Avropa Məhkəməsi Eldar Həsənovla bağlı Azərbaycan hökumətinə sorğu göndərib

“ Məcburiyyətdən Avropa İnsan Hüquqları Məhkəməsi qaydalarının 39-cu maddəsinə uyğun olaraq, ora müraciət etdik”.

Source: google.az


“Vəkil olaraq utanıram ki, adekvat tibbi yardım göstərilməsinə Baş Prokurorluğun İstintaq İdarəsi belə biganə münasibət göstərir”

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar Avropa Məhkəməsindən Azərbaycan hökumətinə sorğu göndərilib. Bu barədə Meydan TV-yə keçmiş səfirin vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, Eldar Həsənovun səhhətində xeyli vaxtdır ciddi problemlər var. Lakin onun müalicəsi üçün lazımi addımlar atılmır. Sabiq Baş prokurorun həyatının təhlükə qarşısında olduğunu nəzərə alaraq, bir müddət əvvəl məsələ ilə əlaqədar vəkilləri prezidentə açıq məktub yazıb. Müdafiəçinin sözlərinə görə, bu müraciətin nəticəsi olmayıb. Digər tərəfdən də, Eldar Həsənovun durumu günü-gündən daha da ağırlaşır.

“Vəkil olaraq utanıram ki, adekvat tibbi yardım göstərilməsinə Baş Prokurorluğun İstintaq İdarəsi belə biganə münasibət göstərir. Həm də ona görə utanıram ki, sadə humanitar məsələləri ölkə daxili hüquqi müdafiə vasitələrlə həll etmək mümkün olmur. Məcburiyyətdən Avropa İnsan Hüquqları Məhkəməsi qaydalarının 39-cu maddəsinə uyğun olaraq, ora müraciət etdik. Eldar Həsənovun özəl tibbi klinikalardan birində müayinə olunması, onun özünün seçdiyi həkimin dəvət olunması, hələ həbsindən əvvəl planlaşdırılmış cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradılmasını xahiş etmişik. Avropa Məhkəməsi keçən həftə bu müraciəti araşdırmağa başlayıb, hökumətə sorğu göndərib və qısa müddətdə cavablandırılmasını istəyib”, – Cavad Cavadov bildirib.

Keçmiş səfirin vəkilləri prezidentə müraciətlərində bildirib ki, o, son 6 ildə 7 ağır cərrahiyyə əməliyyatı keçirib, hazırda onurğa problemləri üzündən iflic olma təhlükəsi yaşayır, ağrılardan əziyyət çəkir. Sabiq səfirin eyni zamanda ürəyində də problem olduğu bildirilir.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bir müddət əvvəl onun vəkili yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Eldar Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İsa Nəcəfov olub-olmadığı isə məlum deyil.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Eldar Həsənovla bağlı Azərbaycan hökumətinə sorğu göndərib