Təşviqat – cavab yox, əsk səda gözləyən bir monoloqdur
Uisten Hyu Oden – ingilis mənşəli Amerika şairi və ədəbiyyat tənqidçisi
İlham Əliyevin islahatlara başladığını deyən insanlara, özəlliklə də onun siyasətini gecə-gündüz təşviq edən incəsənət xadimlərinə gurultulu bir “gözaydınlığı” verək, şou heç ikicə həftə davam etmədi ki, represiyalar yenidən başladı. AXCP Gənclər Komitəsinin idarə heyətinin üzvü Nicat Nizamov digər AXCP üzvü Paşa Umudovla birlikdə 15 sutka, “Turan” İnformasiya Agentliyinə verdiyi müsahibəyə görə Bayram Məmmədov isə 30 sutka azadlıqda məhrum edildilər. Təbii ki, rejimin şərləmək ənənəsinə uyğun olaraq.
Azərbaycanda cərəyan edən olaylara bağlı nəsə yazmaq istəyəndə, sanki mütləq bir-iki həftə gözləməlisən ki, hadisələrin yenidən əks istiqamətə getməməsindən əmin olasan.Yoxsa yazırsan ki, qatıq ağdır, birazdan görürsən ki, camaatı qara gündə yaşadanlar qatığı da qaraldıblar. Özü də deyirlər ki, qatıq elə əzəldən qara idi. Həm də ona görə gözləməlisən ki, öncə edilən siyasi analizlərin, deyilmiş çeşidli fikirlərin və təbii ki, danışılan sərsəmliklərin hamısını beyin süzgəcdən keçirsin. Əlbəttə, savadlı insanlara nisbətən asandır. Dünyagörüşlərinin və sosial şəbəkələrdə apardıqları müşahidələrin hesabına, qavrayışları var. Geniş dünyagörüşünə, təhsilə sahib olmaq şansı tanınmayanların isə işi çətindir. Özəlliklə də, əgər proseslər göründüyü kimi deyilsə. Axı aysberqin altında özündən də böyük, görünməyən hissəsi var.
Fərqi yoxdur, sıravi vətəndaşsan, hüquq müdafiəçisisən, müstəqil media mənsubusan, ya da həyatının böyük hissəsini vicdanlı jurnalistikaya həsr etmiş mahir biri. İlham Əliyevdən haqları pozulmuş Azərbaycan vətəndaşları barədə heç kim hesab soruşa bilməz. Bəzi xarici KİV nümayəndələri xaric. Onda da öyrəşmişik ki, prezident ölkədə hər şeyin ideal olduğu, siyasi həbslərin olmadığı və islahatlar barədə nağıllar danışır. Amma necə olursa, sonradan 51 nəfər siyasi məhbus əfv sərəncamı ilə azadlığa buraxılır. Gülməlisi, əslində isə ağlamalısı da odur ki, bir az keçən kimi, onlardan bir neçəsini yenidən tuturlar. Bəs deyirdiz, ölkədə siyasi məhbus yoxdur?!
Təkrar biliyin anasıdır və bir müddət öncə təkrar başa düşdük ki, özünə bu xalqın ziyalısı deyən bir qrup incəsənət və mədəniyyət xadiminin də preizdent və vitse-prezidendən ölkəmizdə azad mətbuatın sıradan çıxarılması, jurnalistlərin təzyiqlərə, həbslərə məruz qalması, Elmar Hüseynovun, Rafiq Tağının, Rasim Əliyevin, Mehman Qələndərovun qətl edilməsi, əsgərlərimizin müəmmalı şəkildə öldürülməsi, məsuliyyətsizlik ucbatından, tezalışan üzlüklərinə görə kibrit kimi alovlanan binalarda körpələr də daxil vətəndaşlarımızın həyatlarını itirməsi, Günəşli neft yatağında neftçilərin faciəvi şəkildə ölməsi, Narkoloji Dispanserdə müalicə alan xəstələrin diri-diri yanması, vətəndaşlarımızın devalvasiyadan sonra yaranan borclara görə öz canlarına qəsd etməsi, icbari tibbi sığortanın olmamasına görə xəstə vətəndaşlarımızın minbir əziyyətlə üzləşməsi, sosial yardım olmadığından aztəminatlı ailələrin dolanana bilməməsi, minlərlə insanın ölkədə azadlıq və dolanışıq olmadığından xaricə üz tutması kimi xalqımız üçün çox vacib məqamlar barədə hesab soruşmaq həvəsi yoxdur. Onların həvəsi hansısa simvolik qəsəbəyə, “Potyomkin kəndinə” Heydərabad adının verilməsi, fəxri adlar, ya da Məmməd Əmin Rəsulzadəyə qoyulacaq heykəlin yerində Hacı Zeynalabdin Tağıyevin heykəlinin olması kimi məsələlərə aid xahişlərədir. Onlar öz xahişlərini edə bilirlər, amma örnəyin, nə Günəşli neft yatağında faciəvi şəkildə ölən neftçilərin, nə Narkoloji Dispanserdə diri-diri yanan xəstələrin, nə də sosial çətinliklərə görə canına qəsd edənlərin valideyinlərinin, qohumlarının bütün bu illər ərzində prezidentlə üzbəüz oturub, ondan gerçək problemləri ilə bağlı nələrisə xahiş etmək imkanı yoxdur. Bir də mənə maraqlıdır, necə oldu ki, o boyda zalda oturan ziyalılardan bircə nəfər də olsa demədi ki, cənab prezident, yaxşı tutaq ki, siz prolemli kreditlərin həlli ilə bağlı yeni qərar vermisiz və vətəndaşlara kompensasiya ödəniləcək, bəs bu illər ərzində özünü kredit borcunun devalvasiyadan sonrakı fərqinə görə öldürən vətəndaşları hara yazaq?
Sanki bu “uğurlu siyasəti” dəstəkləyən, prezidentin qızğın təşviqatını aparan ziyalılar məddahlığı bir adətə çeviriblər. Bu, onlarçun bir lüksa dönüb. Bu lüks naminə dəridən, qabıqdan çıxanların nirvanası da, maksiması da, bir dənə də artıq fəxri ad, orden, hansısa tamaşaya, efirə verilən “şah iznidir”. Onlar özləri özlərindən xalqın gerçək problemlərini görmək yetkisini alıblar. Ümumiyyətlə, onlar heç öz üzərlərində belə, yetki sahibi deyillər.
Həmin adamlar ötən növbədənkənar prezident seçkiləri ərəfəsində xalqa nağıllar danışandan bu yana, dünyada xeyli hadisə baş verib. Neçə-neçə vulkan püskürüb, neçə-neçə çay daşıb, o vaxtdan neçə dəfə günəş doğub, ay çıxıb və bəlkə də bu adamları düşündürmək istəyib ki, onlar düz yolda olmadıqlarını anlasınlar, dəyişsinlər. Amma onlar olduqları kimi qalıblar. Zorla deyil ki, bu xalqın başına açılan oyunların onlar üçün heç bir önəmi yoxdur. Adları xalqa bağlı ola bilər: xalq şairi, xalq artisti, xalq yazıçısı və s. Xalqla aralarında olan məsafə ki yerlə göy qədərdir. Vaxtilə SSRİ ölkələri arasında Moskvaya ən çox donos yazanların miras qoyduğu xüsusiyyət: susmuş vicdanlar, sahiblərinin ən qəddar rejimlərə kölə olmasına etiraz etmir. Hər şey təkrarlanır. Padşah tərifləmək isteriyası həyat tərzinə çevrilir. Ötən əsrin 30-cu illərində SSRİ-də olanlar bu gün Azərbaycanda yaşanır.
Hərdən mənə elə gəlir ki, bu qədər problemlərlə təkbətək qalan Azərbaycan vətəndaşları qəzaya uğradıqdan sonra okeanın ortasında az qala boğulan gəmi sərnişinləri kimidir. Suyun ortasında çabalaya-çabalaya imdad hayqırırlar. Kənardan keçən qayıqdakı ziyalılara qışqırırlar ki, bəs ay aman, kömək edin. Gəmimiz aysberqə dəyib batıb. İndi biz də boğulacağıq. Bizə bir xilasedici dairə atın. Ziyallar isə kömək etməyin əvəzinə deyirlər ki, əşşi, ola bilməz e. Gəminiz batıb eləməyib. Sizin də, bizim də gəmimiz lap saz vəziyyətdədir. Ümumiyyətlə, bizim bütün gəmiləri bacarıqlı kapitan idarə edir. Vətəndaşlar isə həmin vaxt okeanın təlatümlü dalğalarında boğulub ölməməyə çalışırlar. Əslində isə aysberq filan yoxdur. Ölkədəki bu qədər haqsızlığa göz yumub bu rejimə təşviqatçılıq edən, ziyalı adını Leninqrad blokadası vaxtı camaatın acından köpük qusmasına rəğmən şəhərdə olan-qalan ərzaq dükanları və anbarlarını qarət edən soyğunçular kimi oğurlayan bəzi incəsənət və mədəniyyət xadimlərimizin hərəsi elə bir aysberqdir. Bu aysberq ziyalıların gözə görünən kiçik tərəfində xalqa sevgi və hörmət göstərilir, altda olan böyük hissədə isə laqeyidlik, saxtakarlıq və yalanlar gizlənib. Onları sevənlər, hörmət və pərəstiş edənlər uzaqdan suyun altındakı böyük hissəsini görmürlər. Lap yaxına gəldikdə isə artıq gec olur. Bu aysberqlər içi işıqlı insanlarla dolu olan böyük bir gəmini qəzaya uğradıb suyun dibinə göndərirlər. 1937-ci ildə olduğu kimi…
Və okeanın ortasında təkcə vətəndaşlarımız deyil, qayıqdakı həmin o ziyalıların özləri də, ölkə də batır.
Məhz elə həmin o “aysberqlərə” görə batır.