”Media nümayəndələri tərəfindən satira janrında nəşrlərə, kinayəli formada ifadələrə yol verilir, amma bir şərtlə ki, bu, kobud təhqir səviyyəsinə çatmamalıdır”
Cinayət qanunvericiliyində diffamasiyaya görə məsuliyyət tədbirlərinin olması öz-özlüyündə fikri ifadə azadlığına məhdudlaşdırıcı təsir göstərir.
Bu fikri Avropa Şurasının İnformasiya Cəmiyyəti Departamentinin rəhbəri Patrik Penniks bu gün AŞ və Avropa İttifaqının “Azərbaycanda fikri ifadə və media azadlığı” adlı birgə layihəsi çərçivəsində təşkil edilmiş diffamasiya məsələlərinə həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Avropa Şurası araşdırma aparıb, Avropa məkanında 1000-dən çox jurnalist arasında anket aparıb və sorğunun əksər iştirakçıları təhlükəsizlikləri ilə bağlı risklər arasında diffamasiyaya görə cinayət təqibi mümkünlüyünü qeyd ediblər.
AŞ nümayəndəsi qeyd edib ki, ifadə azadlığı ilə bağlı məhdudiyyətlər yalnız açıq-aşkar ədavət və zorakılıq hallarında mümkündür.
Penniks həmçinin mülki qanunvericilik çərçivəsində diffamasiyaya görə yüksək cərimələrin yolverilməz olduğunu qeyd edib.
Onu fikrincə, jurnalistlərin diffamasiyaya görə həddindən artıq cəzalandırılmaqdan qorunması məsələlərində qanunverici, məhkəmə hakimiyyətlərinə və jurnalistlərin özlərinə böyük rol düşür.
Belə ki, parlamentlər beynəlxalq təşkilatlar arasında diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı konsensusu nəzərə almalıdırlar.
Məhkəmə orqanları diffamasiya iddialarına baxarkən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına riayət etməlidirlər.
Media öz növbəsində peşə etikası normalarına riayət etməlidir. Amma mətbuatın özünütənzimləmə mexanizmləri özünüsenzuraya keçməməlidir.
Penniks hesab edir ki, jurnalistlər ictimai cəhətdən əhəmiyyətli problemlərin işıqlandırılmasına görə təqibə məruz qalmamalıdırlar. Media nümayəndələri tərəfindən satira janrında nəşrlərə, kinayəli formada ifadələrə yol verilir, amma bir şərtlə ki, bu, kobud təhqir səviyyəsinə çatmamalıdır. Jurnalistlər və media həmçinin üçüncü şəxslərin müsahibələrinə görə məsuliyyət daşımamalıdır (nadir hallar istisna olmaqla).
Turan İA