“Avropadan Azərbaycana gələn mallar 15 faiz civarında bahalaşacaq”
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın 1 avqusta olan məzənnəsini açıqlayıb.
AMB-nin məlumatına görə, 1 ABŞ dolları 1,7009, 1 avro isə 2,0122 manat olub.
Bəzi iqtisadçılar avronun bahalaşmasına səbəb kimi bu valyutanın dünya bazarında dəyər qazanmasını göstərir.
REAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə deyir ki, əslində dünyada avronun bahalaşması deyil də, dolların ucuzlaşması baş verir:
“Yəni, avrozonanın problemləri yerindəcə qalıb: Brexit, Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması və s. – bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur. Dolların ucuzlaşması isə ABŞ-da siyasi səhnədə olan qeyri-müəyyənliklə bağlıdır. Artıq ciddi müzakirələr gedir ki, Trump yaxın aylarda istefa verə bilər. Bu qeyri-müəyyənlik dollara mənfi təsir edir”.
O ki qaldı Azərbaycana, iqtisadçı deyir ki, bu proseslərin bizə 2 təsiri var:
1) Neft son vaxtlarda 52 dollara qədər bahalaşdı, amma bu, daha çox dolların ucuzlaşması ilə bağlıdır. Dollar indeksi 100 punktan yuxarı olanda neft 54 dollar idi.
İndi indeks 91-92 punkta düşüb. Neft isə 52 dollardır, yəni, əslində neft ucuzlaşıb;
2) Avrozonadan Azərbaycana gələn mallar 15 faiz civarında bahalaşacaq. Əsasən dərmanlarda, avtomobillərdə, onların ehtiyat hissələrində və bəzi ərzaq məhsullarında bahalaşma olacaq.
İqtisadçı bildirir ki, avro yaxın həftələrdə bahaşmaqda davam edə bilər:
“Amma bu, uzun çəkməyəcək. Sentyabrda növbəti FED toplantısında alınacaq qərarlar dolların yenidən güclənməsinə səbəb olacaq”.
İqtisadçı Vüqar Bayramov isə deyir ki, son 2 ildə ilk dəfə olaraq dünya bazarında avronun dollara nisbətən məzənnəsi 1.18-dək yüksəlib. Bu ilin aprelindən sonra avro ABŞ puluna nisbətən 11 faizə yaxın bahalaşıb:
“Avropa pulunun bahalaşması Avrozona ölkələrinin iqtisadi göstəricilərinin yaxşılaşması və eləcə də, ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır. Belə ki, dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla, əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır”.
İqtisadçı deyir ki, Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyrinə işləyən faktorlardandır:
“Bu həftə Avrozonada inflyasiya daxil olmaqla, bir neçə əsas göstəricilər elan ediləcək. Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitiv notlar əlavə edəcəkəsə, o zaman avronun möhkəmlənməsi davam edə bilər”.
Vüqar Bayramov manatın da avroya nisbətən ucuzlaşmaqda davam etməsinə diqqət çəkib. Deyir, apreldə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 qəpik ödəmək lazım idisə, indi 1.9963, yəni 2 manata yaxın pul vermək gərəkir:
“Deməli, son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb. ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması, təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızn başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmasına ehtiyac var”.