Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahılarına 145 fiziki və hüquqi şəxsi daxil edib. Siyahıya Rusiyanın neft daşımalarında istifadə etdiyi “kölgə donanması” ilə əlaqəli şirkətlər və şəxslər, banklar, maliyyə qurumları, eləcə də dezinformasiya fəaliyyəti ilə əlaqələndirilən şəxslər daxildir.
Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra bu barədə məlumat verib.
Onun sözlərinə görə, yeni sanksiyalar Rusiyanın onlayn ticarət platforması “Wildberries”in rəhbəri Tatyana Kimə də şamil olunur. Sankt-Peterburqdakı neft terminalı da məhdudiyyətlərə məruz qalıb.
“Reuters”in yaydığı məlumata görə, sanksiya siyahısına daxil edilən 145 şəxs və qurumla bağlı qərar Aİ ölkələrinin xarici işlər nazirlərinin noyabrın 16-da keçirilən görüşündə təsdiqlənib. Bu, Aİ-nin 22-ci sanksiya paketi deyil, mövcud sanksiya rejimləri çərçivəsində siyahıların genişləndirilməsidir.
Aİ Şurasının rəsmi açıqlamasında Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə kömək edən 12 fiziki və 101 hüquqi şəxsə qarşı məhdudiyyətlərin tətbiq olunduğu bildirilir. Bu, 113 şəxs və qurum deməkdir. Onların arasında Rusiyanın 50-yə yaxın bankı və maliyyə qurumu, enerji sektorunda fəaliyyət göstərən şirkətlər, eləcə də kölgə donanması ilə əlaqəli qurumlar var.
Bundan əlavə, Aİ Rusiyanın sabitliyi pozan fəaliyyətləri və dezinformasiya kampaniyaları ilə əlaqələndirilən 30 fiziki və iki hüquqi şəxsə qarşı da sanksiya tətbiq edib. Bu iki qərar birlikdə 145 yeni sanksiya təyinatını əhatə edir.
22-ci sanksiya paketinin müzakirəsinə isə bu həftə başlanması gözlənilir. “Reuters”in məlumatına görə, Avropa Komissiyası yeni paketi noyabrın 26–27-də keçiriləcək Avropa Şurasının xüsusi sammitindən əvvəl təqdim etməyi planlaşdırır.
Bundan əvvəl “Sistema” araşdırma layihəsi Aİ ölkələrinin daimi nümayəndələrinin noyabrın 11-də razılaşdırdığı sanksiya siyahısının ilkin variantında nəzərdə tutulan dörd şirkətin son siyahıya daxil edilmədiyini üzə çıxarıb.
Söhbət Birinci İnvestisiya Bankı, İnvestisiya Kooperativ Bankı, “RESO Kredit” bankı və “TANEKO” neft şirkətindən gedir. Araşdırmaya görə, bu qurumların avropalı səhmdarlarla əlaqələri var.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya, İsveçrə və bir sıra digər ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıblar.
Məhdudiyyətlər Rusiyanın bank və maliyyə sistemini, enerji sektorunu, ticarətini, nəqliyyatını və hərbi sənayesini əhatə edir. Sanksiyaların əsas məqsədi Rusiyanın müharibəni maliyyələşdirmək və davam etdirmək imkanlarını zəiflətmək, həmçinin Ukraynaya qarşı hərbi əməliyyatlara son qoyması üçün Moskvaya iqtisadi təzyiq göstərməkdir.
Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyaya qarşı 21 sanksiya paketi qəbul edib. Aİ Şurasının məlumatına görə, ilk məhdudiyyətlər 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq olunmağa başlayıb.