Avropa İttifaqı Tbilisinin Bakı və Yerevan arasındakı vasitəçiliyini dəstəkləyir

Toivo Klaar. Foto: APA

“Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhə töhfə verməsi çox vacibdir”

“Avropa İttifaqı Tbilisinin Bakı və Yerevan arasında danışıqlarda körpü rolunu öz üzərinə götürmək istəyini dəstəkləyir”.

Bu açıqlamanı fevralın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstanın Birinci Kanalına müsahibəsində səsləndirib.

“Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhə töhfə verməsi çox vacibdir. Burada Gürcüstanın Ermənistanla Azərbaycan arasında körpü rolu çox gərəklidir”, – deyə Klaar bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq atılan addımlar Gürcüstanın Baş naziri ilə müzakirə olunub.

Diplomat deyib ki, Gürcüstan coğrafi baxımdan çox əlverişlidir, siz qonşu ölkələrdən bura tez və asanlıqla gələ bilərsiniz: “Nəhayət, məntiqlidir ki, eyni məkanda, Cənubi Qafqazda yerləşən üç ölkə əməkdaşlıq sahələri tapmağa çalışmalıdır”.

2022-ci ilin iyulun 16-da Gürcüstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk dəfə vasitəçisiz görüşü keçirilib.

Həmin vaxt Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili özünün “Twitter” səhifəsində bildirmişdi ki, Tbilisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş yerinə çevrilib.

O hesab edirdi ki, Tbilisinin təşəbbüsü ilə baş tutan bu görüş regionda sülh və sabitliyin yaradılması istiqamətində nəticəsini verəcək.

Azərbaycan XİN görüşdən sonra yaydığı açıqlamada hər iki tərəfin götürdükləri öhdəliklərin icrasını müzakirə etdiyi vurğulanırdı.

“Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb”, – deyə  Azərbaycan XİN mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Ermənistan XİN bildirirdi ki, görüş zamanı Ararat Mirzoyan və Ceyhun Bayramov Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələlərə toxunublar.

“Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin regionda sabit və davamlı sülhün əldə edilməsi yolunda mühüm əhəmiyyət kəsb etdiyi barədə erməni tərəfinin mövqeyini bir daha səsləndirib. Qeyd olunur ki, Mirzoyan bu kontekstdə ATƏT-in Minsk qrupu həmsədrliyinin təcrübəsindən istifadənin vacibliyi bildirib”.

Ana səhifəSiyasətAvropa İttifaqı Tbilisinin Bakı və Yerevan arasındakı vasitəçiliyini dəstəkləyir