AXCP-nin daha 3 üzvü barəsində həbs qərarı

AXCP fəalları ayrı-ayrılıqda məhkəmə qarşısına çıxarılıb.

Source: Foto: Meydan TV


Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son günlərdə saxlanılan üzvlərindən daha üçü haqqında həbs qərarı verilib. Bunlar AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov, partiyanın Təşkilat Şöbəsinin təlimatçısı Ramid Nağıyev və Nəsimi şöbəsinin fəalı İsmayıl Həsənovdur. Nəsimi Rayon Məhkəməsinin qərarıyla onların hər birinin barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib.

AXCP fəalları ayrı-ayrılıqda məhkəmə qarşısına çıxarılıb. Onlar iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Milli Orduya dəstək yürüşündə baş verənlərə (bir qrup adamın Milli Məclisə daxil olması, polis maşınını aşırması) görə ittiham olunur. Cəbhəçilərə qarşı Cinayət Məcəlləsinin 186.2.1 (əmlaкı qəsdən məhv etmə və ya zədələmə) 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham olunur.

İki gün öncə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və partiyanın daha bir fəalı Seymur Əhmədzadə barəsində də eyni maddələrlə həbs-qətimkan tədbiri seçilib.

AXCP-dən Meydan TV-yə bildirilib ki, bu ittihamlar saxtadır və Prezident İlham Əliyevin bu partiyaya repressiya göstərişinin nəticəsidir: “Bəxtiyar İmanov ümumiyyətlə, həmin gün yürüşdə iştirak etməyib. İlham Əliyev göstəriş verib və onun əsasında da AXCP üzvlərinin guya təxribat yaratması barədə saxta cinayət işi düzüb-qoşurlar. Amma bu ittihamı sübut edən bircə fakt yoxdur. Məhz ona görə də AXCP üzvlərinə günlərdir Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələr verib, yalan ifadələrə imza atdırmağa çalışırlar”.

Partiyadan onu da əlavə ediblər ki, adları çəkilən fəalların haqqındakı həbs qərarlarından apelyasiya şikayəti veriləcək.

Ana səhifəSiyasətAXCP-nin daha 3 üzvü barəsində həbs qərarı