”O, əl yükünün içərisində 12 min dollar keçirib”’
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Gözəl Oruc qızı Bayramlı 25 may 2017-ci ildə Dövlət Sərhəd Xidmətinin Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən 12 min dolları bəyan etməyərək əl yükünün içərisində gizlədərək keçirib. Sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə təbdiri nəticəsində saxlanılıb:
”“Sınıq Körpü” gömrük postunda yerləşən rentgen qurğusunda G.Bayramlıya məxsus sellofan paketə baxılarkən monitorda şübhəli predmet görünüb. Ona əl yükünün yoxlanılmaq üçün könüllü təqdim olunması təklif edilib. G.Bayramlı üzərində və əl yüklərində bəyan edilməli olan hər hansı bir malın olmadığını bildirib. Sonra onun əl yüklərinə baxış keçirilib. 12 min dollar tapılaraq götürülüb”.
Məlumatda bildirilir ki, faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb. Mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.
İş üzrə toplanan istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvarından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.