Azərbaycanda QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi üçün yeni əsaslar təklif olunur

İllüstrasiya ChatGPT ilə hazırlanıb

Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı qaydaların sərtləşdirilməsi, eləcə də fondların yaradılması üçün tələb olunan ilkin kapitalın artırılması təklif olunur.

Bu dəyişikliklər ölkədə müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin cinayət təqibi ilə üzləşdiyi və QHT-lərin fəaliyyət imkanlarının məhdudlaşdırıldığı bir dövrə təsadüf edir.

APA informasiya agentliyinin məlumatına görə, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

Layihəyə əsasən, yerli QHT-lərin, eləcə də xarici təşkilatların Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılması üçün yeni əsaslar müəyyənləşdirilir.

Bu əsaslara təşkilatların fəaliyyətlərində şəffaflığı təmin etməməsi, korrupsiyaya, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməməsi daxildir.

Bundan başqa, xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikləri ilə bağlanmış sazişin müddəti başa çatdıqda və onun uzadılması üçün müraciət edildikdə, həmçinin təşkilat rəhbərlərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişiklik edilmədikdə onların fəaliyyəti dayandırıla bilər.

Təklifə görə, bu hallarda QHT-lərin fəaliyyəti məhkəmə qərarı ilə deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək. Fəaliyyətin dayandırılmasına səbəb olan pozuntular aradan qaldırıldıqda təşkilatın fəaliyyəti vaxtından əvvəl bərpa edilə bilər.

QHT-lərin ləğvi üçün yeni əsaslar

Qanun layihəsi QHT-lərin məhkəmə qərarı ilə ləğv edilə biləcəyi halların da genişləndirilməsini nəzərdə tutur.

Hazırda qüvvədə olan qanuna görə, bir il ərzində təşkilata iki dəfədən çox yazılı xəbərdarlıq edildikdə və ya pozuntuların aradan qaldırılması barədə göstəriş verildikdə, müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə təşkilatın ləğvinə qərar verə bilər.

Yeni layihədə isə bu əsasla yanaşı, bir sıra başqa hallar da nəzərdə tutulur.

Bunlara QHT-nin fəaliyyətinin dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratması və ya insanların həyatı və sağlamlığı üçün real təhlükə törətməsi, təşkilatın ardıcıl üç il ərzində ümumi yığıncağının çağırılmaması və üç ildən artıq müddətdə fəaliyyət göstərməməsi daxildir.

Həmçinin fəaliyyətlərinin dayandırılmasına səbəb olan pozuntuları müəyyən edilmiş müddətdə aradan qaldırmayan və ya fəaliyyətlərinin dayandırıldığı dövrdə qanunla icazə verilən hallar istisna olmaqla fəaliyyət göstərən təşkilatların ləğvi təklif olunur.

Layihəyə əsasən, QHT-lər qanunla müəyyən edilmiş fəaliyyət növlərinə və ya öz nizamnamələrində göstərilən məqsədlərə uyğun fəaliyyət göstərmədikdə də ləğv edilə bilərlər.

Bundan başqa, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də QHT-lərlə bağlı qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb edildikdən və ya hədəfli maliyyə sanksiyaları tətbiq olunduqdan sonra pozuntuları aradan qaldırmayan təşkilatların ləğvi də mümkün olacaq.

Müstəqil QHT nümayəndələri həbsdədir

Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər son illərdə beynəlxalq insan hüquqları təşkilatlarının da diqqət mərkəzində olub.

QHT-lərin maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə başlanmış cinayət işi 2022-ci ildə dayandırılsa da, Baş Prokurorluq 2025-ci ilin fevralında istintaqı yenidən başladıb.

Bundan sonra beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edən bir sıra QHT nümayəndələri saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Onların arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Ubuntu Sosial İş Assosiasiyasının təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Seçkilərin Müşahidəsi Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) var.

Bu iş üzrə təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması və vəzifə saxtakarlığı kimi ittihamlarla üzləşirlər.

Asəf Əhmədov 8 il, Zamin Zəkiyev isə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bəşir Süleymanlı barəsində isə noyabrın 5-də keçirilən məhkəmə iclasında prokuror 9 il həbs cəzası istəyib. Onun işi üzrə növbəti məhkəmə iclası noyabrın 19-na təyin edilib.

Təqsirləndirilən QHT nümayəndələri ittihamları qəbul etmir və fəaliyyətlərinin qanuni olduğunu bildirirlər. Süleymanlı məhkəmədə təşkilatın aldığı vəsaitlərin hüquqi yardım və seçkilərin monitorinqi kimi fəaliyyətlərə xərcləndiyini deyib.

“Amnesty International”ın 2025-ci il üzrə hesabatında da Azərbaycanda müstəqil QHT-lərin və vətəndaş cəmiyyəti fəallarının ciddi məhdudiyyətlər, təqib və cinayət təqibi ilə üzləşdiyi bildirilir. Təşkilatın məlumatına görə, 2025-ci ildə QHT-lərlə bağlı yenidən başladılan istintaq çərçivəsində ən azı 50 vətəndaş cəmiyyəti nümayəndəsi şahid və ya şübhəli qismində dindirilib.

Avropa Şurası Parlament Assambleyasının 2026-cı il iyunun 1-də dərc etdiyi “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı hesabatında da müstəqil vətəndaş cəmiyyəti üçün vəziyyətin pisləşdiyi qeyd olunur. Sənəddə beynəlxalq maliyyələşməyə çıxışın məhdudlaşdırılması, QHT-lərin qeydiyyatı ilə bağlı problemlər və hüquq müdafiəçilərinin cinayət təqibinə məruz qalması ilə bağlı narahatlıq ifadə edilir.

Hesabatda seçki hüquqları müdafiəçisi və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi də xüsusi qeyd olunur. Parlament Assambleyası onun həbsinin siyasi motivli olduğunu bildirib. Azərbaycan hakimiyyəti isə bu iş üzrə ittihamları cinayət əməlləri ilə əlaqələndirir.

Fondların yaradılması üçün ilkin kapital artırılır

Qanun layihəsində QHT qismində yaradılan fondların nizamnamə kapitalına dair tələb də dəyişdirilir.

Hazırda fond yaradılarkən onun nizamnamə kapitalı ən azı 10 min manat olmalıdır. Təklif edilən dəyişikliyə əsasən, bu məbləğin 100 min manata çatdırılması nəzərdə tutulur.

Dəyişikliklər qəbul edilərsə, QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı prosedurlarda, eləcə də fondların yaradılması şərtlərində yeni qaydalar tətbiq olunacaq.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycanda QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi üçün yeni əsaslar təklif olunur