Suallara 2017-ci ilin aprelinədək cavab verilməlidir
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha bir şikayəti araşdırmağa başlayıb.
Şikayət gənc fəal İlkin Rüstəmzadənin işi ilə bağlıdır. Məhkəmə işlə bağlı hökumətə beş sual göndərib. Gələn ilin aprelinə qədər suallara cavab verilməlidir.
Azadlıq Radiosu yazır ki, bu haqda Avropa İnsan Hüquqlar Məhkəməsinin (AİHM) saytında bildirilir.
Saytdakı məlumata görə, gənc fəalın araşdırılan işi onun etiraz aksiyasında saxlanılaraq inzibati həbs edilməsi ilə bağlıdır.
AİHM-ə göndərilmiş şikayətdə deyilir ki, İ.Rüstəmzadə “Azad Gənclik” təşkilatının təsisçilərindən olub. O, 2013-cü ildə əsgər ölümləri əleyhinə etiraz aksiyalarının təşkilində də yaxından iştirak edib.
İ.Rüstəmzadə 2013-cü ilin aprelində Dövlət Neft Akademiyasında 4 il əvvəl baş vermiş terror aksiyasını anım yürüşünə qatılıb. Həmin yürüş zamanı onu polis saxlayıb. Bölmədə saxlanmasının səbəbləri, hüquqları ona izah edilməyib, vəkillə təmin olunmayıb.
Ardınca Nəsimi Rayon Məhkəməsi qapalı iclasda gənc fəala İnzibati Xətalar Məcəlləsinə əsasən 15 sutka inzibati həbs verib.
İ.Rüstəmzadə həmin qərarı yüksək məhkəmələrdə mübahisələndirsə də, onun şikayətlərinin heç biri təmin olunmayıb.
Gənc fəal AİHM-ə şikayətində iddia edir ki, yerli məhkəmələr şikayətlərinə baxarkən, onun Avropa Konvensiyasında nəzərdə tutulmuş 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (İfadə azadlığı hüququ) və 11-ci (Toplaşmaq hüququ) maddələri ilə qorunan hüquqlarını pozub. O, pozuntuların tanınmasını xahiş edib.
İlkin Rüstəmzadə 2013-cü ilin mayın 17-də təkrar saxlanılıb. Xuliqanlıqda ittiham olunan gənc fəal 2014-cü il mayın 6-da məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Beynəlxalq Amnistiya Təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan İlkin Rüstəmzadəni “vicdan məhbusu” kimi tanıyıb.