Belə getsə, ikincini seçməli olacayıq
Hamı ilə düşmən olmaq. Azərbaycan sanki bütün yaxın və uzaq qonşuları ilə münasibətləri korlamaq xətti seçib. Rəsmi Bakının normal münasibətdə olduğu ölkə yoxdur.
Ən çox isə hədəfə çıxarılan Qərbdir. İqtidar sanki Qərbi bölgədən qovmaq istəyir. Bu, fantastik bir yanaşma olsa belə, sual yaranır: Qərb Azərbaycandan getsə, boşluğu kim dolduracaq? Rusiya, İran, yoxsa Səudiyyə Ərəbistanı və yaxud Şimali Koreya? Qərb Azərbaycandan gedərsə, Azərbaycan cəmiyyətinin həyatında hansı dəyişikliklər baş verəcək? Qərbin, beynəlxalq təşkilatların bu qədər təzyiqinə rəğmən Azərbaycan hakimiyyəti insanların ən elementar hüququnu pozmaqda davam edirsə, bölgəyə Rusiya, yaxud Səudiyyə Ərəbistanı gəlsə, vəziyyət necə olacaq?
Əlbəttə ki, Birləşmiş Ştatlar, beynəlxalq qurumlar da ideal deyil. Lakin bir anlığa düşünək ki, ABŞ, NATO, Avropa Şurası, Avropa Birliyi mövcud deyil və Azərbaycan Putin Rusiyası ilə və yaxud İŞİD-ə bənzər bir qüvvə ilə üz-üzə qalıb. Yaxud Qərb təhsilini haram adlandıran Boko Haram Azərbaycanda əsas siyasi qüvvəyə çevrilib. İnsanımız bu halda hansı vəziyyətdə ola bilərdi?
Qərb Azərbaycandan qovmaq istəyənlər öncə bunu düşünməlidirlər. Məmurların anti-Qərb isteriyasının arxasında əslində onların demokratiyaya nifrəti dayanır. Övladlarını Qərbdə təhsil almağa göndərən, Avropada biznes quran məmurlar əslində rəğbətlərinin istiqamətini göstərmiş olurlar. Sadəcə olaraq, demokratiyaya nifrət Rusiyanı və ona bənzər ölkələri seçməyə vadar edir. Məmurların istəyi anlaşılandır.
Sadə insanların beynəlxalq təşkilatlara bu dərəcədə aqressiyasını anlamaq isə bir qədər çətindir.
Əlbəttə ki, insanlar Azərbaycanda demokratiyanın neftə qurban verilməsini “Sem dayı”ya bağışlaya bilmirlər. Lakin bir daha bir anlığa düşünək ki, “demokratiya dəyənəyi” yoxdur, Azərbaycan məmurlarının özbaşınalıqlarının miqyasını təsəvvür edə bilərik.
Azərbaycanda demokratiya anlayışına alternativ axtarmaq və ya onu milli, yerli formada təqdim etmək cəhdləri çox olub.
Dövlət rəsmiləri demokratiyaya müxtəlif şərhlər, yozumlar verməyə başlayıblar.
Əvvəlcə “məsuliyyətli demokratiya” anlayışı meydana çıxdı. Bununla ölkədə mövcud olan sərt avtoritar rejimə haqq qazandırmağa cəhd etdilər. Hakimiyyət daim xaricdən demokratiyanın vəziyyəti ilə bağlı tənqidlərə məruz qaldığından sonradan “suveren demokratiya” anlayışı yarandı. Bu, daha çox neftdən gələn gəlirlərin artmağa başladığı son dövrlərə aiddir.
Daxili maliyyə resursları qazanan hakimiyyət əldə etdiyi iqtisadi müstəqillikdən siyasi müqavimətini artırmaq üçün istifadə etməyə başladı. Demokratiya və insan haqları ilə bağlı hər hansı irad böyük etirazla qarşılanır, bunun qərəzli olduğu bildirilir və daxili işlərə qarışmaq kimi qiymətləndirilir.
Lakin bir həqiqət var. Dünyadakı avtoritar rejimlər uzun müddət qalmayacaq. Artıq dünyada elə qlobal proses gedir ki, müəyyən bir ardıcıllıqla onların hamısı çökəcək.
Dünyanın hər yerində avtoritar liderlər hakimiyyətlərini itirə-itirə gedir, xalqlar isə qalib gəlirlər.
Qlobal tendensiyanın qarşısını almaq mümkün olmayacaq, o cümlədən Azərbaycanda da demokratiya bərqərar olacaq. Doğrudur, Qərb ölkələri də problemə həmişə adekvat yanaşmırlar, bütün ölkələrdə demokratiyanı prinsipial müdafiə etmirlər, amma hər halda, getdikcə demokratiyanın cəbhəsini böyüdürlər. Avtoritar ölkələrin hər birində demokratiya Qərbin fəal iştirakı ilə bərqərar olub.
Yuxarıda da vurğuladığımız kimi, hakimiyyətin demokratiyaya nifrət etməsi təkcə neft amili ilə bağlı deyil. Gəlin nəzər salaq, hazırda regionda hansı proseslər baş verir və rəsmi Bakıya özünü bu cür aparmağa nə imkan verir?
Bir tərəfdən burada enerji amilinin şübhəsiz rolu var. Hakimiyyət və Qərb bunu gizlətmir. Qərb üçün dəyərlər və maraqlar mövcuddur. Qərb demokratik dəyərlərin təminatı məsələsini nəzərdə tutanda bunu, ilk növbədə, öz vətəndaşlarına şamil edir. Azərbaycanda bu dəyərlərin tətbiqi məsələsinə gələndə isə burada maraqlar tərəfi daha üstün gəlir. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki,
Azərbaycan tərəfi demokratik dəyərlərdən özü imtina edir. Azərbaycandan bir çox layihələrdə tranzit ölkə kimi istifadə olunur.
Bu da hakimiyyətə müəyyən dividentlər verməmiş deyil. Maraqların başqa bir qrupu isə regiondakı ciddi qarşıdurma ilə bağlıdır.
Burada söhbət təkcə enerji maraqlarının toqquşmasından getmir. Azərbaycanın regiondakı vəziyyəti ilə bağlı Avropanın, Rusiyanın və ABŞ-ın bir-birindən fərqli maraqları var. Üçüncü maraqlar qrupu isə İranla bağlı olan məsələlərdir ki, Qərbin Tehranla münasibətlərində Azərbaycanın konkret yeri və rolu var.
Qərb avtoritar rejimlər qarşısında qətiyyən aciz deyil. Qərb diktatorlardan qətiyyən qorxmur. Qərb heç də həmişə demokratiyanı neftə qurban vermir. Sadəcə, başqa problemlər var.
Ümumiyyətlə, Azərbaycan tipli avtoritar rejimlərə o vaxta qədər dözülür ki, onlar Qərbin maraqlarına mane olmurlar. Hazırda böyük siyasi, iqtisadi problemlərlə məşğul olan Qərb üçün Azərbaycan hakimiyyəti kimi iqtidarlara reaksiya vermək vacib deyil. Bu, hazırda belədir. Amma bu dəyərlər sabah dəyişə bilər. Necə ki, biz yaxın keçmişə nəzər salsaq, bu cür mövqe sərgiləyən rejimlərin hansı aqibətlə üzləşdiyini açıq şəkildə görərik. Bu baxımdan, bu gün çox güclü görünən Azərbaycan hakimiyyəti sabah olduqca çətin duruma düşə bilər. Odur ki, bütün dünyaya yumruq silkələməkdən öncə düşünmək lazım gəlir. Qərbə, beynəlxalq təşkilatlara savaş açan hakimiyyətlərin sonu acınacaqlı olur. Bakını da belə bir perspektiv gözləyə bilər…