AXCP üzvü və xanımı işdən çıxarılıb

”Prezident Administrasiyasından deyirlər ki, ya ərizə verib partiyadan çıxsınlar, ya da işdən çıxarılsın”

Source:


”Prezident Administrasiyasından deyirlər ki, ya ərizə verib partiyadan çıxsınlar, ya da işdən çıxarılsın”

AXCP-nin Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə işlədikləri orta məktəblərdən çıxarılıblar. Ə.Əhmədzadə Mayak kənd 1 saylı məktəbində fizika, xanımı Ülkər Əhmədzadə isə rayonun 3 saylı məktəbində rus dili fənnindən dərs deyib. Onların işdən çıxarılmasının səbəbi kimi Milli Şuranın 8 aprel aksiyasında iştirak etmələri və AXCP üzvü olmaları göstərilir.

Ancaq Əflatun Əhmədzadə Meydan TV-yə danışarkən Milli Şuranın mitinqində iştirak etmədiyini deyir.

AXCP üzvü Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun Azadlıq Radiosuna açıqlamasını yalan adlandırıb.

Əjdər Kərimov Ə.Əhmədli və xanımı Ü.Əhmədlinin işdən çıxarılması ilə bağlı qərarı məktəblərin verdiyini deyib: “Bu qərar hər iki məktəbin pedaqoji şuralarının, həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib. Təhsil şöbəsi də bunu əsaslı sayıb. Hər iki şəxsin məktəbdə müəllimlikdən azad olunmasına bir neçə səbəb olub. Həm əmək intizamını pozublar, həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm də hakimiyyət əleyhinə danışıblar. Halbuki siyasi baxışlar məktəbdə ifadə edilə bilməz, bundan kənarda olmalıdır. Belə prinsiplərə əməl etmədilər, nəticədə də məktəblər bu qərarı verməli oldular”.

O, təhsil şöbəsinin müdirinin “qərarın hər iki məktəbin pedaqoji şuralarının və həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib” açıqlamasını da doğru saymır.

Əflatun Əhmədzadə həmçinin bildirib ki, özü məktəbin həmkarlar ittifaqının sədridir:

“Həmkarlar İttifaqının sədri mənəm, bəs iclasda iştirakım olmadığı halda məni məktəbdən necə xaric ediblər? Sədr kimi ittifaqın möhürü hələ məndədir. İkinci, hər iki məktəbin həmkarlar ittifaqlarının bizim işdən çıxarılmağımız barədə qərarı yoxdur. Əslində, hər iki məktəbin pedaqoji şuraları bizim məktəbdən çıxarılmağımızın əleyhinə olub, bununla bağlı video var”.

Ə.Əhmədzadə deyib ki, aprelin 24-də Əjdər Kərimov onu və  yoldaşı Ülkər Əhmədzadəni dəvət edib:

“O, bizə münasibətinin yaxşı olduğunu desə də, ancaq əlavə etdi ki, Prezident Administrasiyasından təzyiq var. Deyiblər ki, mitinqdə iştirak etməməyimiz barədə izahat verək. Cavab verdim ki, əvvəla, 8 aprel aksiyasında vaxt səbəbindən iştirak etməmişik. İkinci, izahat verməyə ehtiyac yoxdur, çünki sizin izahat istəməyiniz qanunsuzdur. Mitinq şənbə günü keçirilib və rayon təşkilatının sədri kimi aksiyada iştirak edə bilərəm. Amma müəyyən səbəblərən mitinqə iştirak etməmişəm. Bununla belə, aprelin 25-də bizi yenə çağırdı və dedi ki, məsələ qəlizdir, Prezident Administrasiyasından deyirlər ki, ya ərizə verib partiyadan çıxsınlar, ya da işdən çıxarılsın. Cavab verdim ki, partiyadan çıxmayacam, beləcə məktəb direktoru təhsil şöbəsinin müdirinin göstərişilə mən və yoldaşım işdən çıxarıldıq”.

Əflatun Əhmədzadə bildirib ki, yanvar ayında yoldaşı Ülkər Əhmədzadə məktəbin ən yaxşı sinif rəhbəri diplomunu alıb:

“Belə olduğu halda Əjdər Kərimov bizi əmək intizamını pozmaqda ittiham edə bilməz. İkinci, Əjdər Kərimov kabinetindən kənara çıxmırsa, fəaliyyətimizdən necə xəbərdar olub? Aprelin 27-də biz işdə olmuşuq, dərs jurnalı yazmışıq və həmin günü əmrimiz verilib. Bunlar necə olur? Suallar çoxdur və Əjdər Kərimovun dediklərinin əleyhinədir”.

Ə.Əhmədzadə deyib ki, onlar məhkəməyə müraciət edəcək və yaxın zamanlarda mətbuat konfransı keçirib qarşılaşdıqları qanunsuzlardan danışacaqlar.

Ana səhifəXəbərlərAXCP üzvü və xanımı işdən çıxarılıb