Faiq Əmirli həbsinə görə hökumətdən 7500 avro təzminat alacaq
Avropa İnsan Haqları Məhkəməsi “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsinə görə Azərbaycan hökumətini 7500 avro cərimələyib.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
“Faiq Əmirli siyasi-ictimai fəaliyyətinə görə həbs edilib. O, şərlənərək, FETÖ-nun (FETÖ Türkiyə hakimiyyətinin təşkilata verdiyi addır- Fətullah Güllənin Terror Təşkilatı-red.) imamı kimi qələbə verilib. Maşınına “Fəthullah Gülən”, “Fəthullah Gülənlə 11 gün”, “Ruhumuzun heykelini dikerken” kitabları atılıb. Sonradan həmin kitablar cinayət işindən çıxarılıb. Çünki onların birinin ön sözünü həmin zaman Baş prokuror olan Zakir Qaralovun dayısı Zahid Qaralov yazıb”, – vəkil bildirib.
Faiq Əmirli 2016-cı il avqustun 20-da saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin (CM) 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Daha sonra Faiq Əmirliyə yeni ağır ittiham irəli sürülüb. Sonradan bəzi ittihamlar məhkəmə öncəsi götürülüb.
Faiq Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.
O, 3 il 3 ay azadlıqdan məhrum olunub.
Daha sonra Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Səbail rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay 5 günü şərti hesab edilib.
O, 2017-ci il sentyabrın 15-də azadlığa çıxıb.