OMV: “Rusiyadan idxal edilən neft məhsulları bazardan xam neft almaqla əvəzlənib”
Avstriya Rusiyadan neft idxalını və emalını dayandırıb.
Ölkənin neft-qaz şirkəti olan OMV açıqlamasında bildirib ki, mart ayı boyunca Rusiyadan idxal etdikləri neft məhsullarını bazardan digər xam neft almaqla əvəzləyiblər.
“Hazırda biz Rusiya neftini idxal və emal etmirik”, – deyə Avstriya şirkətinin nümayəndəsi bildirib.
Şirkət rəsmisi həmiçinin deyib ki, OMV-nin Avstriyanın “Schwechat” və Almaniyanın Burqauzendəki neft emalı zavodlarında Rusiya xam neftinin payı əvvəllər də kifayət qədər az olub.
“Avstriyanın əsas neft tədarükçüsü Qazaxıstandır. Ölkəyə daxil olan xammal neftin 38,9 faizini təşkil edir. İkinci yerdə Liviyadır (22,1 faiz) və sonrakı yeri İraq tutur (20,7 faiz)”, – deyə şirkət sözçüsü qeyd edib.
Rusiyanın TASS xəbər agentliyi isə yazır ki, 2021-ci ildə Avstriyaya tədarük edilən 596 min ton neftin yalnız 7,8 faizi Rusiyanın enerji resurslarından əldə edilib.
OMV Avstriyanın neft şirkətidir.
Mərkəzi Avropadakı ən böyük neft şirkətidir, mərkəzi ofisi Vyanadadır. Şirkət dünyanın 20-dən çox ölkəsində neftin kəşfiyyatı və hasilatı ilə məşğul olur.
2006-2010-cu illərdə OMV Rusiyada da bizneslə məşğul olub.
Saratov vilayətində və Komi Respublikasında bir sıra şirkətlərin səhmlərini alıb.
Bundan əvvəl, martın 22-də Fransanın “TotalEnergies” neft-qaz şirkəti sanksiyalar və Ukraynadakı müharibə ilə əlaqədar Rusiyadakı fəaliyyətini mərhələli şəkildə dayandırdığını elan etmişdi.
“TotalEnergies” “Royal Dutch Shell”, “British Petroleum” və “ExxonMobildən” sonra dünyada dördüncü ən böyük şirkətdir.
Rusiyadakı fəaliyyəti də Halliburton tərəfindən dayandırılıb.
O, dünyada ikinci ən böyük neft-mədən xidmət şirkətidir.
Rusiyada əsasən neft və qaz şirkətləri – Qazprom, Qazprom Neft, Rosneft, LUKOIL və başqaları ilə əməkdaşlıq edib.
Ötən həftə Rusiya neftinin dəniz yolu ilə daşınmasında azalma müşahidə edilib.
Son 2 ayda isə Qara dəniz, Baltik və Arktika sahillərindəki limanlardan Asiyaya göndərilən xammalın həcmi minimuma enib.
“Bloomberg” gəmilərin hərəkəti haqqında məlumatlara və satış agentlərinin hesabatlarına əsaslanaraq belə yazıb.
Məlumatda bildirilir ki, Rusiyanın ixrac terminallarından 30 tanker təxminən 21,8 milyon barel neft daşıyıb. Bununla da xam neftin dəniz yolu ilə orta daşınması sutkada 3,12 milyon barel təşkil edib.
Bu da aprelin 8-dək olan müddətlə müqayisədə 25 faiz azdır.
Baltik və Qara dənizdəki terminallardan “Urals” və “Sibir Light” neftinin axınları sutkada 770 min barel və ya 30 faiz, Qara dənizdəki Novorossiysk limanından tədarük edilən neftin həcmi isə təxminən 60 faiz azalıb.
Sakit okean sahillərində yerləşən üç Uzaq Şərq Rusiya terminalından tədarüklər gündə 205 min barel və ya 17 faiz, Arktika sahilləri boyunca hasil edilən neftin yenidən yükləndiyi Murmanskdan nəqllər isə gündə 57 min barel və ya 15 faiz azalıb.
“Bloomberg” Rusiyanın Yanacaq-energetika kompleksinə Mərkəzi Nəzarət Departamentinə istinadən qeyd edir ki, aprelin əvvəlində Rusiyanın neft hasilatı son iki ilin ən aşağı səviyyəsinə düşüb.
Aprelin 1-dən 6-dək ölkədə orta hesabla sutkada 10,52 milyon barel neft hasil edilib. Bu, mart ayı ilə müqayisədə 4,5 faiz azdır.
Rusiyanın Baş nazirin müavini Aleksandr Novak aprelin 7-də bildirib ki, bu ay Rusiyada neft hasilatı çatdırılma marşrutlarının dəyişməsi, sığorta və gəmi icarəsi ilə bağlı problemlər səbəbindən mart ayı ilə müqayisədə 4-5 faiz azalacaq.
Aprelin 13-də Beynəlxalq Enerji Agentliyi də Rusiyada neft hasilatının azalacağını proqnozlaşdırmışdı.
Aprelin 7-də Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni, beşinci, sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Paketə Rusiyadan kömür idxalına tam qadağalar da daxil edilib.
Yeni sanksiyalar Aİ ölkələrinin limanlarına Rusiya gəmilərinin girişinə qadağalar da daxildir.
Rusiyaya qarşı hazırlanan 6-cı sanksiya paketində isə Rusiya banklarına yeni qadağaların olacağı açıqlanmışdı.
Eyni zamanda, yeni sanksiyaların Rusiya neftinə də təsir edəcəyi bildirilmişdi.
Aİ rəhbəri Ursula Gertrud von der Leyen bildirmişdi ki, buradan bank sektoruna yeni və fərqli sanksiyalar var. Həmçinin Rusiya nefti də bu dəfəki sanksiyalardan təsirlənəcək.
Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlayıb.
Həmin vaxtdan bu yana ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya iqtisadi, maliyyə, diplomatik sanksiyalar tətbiq edib.