AXCP üzvləri necə həbs olunduqlarından danışdı

Vəkil həmin ərazidəki müşahidə kameralarının görüntülərinin alınması barədə vəsatət qaldırıb.

Source:


Fəallar sənədlərdə tutulma yerlərinin doğru göstərilmədiyini deyirlər

Oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan AXCP üzvləri Cabbar Savalanlı və Abdulla Mahmudovun şikayətlərinə baxılıb. Onların apelyasiya şikayətləri ayrı-ayrılıqda araşdırılıb.

Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə prosesində C.Savalanlının şikayətinə baxılıb. Onun vəkili Bəhruz Bayramov deyib ki, sənədlərdə Cabbarın saxlandığı yer doğru göstərilməyib. Onun Mərkəzi Bankın qarşısında saxlandığı yazılsa da, onu əslində, AXCP sədri Əli Kərimlinin evinin yaxınlığında tutublar. Vəkil həmin ərazidəki müşahidə kameralarının görüntülərinin alınması barədə vəsatət qaldırıb.

C.Savalanlı İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsilə təqsirli bilinib. Vəkil isə bildirib ki, hətta mitinqdə iştirak etsəydi belə, bu, onun həbsi üçün əsas ola bilməzdi. Çünki sərbəst toplaşma azadlığı Azərbaycan Konstitusiyasında, ölkənin qoşulduğu İnsan Haqları və əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasında, “Sərbəst toplaşma azadlığı haqqında” qanunda əksini tapıb. Qanunda da mitinq üçün icazə almaq yox, bu barədə müvafiq icra hakimiyyəti orqanını xəbərdar etmək nəzərdə tutulub.

C.Savalanlı özü isə qısa çıxış edib. O, özünü təqsirli bilmədiyini, amma məhkəmədən də ədalətli qərar gözləmədiyini vurğulayıb.

Hakim Həsən Əhmədov da şikayəti təmin etməyib, C.Savalanlı haqqında Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2019-cu il tarixli 20 sutkalıq inzibati həbs qərarı qüvvədə saxlanılıb.

Hakim Qədim Babayevin sədrliyilə keçirilən digər məhkəmə prosesində A.Mahmudov bildirib ki, protokolda onun tutulma yeri və səbəbi düzgün göstərilməyib. Onun sözlərinə görə, oktyabrın 18-də onu telefonla sahə müvəkkili polis bölməsinə dəvət edib. O da razılaşıb və gedib. Oradan onu əvvəlcə Narkoloji Mərkəzə aparıblar. Amma sonra fikirlərini dəyişib, narkotik istifadəçisi olması barədə rəy almayıblar. Gətirib, bölmədə polisə müqavimət göstərməsi barədə protokol tərtib ediblər. Orada yazılıb ki, A.Mahmudov küçədə telefonla danışanda nalayiq ifadələr işlədib. Polislər ona irad bildirsə də, onların tələbinə tabe olmayıb.

Hakim A.Mahmudovdan narkotik istifadəçisi olub-olmadığını soruşub. O, suala cavabında bildirib ki, nəinki narkotik, heç siqaret də çəkmir.

A.Mahmudov əlavə edib ki, siyasi fəaliyyətinə, mitinqdə iştirakını əngəlləmək üçün onu həbs ediblər.

Hakim Qədim Babayev də apelyasiya şikayətini təmin etməyib. Sabunçu Rayon Məhkəməsinin onun haqqında 30 günlük inzibati həbs qərarı qüvvədə saxlanılıb.

Cəbhəçi gənclərin hər ikisi bu qərarlardan Avropa Məhkəməsinə şikayət göndərəcəyini bildirib.

Ana səhifəSiyasətAXCP üzvləri necə həbs olunduqlarından danışdı