Avropanın yeni enerji xəritəsi (TƏHLİL)

Azərbaycan hökuməti anlamalıdır ki, neft-qazla dost tutmaq erası artıq bitib

Source:


Azərbaycan hökuməti anlamalıdır ki, neft-qazla dost tutmaq erası artıq bitib

Bu günlərdə Azərbaycanı, regionumuzu, gələcəyin enerji xəritəsini və bu sahədə “oyun qaydalarını” dəyişə biləcək çox mühüm bir hadisə baş verdi: Avropa İttifaqı liderlərinin son görüşündə Avropa Enerji İttifaqının yaradılmasına qərar verildi. Bu ilin sonuna qədər AB-nin bütün ölkələri öz qanunverici aktlarını Enerji İttifaqının qaydalarına uyğun hala gətirəcək və 2016-ci ilin yanvarından bu qaydalar bütün AB məkanında keçərli olacaq.

Qərarın verilməsində, əlbəttə ki, əsas səbəb Rusiyadır və Avropanın Rusiyadan enerji asılılığının azaldılması, Kremlin enerji daşıyıcılarından şantaj və siyasi alət kimi istifadə etməsinin qarşısının alınmasıdır. Qərara əsasən: 1) AB ölkələri razilaşdırılmış qiymət siyasəti yürüdəcək, 2) Bütün enerji müqavilələri yeni ittifaqın qaydalarına uyğyn olacaq, 3) Bütün müqavilələr Avropa Enerji Xartiyasına uyğunluğunu Avropa Enerji İttifaqının təsdiqindən sonra qüvvəyə minəcək, 4) Enerji daşıyıcılarını Avropa bazarında satmaq istəyən ölkələrin təktərəfli qiymətqoyma siyasətinə son veriləcək, 5) Qeyd etdiyim kimi, əsas hədəf Rusiya olsa da, Avropa Birliyi indidən bilir ki, yaxın 5 ildə bazara yeni oyunçular daxil olacaq, ona görə də, həmin oyunçulara da bəri başdan öz qaydalarını tədbiq edir.

Avropa Birliyinə daxil olan ölkələr bir ildə enerji daşıyıcılarına 1,1 triyon avro vəsait xərcləyir (qaz, neft, daş kömür, bərba olunan enerji layihələri), yəni, bazar böyükdür, bu günə qədər Avropanın əsas hədəfi əhalisinin nə yolla olur-olsun enerji daşıyıcıları ilə təmin etmək idisə, indi əsas məqsəd bu bazara çəki-düzən vermək, əsas da, xərclənən vəsaitin Avropa məkanında qalması üçün alternativ, bərpa olunan enerjiyə keçid strategiyasıdır. Çoxşaxəli enerji təhcizatı modelinə keçid Avropaya ində 500 mlrd. avroya yaxın vəsaitə qənaət etməyə, daha doğrusu, bu həcmdə vəsaitin AB məkanından kənara xərclənməsinə imkan verəcək. Model kimi Danimarkanın əldə etdiyi nailiyyətlər götürülüb, bu ölkədə enerji ehtiyacının artıq 47%-i ekoloji təmiz, bərpa olunan sahələrdən alınır. Norveç modeli də çox yaxşıdır, bu ölkə bütün ərazisi boyu elektriklə işləyən avtomobilləri şarj etmək üçün pulsuz məntəqələr quraşdırır, elektriklə işləyən maşınlara 0 vergi tədbiq edir, yəni, müxtəlif təşviq proqramları vasitəsi ilə bu sahəni stimullaşdırır.

Almaniyada fəaliyyət göstərən “Institute of Energy Economics at the University of Cologne” (EWI) təşkilatı Avropanın Rusiyadan qaz asılılığını ölçən yeni bir hesabat yayımlayıb. Hesabata görə, Avropa indi, 2015-ci ildə Rusiyanın enerji şantajına 2009-cu ilə görə daha yaxşı hazırlıqlı vəziyyətdədir (

hesabat PDF formatda təqdim olunur

). Amma, əsasən, Cənub, Şərqi , Baltikyanı Avropa ölkələri hələ də Rusiya qazından ciddi asılı vəziyyətdədirlər və əsas hədəf kimi, məhz bu ölkələrin asılılığının azaldılması gündəmə gəlib. (Foto)

Bütün bu baş verən hadisələrin Azərbaycanla birbaşa əlaqəsi var. Azərbaycan hökuməti israr edir ki, yaxın 5 ildə Avropanın yeni qaz mənbəyi bizim ölkə olacaq və bu tezisdən siyasi dividentlər əldə etmək üçün istifadə edirlər. Bir məsələni anlamırlar ki, bu tezis Azərbaycan auditoriyası üçün keçərli olsa da, Avropa institutlarını belə məsələlərlə aldatmaq mümkün deyil. Azərbaycanın qaz resursları Avropa üçün tək bir məsələdə önəmli idi: Rusiya qiymət diqtə edərkən, yeni mənbənin olması Avropaya danışıqlarda üstünlük qazanmağa yardımçı olurdu, amma, həm Avropa, həm də Rusiya yaxşı bilirdilər ki, Azərbaycanın çox kiçik qaz həcmləri Avropada “havanı dəyişməyəcək”. Yeni Enerji İttfaqının yaranması isə, ümumiyyətlə, bu amili də heçə endirir: Rusiya daha qiymət diktəsi edə bilməyəcək. Yaxın 5 ildə Avropa qaz bazarına yeni böyük oyunçular daxil olacaq. ABŞ, İsrail, Kipr kimi oyunçularla yanaşı, İran və İraq kimi böyük, əhəmiyyətli qaz ehtiyatları olan ölkələr də Avropa bazarını hədəf alıb. Çünki, stabil və varlı müştərilər məhz bu bazardadır. Avropa da bunun fərqindədir, bunu anlayır və oyun qaydalarını özü müəyyən etməyə çalışır. Rəqəmlərin quru dili ilə vəziyyət belədir: 2020-ci ildə Avropanın qaza olan təlabatı 500 mlrd. m3 olacaq, Azərbaycan 2020-ci ildə ən yaxşı halda Avropaya 10 mlrd. m3 qaz çıxarda biləcək ki, bu da çox kiçik rəqəmdir. İran sanksiyalar götürüldükdən sonra 3 ilə Avropa bazarına 60 mlrd. m3 qaz çıxarda bilər, İraqın potensialı isə 15-20 mlrd. m3-dir. Yəni, tək bu iki ölkə Azərbaycandan 8 dəfə çox Avropaya qaz ixrac edə bilər. ABŞ-da sıxılmış qaz terminalları 2016-cı ildən sonra işə düşəcək, 2020-ci ilə qədər ABŞ Avropaya 80 mlrd. m3 qaz çıxarda bilər. İsrail və Kipr də 2020-ci ilə qədər Avropa bazarına ildə 30-40 mlrd. m3 qaz çıxartmağı hədəfləyir. Yəni, yeni qaz mənbələrindən 2020-ci ilə qədər Avropaya 200-210 mlrd. m3 qaz satışa çıxarılacaq ki, bu da Rusiyanın bu gün tədarük etdiyi 150 mlrd. m3 qazdan xeyli artıqdır. Başqa sözlə, 19 martda yaranmış yeni Avropa Enerji İttifaqı məhz bu məsələləri həll etmək üçün təsis edildi.

Azərbaycan hökuməti anlamalıdır ki, neft-qazla dost tutmaq erası artıq bitib, ölkənin bütün iqtisadi və siyasi maraqları məhz enerji faktoruna kökləndiyindən artıq dayanaqlığını itirib, ölkə mütləq yeni, tərəqqiyə hesablanmış modelə, yeni sistemə keçməlidir. İndiki siyasi hakimiyyət bunu nə qədər tez anlasa, ölkəmiz üçün, dövlətimiz üçün bir o qədər faydalı olacaq. Yox əgər reallığı qəbul etməməkdə israrlı olsalar, həm özlərinə, həm ölkəmizə ciddi ziyan vuracaqlar….

Natiq Cəfərli

Ana səhifəXəbərlərAvropanın yeni enerji xəritəsi (TƏHLİL)