AXCP beynəlxalq birliyi “Siyasi partiyalar haqqında” qanuna etiraz etməyə çağırıb

Foto: Meydan TV

Seymur Həzi: “Bəyanatımızda istinad etdiyiniz bənd parlamentə legitimlik qazandırmaq üçün deyil”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) xalqı və beynəlxalq birliyi “Siyasi partiyalar haqqında” yeni qanununa etiraz etməyə çağırıb.

Partiya hesab edir ki, Azərbaycan hakimiyyəti “Siyasi partiyalar haqqında” yeni qanunla ölkədə çoxpartiyalı siyasi sistemi, real alternativ qüvvələri hüquq müstəvisindən çıxarıb, faktiki məhv etmək istəyir.

Bu barədə AXCP dekabrın 12-də yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Milli Məclisdə tələsik qaydada iki oxunuşda qəbul edilmiş yeni qanun layihəsi hakimiyyətə siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmaq imkanı yaradacaq:

“Bununla hakimiyyət partiyalara daha sərt nəzarət edəcək, müxalifət partiyalarının üzvlərinə və onların ailələrinə qarşı təzyiqləri daha da artıracaq, istəyəndə onların qeydiyyatını ləğv edəcək, yeni partiyaların yaradılmasının qarşısını alacaq”.

Bəyanatda yeni qanunun bəzi detallarına da toxunulub:

“Layihədə partiya üzvlərinin sayının 1000-dən 5000-ə qədər artırılması nəzərdə tutulur və hələ 2011-ci ildə oxşar təklif Avropa Şurasının Venesiya Komissiyası tərəfindən mənfi qiymətləndirilmişdi. Odur ki, 5000 üzv tələbini yenidən qanuna salmaq, üstəlik, ora üzvlərinin sayı 4500-dən aşağı olan partiyaların buraxılmasını nəzərdə tutan bir müddəa əlavə etmək vətəndaşların siyasi partiyalar vasitəsilə ölkənin siyasi həyatında iştirak hüququnu məhdudlaşdıracaq addım olub, beynəxalq standartlarla, demokratik prinsiplərlə, xüsusilə siyasi plüralizm ilə üst-üstə düşmür”.

AXCP partiyaların reyestrində təşkilatların bütün üzvləri haqqında məlumatların daxil edilməsi normasını qəbuledilməz sayır.

“Müxalif siyasi partiya fəallarının daimi təzyiq altında saxlanıldığı, polis nəzarətinə məruz qaldığı təcrübəsini nəzərə alsaq, hakimiyyət bu fərdi məlumatlar əsasında hüquq-mühafizə orqanlarının əli ilə siyasi partiya fəallarını təqib etmək üçün daha geniş imkanlar əldə edir”, – bəyanatda deyilir.

Bəyanatda layihənin 3.3 və 4.7-ci maddələrinin dövlət qeydiyyatından keçməmiş partiyaların siyasi fəaliyyətlə məşğul olmasının qadağan edildiyi vurğulanır:

“Bu müddəa mövcud hakimiyyətə real rəqib ola biləcək yeni siyasi partiyaların yaranması və formalaşmasına mane olmaq imkanları yaradır ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının və Azərbaycan Konstitusiyasının müddəalarına ziddir. Həmçinin 12.3.3-cü maddə siyasi partiyaların seçkilərdə iştirakını bir vəzifə olaraq məcbur edir, onların öz iradələrilə seçkini boykot və ya seçkidə iştirak etmək qərarı verməsinə mane olur, azad seçim hüququnu pozur. Bu səbəblərdə qanun layihəsi mürtəce məzmunlu olub, siyasi partiyaların, xüsusilə real müxalif siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa, siyasi plüralizmin aradan qaldırılmasına xidmət edəcək”.

Bütün bunları əsas götürən Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimiyyəti “Siyasi partiyalar haqqında” bu mürtəce qanunu qəbul etməməyə, sənədi ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərməyə və qurumun indiyə qədərki tövsiyələrini nəzərə almağa çağırır.

Partiya sədrinin müavini Seymur Həzi Meydan TV-nin “Əgər iddia etdiyiniz kimi layihəni parlamentə Prezident Adminstrasiyası təqdim edibsə, parlamenti də icraedici hakimiyyət seçibsə, hakimiyyətə hansısa müraciətə ehtiyac varmı?” sualına belə cavab verib:

“Əlbəttə, indiki qanunverici orqana seçkilərin saxta keçirilib, parlament də Prezident Administrasiyasının iradəsi ilə ortaya çıxıb. Bizim bəyanatda istinad etdiyiniz bənd parlamentə hansısa legitimlik qazandırmaq və ya ondan legitim tələblər irəli sürmək üçün deyil. Biz sadəcə, Avropa Şurasının yuridiksiyasında olan ölkələrin qanun qəbul edərkən hansı proseslərdən keçməli olduğunu, hökumətin də bir öhdəliyini xatırlatmışıq”.

Seymur Həzi
Seymur Həzi, Foto:: Meydan TV

Seymur Həzinin sözlərinə görə, nə qədər ki Azərbaycan Avropa məkanındadır, qəbul edilən qərarlar götürülən öhdəliklərə uyğun olmalıdır:

“Öhdəliklər tələb edir ki, Venesiya Komissiyasından rəylər alınsın. “Media haqqlnda” Qanun komissiyanın bu məsələlərə biganə olmadığını göstərdi. Yəni siyasi partiyalara aid meyarlar var ki, nəzərə alınmalıdır”.

Noyabrın 24-də Respublikaçı Alternativ Partiyası (ReAl) Avropa Şurası Venesiya Komissiyasına “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı göndərdiyi sorğuya cavab alıb.

Partiyanın sədri İlqar Məmmədov bildirib ki, Venesiya Komissiyası və Avropa Şurasının digər məsul qurumları “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Azərbaycan hökuməti ilə heç bir məsləhətləşmədə iştirak etməyib.

Ötən həftə Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Noyabrın 21-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bir sıra dəyişikliklərin olması barədə məlumat yayıb.

Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.

Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Ana səhifəSiyasətAXCP beynəlxalq birliyi “Siyasi partiyalar haqqında” qanuna etiraz etməyə çağırıb