Qurumun 1411-ci görüşü keçirilir
Sentyabrın 14-dən Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) 1411-ci görüşü keçirilir. Görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə
edilir
.
Toplantı 3 gün davam edəcək və yekunda AŞ NK 100-dən artıq qərarın icra vəziyyəti ilə bağlı rəyini açıqlayacaq.
İcra durumu müzakirə ediləcək qərarlar əsasən, Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Belçika, Bosniya və Herseqovina, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Ukrayna, Türkiyə, İrlandiya ilə bağlıdır.
AŞ NK Azərbaycanla bağlı Məmmədli və Namazov qrupuna daxil olan 10 qərarın, habelə, “Sarqsyan Azərbaycana qarşı” qərarının icra durumunu da incələyəcək.
Namazov işi qrupu çərçivəsində AİHM-in Azərbaycanla bağlı 3 qərarının (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarları) icrasına nəzarət edilir. Hər 3 qərar vəkillərin Azərbaycan Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərdə vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar verib.
“Məmmədli işi” qrupunda isə AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 7 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar SMDT sədri Anar Məmmədli, Həsənov və başqaları, hüquqşünas İntiqam Əliyev, ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli, İbrahimov və Məmmədov, araşdırmaçı jurnalist Xədicə İsmayılova (2), hüquq müdafiəçiləri Arif və Leyla Yunuslarla bağlıdır.
Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyəqədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
“Sarqsyan Azərbaycana qarşı” qərarı mülkiyyət hüququ mübahisəsi ilə əlaqəlidir.
AŞ NK həmçinin, “Çıraqov və başqaları Ermənistana qarşı” qərarının icra durumunu da incələyəcək. Bu qərar 1992-ci ildə Laçın rayonundan didərgin düşən 6 azərbaycanlı ailənin şikayəti üzrə çıxarılıb. AİHM bu qərarında mülkiyyət hüququnun pzountusunu tanıyıb, ancaq Ermənistan qərarın icrasını yubadır.
AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.
AŞ NK-nın son bilgilərinə görə, indiyədək AİHM-in Azərbaycanla bağlı 300-ə yaxın qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 43-nün icrasına nəzarət qapadılıb. 248-dən artıq qərarın icrasına nəzarət davam etdirilir. İcrası yubanan belə qərarların 202-si “təkrarlanan”, 46-sı isə “aparıcı” qərarlardır.