Avropa İttifaqının 40-a yaxın eksperti Ermənistana gedir

Avropa İttifaqı. Foto: artjazz/shutterstock

Qrup Azərbaycan-Ermənistan sərhədi boyunca monitorinq aparacaq

Avropa İttifaqı regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycan-Ermənistan sərhədi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə oktyabrın 17-də Avropa İttifaqı məlumat yayıb.

Qərarın oktyabrın 6-da Praqada dördtərəfli görüşdən sonra qəbul edildiyi qeyd olunub.

“Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir”, – deyə ittifaq bildirib.

“Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinə 40-dək Avropa İttifaqı müşahidəçisinin göndərilməsi etimadın möhkəmləndirilməsinə, həyatı təhdid edən və münaqişənin həlli prosesini təhlükə altına alan vəziyyətin sabitləşməsinə yönəlib. Bu, Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına tam sadiqliyinə bir daha sübutdur”, – bu açıqlamanı isə ittifaqın xarici işlər naziri Jozep Borrel səsləndirib.

Avropa İttifaqı müşahidəçilərinin çevik yerləşdirilməsini təmin etmək üçün onların müvəqqəti olaraq Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının tərkibindən göndərilməsi qərara alınıb.

Eyni zamanda, monitorinq missiyasının müvəqqəti xarakter daşıyacağı və 2 aydan çox sürməyəcəyi vurğulanıb.

Azərbaycanın Prezidenti İlham Əliyev Astana görüşündə Praqada Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunduğunu demişdi:

“Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik”.

“Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək”, – deyə o bildirib.

Ana səhifəSiyasətAvropa İttifaqının 40-a yaxın eksperti Ermənistana gedir