Aysel Umudova ev dustaqlığına buraxılmayıb

Aysel Umudova

Jurnalist peşə fəaliyyəti ilə bağlı həbs edildiyini deyib

Yanvarın 24-də Meydan TV-nin Bakı İstintaq Təcridxanasında saxlanılan əməkdaşlarından Aysel Umudovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

İşə Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə baxılıb, məhkəmədə Aysel Umudova da iştirak edib.

Aysel Umudovanın vəkili Aqil Layıc deyib ki, hakim jurnalistin vəsatətini təmin etməyib.

Müdafiə tərəfi jurnalistin həbsdə saxlanılması üçün heç bir hüquqi əsasın olmadığını deyib.

Aysel Umudova məhkəmədə bildirib ki, o, istintaqa cəlb olunduğunu bildiyi halda, dəfələrlə ölkədən gedib və geri qayıdıb.

“Aysel Umudova dedi ki, heç vaxt istintaqdan yayınmayıb, şahidlərə təsir etməyə çalışmayıb, istintaqın gedişatına mane olmayıb. Buna görə də həbsdə saxlanılmasını əsassız hesab edir. Aysel Umudova həbsinin birbaşa jurnalistika fəaliyyəti ilə bağlı olduğunu dedi”, – Aqil Layıc məhkəmədəki proseslə bağlı belə deyib.

Meydan TV ilə bağlı nə baş verib?

2024-cü il dekabrın 6-da Meydan TV-nin jurnalistləri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Dekabrın 8-də jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV və saxlanılan jurnalistlər ittihamları rədd ediblər.

Onlar məhz jurnalist fəaliyyətinə görə həbs olunduqlarını, peşə fəaliyyətlərilə bağlı təzyiqlə üzləşdiklərini deyiblər.

Meydan TV Azərbaycan hakimiyyətinin qanunsuzluqlarını, korrupsiya faktlarını işıqlandıran müstəqil media orqanıdır. Bu səbəbdən həm ölkədəki insan hüquqları fəalları, həm də beynəlxalq təşkilatlar bu repressiyaların Azərbaycan hakimiyyətinin sifarişi ilə həyata keçirildiyini bəyan ediblər.

Ana səhifəMeydan TV işiAysel Umudova ev dustaqlığına buraxılmayıb