməyəsən stadiona. Buralarda, binamızın ətrafında dolaşasan. Dedim, bu gün əsəblərim gərgindir. O üzdən, lütfən, məni yola sal, gedim stadiona. Maşın yolunu keçməyimə də kömək etdi, sonra özüm getdim stadiona. Qulaqlıqda sevdiyim musiqilərin təranələri altında girdim sevdiyim məkana. Futbol oynayan, balaca tokla işləyən maşınlar və velosiped sürən az yaşlı uşaqların gülümsəyən üzləri qəlbimə xoş hisslər yaşatdı. Ətrafda yeniyetmə və cavan qızlar volleybol oynayıb, şənlənirlər.

Kənarda əlavə bir dənə də futbol stadionu da var. Orda həmyaşıdlarım futbol keyfindədilər. Evli cütlüklər, qoşa-qoşa, ayrı-ayrı gəzən qızlar və oğlanlar, yanlarında az yaşı olan körpəyə və smartfon telefonlara baxan cavan anaların xoşbəxt siması özümü Avropada kimi hiss etməyimə səbəb olur. Burda qısa ətək geyinən çoxlu qız var və kimsənin onlara ilişdiyini görməmişəm. İnsanlar bir-birinə hörmət edir. Qaqa təfəkkürlü oğlanlara hərdən rast gəlirəm. Onlar da yaxşı bilirlər ki, öz  “fəlsəfələri” bu mədəni məkanda keçə bilməz. Burda uşaqdan çox cavanlar velosiped sürür. Hətta orta yaşlılar da var aralarında.

Bəzən elə zənn edirəm ki, Fransadakı Paris-Velo-Trans-ı canlı izləyirəm. Yəni maşallah o qədər çox velosiped istifadəçisi var. O gün gecə dostlarımla sağollaşandan sonra, qərara gəldim yenə tək dolaşıb gecə stadionu. Düşüncələrim qarışıq və bir az əsəblərim gərgin idi. Məktəbin yanında dayanıb, təfəkkür edirdim səmadakı aya və səmaya baxa-baxa. Sonra göydən başımı ayırıb, yerə baxanda yerdə bir ay parçası kimi qız gördüm. Tək-tənha stadionun ətrafında velosipedlə şütüyürdü. Ay parçasını seyr etməyə başladım. Uzaqdan onun gülümsəyən siması gərginliyimi aradan götürdü. Hələ yaxınlaşdıqca küləyin surəti hesabına açılan kapuşonun arasından yekə sinəsinin möhtəşəmliyi məndə stress filan qoymadı qalsın. Sağ olsun.

Hazırda Serbiyada yaşayan məhəllə uşağı dostumla burda görüş təyin edəndə, ikimizdən birimiz hansı burda olsa, deyirdik ki, “Təhrir meydanındayam”. Bura Misirin paytaxtı Qahirədə “Ərəb baharına” şahidlik etmiş “Təhrir” meydanın kiçik prototipinə bənzəyir. Havaların ən bürkü və isti olan vaxtı ən sərin yer stadiondur. Ətrafın hər tərəfdən açıq olmağı və stadionun nisbətən hündürdə olmağı buna səbəb verir. Əlil arabamda gedərkən artıq demək olar bütün infrastrukturu gözlərimlə tam mənimsəmişəm. Bilirəmki, harada arabamın əngəllərlə qarşı-qarşı gəlməsinə səbəb ola bilər və ya hansı yollar mənim üçün tam müəssərdir. Hətta hava lap küləkli olanda heç külək əsməyən kiçik məkanı da kəşf etmişəm.

Belə. Günümü keçirdiyim, əyləndiyim və sevdiyim məkan haqda bu qədər. Bütün ölkəmizin hər yerinin bu cür mədəni və əyləncəli yer olmasını arzusuyla, hər kəsə sevgilər!!!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAz qalıram, sinəmə plakat yapışdıram…