AYO-nun başı AYB-ni ittiham etməyə qarışıb

AYB-nin başı isə siyasətə

Source:

Arada kitab mağazalarına baş çəkirəm. Orada rəflərdə səliqə ilə düzülmüş kitablara diqqət yetirməmək olmur. Müxtəlif növ kitabların stendləri sıra ilə düzülür. Klassik əsərlər, rus dilində olan kitablar, azərbaycanlı yazarlar, türkiyəli yazarlar və s. Bir stend var ki, həmişə digər rəflərdən daha çox diqqətimi cəlb edib. Mağazanın bestseller kitablar rəfi. Yəni ay üzrə ən çox satılan kitabları o bölməyə düzürlər. Bu siyahının qanunauyğun, yoxsa, qeyri-leqal yollarla tətbiq edildiyini deyə bilmərəm, amma mənə maraqlı olan, bu siyahıda olan kitabların məzmunudur. Hələ bu mağaza Azərbaycanın ən məşhur kitab mağazasıdırsa, onda, bu siyahı daha böyük məna daşıyır.


Bu siyahının önəm daşımasına səbəb nədir ?

Ölkədəki aylıq və ya illik bestseller siyahıları cəmiyyətin hansı tip kitablar oxuduğuna, insanların mənəvi olaraq, nəyə ehtiyacı olduğuna və kütlənin oxuduqları kitablara uyğun hansı səviyyədə olduğunun göstəricisidir.

İndi isə Azərbaycanın ən böyük kitab mağazasının bestseller siyahısına diqqət yetirək. Kitab rəfinin ən yuxarı hissəsində Azərbaycanlı aktrisanın (?) yazdığı türk dilində olan “p.s. Zaten boyun da küçüktü”  romanı yer alır. Belə türkvari və kommersiya əsərlərindən çox uzun-uzadı danışmaq istəmirəm. Çünki bu tip əsərlər necə deyərlər “bulvar” ədəbiyyatına aiddir və ciddi qəbul olunmur. Həmçinin, belə kitablar haqqında kifayət qədər yazılar yazılıb. Sosial şəbəkə romantizminin təsiri altında olan insanların oxuduğu kitabların adlarını çəksək, uzun bir siyahı alınar.

Sonrakı yerlərdə azərbaycanlı reper Qaraqanın yazdığı kitablar durur. Aktrisamızın yazdığı kitabdan fərqli olaraq, bu kitablar öz dilimizdə yazılıb. Lakin biz bunlara “ədəbiyyat” deyə bilmərik. Çünki belə əsərlər cəmiyyəti yox, hansısa kütləni doyuzdurmaq üçün yazılır və kifayət qədər sevilir. Və çox oxunduğuna görə də, insanlara “yaxşı əsər” təəssüratı bağışlayır. Bu kitabların məzmunu isə ensiklopedik mövzularda yazılır. İnternetdə və kitabxanalarda isə belə məlumatları tapmaq asandır.

Digər yerləri isə hətta dünyada belə bestseller halına gəlmiş şəxsi inkişaf kitablarıdır. Həqiqətənmi insanlıq bu vəziyyətə düşüb ki, onların “Özünü tanımağın 10 yolu” , “Varlanmağın 40 yolu”, “Kasıblamağın 50 yolu” və digər tipli kitablara ehtiyacı var ? Nəyə görə insanlar şəxsi düşüncələrinə əziyyət vermək istəmirlər ? Bəlkə də, tənbəllik artıq  fiziki işdən beyin işinə keçib.

Əlbəttə, Azərbaycanda ciddi bir yazıçının “ən çox satan” halına gəlməyi üçün uzun bir zaman lazımdır. Bunda ilk olaraq, oxucu kütləsinin artmağı, həmin kütlənin kitab seçmək qabiliyyəti olmalıdır. Birmənalı olaraq, bu “bestseller” yazıçılarda günah görmək, onların düşüncə tərzini günahlandırmaq da düzgün deyil, çünki onlar da oxucu kütləsini düşünüb, yazırlar. Əgər oxucu onlardan daha ağır əsərlər tələb etsə, bu zaman məsuliyyətləri artar və daha keyfiyyətli iş görməyə çalışarlar.

Bu mövzuda əsas məsələlərdən biri də ölkənin böyük yazıçı birliklərinin hansı ideya aşılamasıdır. AYB yazarlarının başı siyasətə, AYO-nun isə fikri AYB-ni ittiham etməyə qarışdığı dövrdə itirən yalnız Azərbaycan ədəbiyyatı olur.

Əgər oxucu və ədəbiyyatçıların “dünya ədəbiyyatına çıxmaq”, “Nobel mükafatı almaq” kimi bir istək və iddiaları varsa, ilk öncə biz öz ədəbiyyatımızda oxucu problemi ilə məşğul olmalıyıq. Ölkədə olan müəyyən bir kütlə əgər yuxarıda qeyd etdiyim tip kitablara maraq göstərirsə, artıq bu təkcə yazıçıların yox, cəmiyyətimizin problemidir.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəAYO-nun başı AYB-ni ittiham etməyə qarışıb