Avropa Məhkəməsi ömürlük məhbusa görə hökuməti cərimələdi

Azərbaycan mənəvi zərərə görə 20, hüquqi məsrəflərə görə 3500 avro ödəməlidir

Source:


Azərbaycan mənəvi zərərə görə 20, hüquqi məsrəflərə görə 3500 avro ödəməlidir

Mayın 4-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. Məhkəmə qərarında Azərbaycan hökumətinin Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsini pozduğu qənaətinə gəlib. Məlumatı məhkəmənin saytı yayıb.

Qərar Qobustan həbsxanasında cəza çəkən məhbusun ölümü ilə bağlı göndərilən şikayət üzrə çıxarılıb.

Bildirilir ki, Mahir Mustafayev ömürlük həbs cəzasına məhkum edilib və cəzasını Qobustan qapalı həbsxanasında çəkib.

2006-cı ilin dekabrında M.Mustafayevin saxlandığı kamerada yanğın olub. Səbəbi müəmmalı olan yanğın nəticəsində M.Mustafayev vəfat edib. Yanıq xəsarətləri alan M.Mustafayevi xəstəxanaya hadisədən ancaq 8 saat sonra çatıdırıblar.

Yanğınla bağlı isə iki versiya olub. Birinci, rəsmi versiyaya görə, M.Mustafayev siqaret çəkərkən ehtiyatsızlıq etdiyindən hadisə törənib və məhbusu xəstəxanaya aparan avtomobil yolda xarab olduğu üçün xəstəxanaya vaxtında çata bilməyib.

M.Mustafayevin vəkilləri isə iddia ediblər ki, məhbus həbsxana əməkdaşlarının verdiyi işgəncə nəticəsində vəfat edib. İşgəncə olayını ört-basdır etmək üçün kamerada yanğın imitasiyası təşkil edilib.

Qərara görə, M.Mustafayevin ölümü ilə bağlı prokurorluq 2006-cı ilin dekabrında cinayət işi başlanmasından imtina edib. Ölkədaxili məhkəmələrin qərarları bu ölümə aydınlıq gətirmədiyi üçün mərhumun atası Zeynal Mustafayev Avropa Məhkəməsinə şikayət edib.

Avropa Məhkəməsi şikayəti əsaslı sayaraq, hesab edib ki, M.Mustafayevin Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsində nəzərdə tutulan hüquqları pozulub.

Hökumət Mustafayevlərə mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərə görə isə 3500 avro ödəməlidir.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi ömürlük məhbusa görə hökuməti cərimələdi