Avropanın Rusiya qazından asılılığını azaldan 10 maddəlik plan

Beynəlxalq Enerji Agentliyi (IEA). Foto: Jarretera/shutterstock

“Əlcəzair, Azərbaycan və Norveçdən 10 mlrd. kub qaz idxalı da nəzərdə tutulub”

Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni təhlili göstərir ki, bir sıra tədbirlər Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığını üçdə birdən çox azalda bilər.

Beynəlxalq Enerji Agentli bu hesabatı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı açıqlayıb.
10 maddəli plandan ibarət hesabat həm də Rusiyaya sanksiyaların cəmiyyətə təsirini minimuma endirmək məqsədi daşıyır.

2021-ci ildə Avropa İttifaqı ölkələri Rusiyadan boru kəməri vasitəsilə gündə orta hesabla 380 milyon kubmetrdən çox və ya ildə təxminən 140 milyard kubmetr (bcm) qaz idxal edib.

Bundan əlavə, təxminən 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edilib.

Rusiyadan idxal edilən ümumi 155 milyard kubmetr qaz 2021-ci ildə Aİ-nin qaz idxalının təxminən 45 faizini və ümumi qaz istehlakının təxminən 40 faizini təşkil edib.

Hesablamalara görə, 10 addımlıq plan Aİ-yə imkan verəcək ki, il ərzində Rusiya qazının idxalını 50 milyard kubmetrdən çox (üçdə birdən çox) azaltsın.

Böyük Britaniyanın qaz tədarükünün yalnız 5 faizi Rusiyadan gəlir. Qalanı Şimal dənizindən gələn ehtiyat hesabına formalaşır.

IEA-nın tövsiyəsi bunlardır:
Rusiya ilə heç bir yeni qaz idxalı müqaviləsi bağlamayın;
Alternativ mənbələr axtarın;
Minimum qaz saxlama öhdəliklərini tətbiq edin;
Yeni külək və günəş layihələrinin tətbiqini sürətləndirin;
Bioenerji və nüvə enerjisindən maksimum enerji istehsal edin;
Həssas elektrik istehlakçılarını yüksək qiymətlərdən qorumaq üçün gözlənilməz mənfəətə görə qısamüddətli vergi tədbirləri tətbiq edin;
Qaz qazanlarının istilik nasosları ilə dəyişdirilməsini sürətləndirin;
Binalarda və sənayedə enerji səmərəliliyinin artırılmasını sürətləndirin;
İstehlakçılar tərəfindən termostatın müvəqqəti olaraq 1 °C azaldılmasını təşviq edin;

Enerji sisteminin çevikliyi mənbələrinin şaxələndirilməsi və karbonsuzlaşdırılması üçün səyləri gücləndirin.

“Artıq heç kim heç bir illüziya altında deyil. Rusiyanın təbii qaz ehtiyatlarından iqtisadi və siyasi silah kimi istifadə etməsi, Avropanın gələn qış Rusiya qazının tədarükü ilə bağlı əhəmiyyətli qeyri-müəyyənliklə üzləşməyə hazır olmaq üçün tez hərəkətə keçməli olduğunu göstərir”, – İEA-nın icraçı direktoru Fatih Birol bildirib.

Fatih Birol. Foto: https://time.com/

O əlavə edib ki, İEA-nın 10 Maddəlik Planı təhlükəsiz və sərfəli şəkildə təmiz enerjiyə keçidi dəstəkləməklə yanaşı, bir il ərzində Avropanın Rusiya qazı idxalından asılılığını üçdə birdən çox azaltmaq üçün praktiki addımlar təqdim edir: “Avropa Rusiyanın enerji bazarlarında dominant rolunu sürətlə azaltmalı və alternativləri mümkün qədər tez artırmalıdır”.

Analitiklər düşünürlər ki, əgər Avropa İttifaqı bu əlavə addımları atsa, o zaman yaxın müddətdə Rusiyadan qaz idxalı 80 milyard kubmetrdən çox azalacaq. Bu da ölkənin gəlirlərinə ciddi təsir göstərəcək.

İqtisadçı Rövşən Ağayev deyir ki, planda Əlcəzair, Azərbaycan və Norveçdən kəmər infrastrukturu hesabına əlavə 10 mlrd. kub qaz idxalı da nəzərdə tutulub.

Eyni zamanda, enerjidən istifadənin səmərəliliyinin və qənaətin yüksəldilməsi, alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalının artırılması təxminən 35 mlrd. kub qazdan istifadəyə qənaətə imkan verəcək:

“Çox qısa zaman üçün kifayət qədər iddialı hədəfdir. Plannın nə dərəcədə əsaslandırılmış olmasını hər halda ilin sonunda görmək mümkün olcaq”.

Rövşən Ağayev
Rövşən Ağayev. Foto: Meydan TV

İqtisadçı bildirir ki, plana əsasən, aprel ayında yeraltı qaz anbarlarları ilə bağlı da bütün birlik üzvlərinin əməl etməli olduğu öhdəlik təsdiqlənəcək:

“Həmin standarta əsasən oktyabrın 1-dək mövcud anbarların 90 faiz doluluq səviyyəsi təmin edilməlidir. Belə görünür ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi neftdən imtinanı daha da sürətləndirir”.

Ana səhifəDünyaAvropanın Rusiya qazından asılılığını azaldan 10 maddəlik plan