Kişilər həmişə belə deyir: “Siz qadınları başa düşmək olmur”. Neyləsinlər, kişilər çox sadə məxluqlardı. Onlara nəyisə deyəndə, bir balaca üstüörtülü desən, eşşəyin öldü. Heç vaxt eyhamlı sözlərindən anlaya bilməzlər ki, əslində sən nə demək istəyirsən. Bunun dəfələrlə şahidi olmuşam. Əminəm ki, qadınlar işin bu tərəfini yaxşı bilirlər. Ümumiyyətlə, qadın üçün naz etmək, nazlanmaq, istədiyini dolayı yolla bildirmək – taktikadır.
Məktəb illərində bütün müəllimlərin hörmət etdiyi, sinifdə hər kəsdən çox, fərq edəcəyimiz dərəcədə müəllimlər tərəfindən cani-dildən sevilən drektor qızı var idi. Kimsə üstünə azacıq səsini qaldırsaydı, qızı ağlamaq tutardı. 11-ci sinfə qədər ayaqqabısının bağını anasının bağladığını, paltarını anasının ütülədiyini və bu tipli mövzuları, heç nə olmamış kimi sinifdə hamıya danışardı. Əmisi rayon prokroru idi, özləri də kənddə ən yaxşı evlərdən birində yaşayırdılar.
Düzü, hələ ibtidai siniflərdə oxuyanda məktəbli formamı özüm ütüləyir, ağ köynəyimi özüm yuyub, asırdım. Buna görə də, sinifdə ən səliqəsiz mən olurdum. Anamın 8 uşağın əlindən mənə vaxt ayıra bilməməsi, üstəlik, buna heç ehtiyac da duymaması uşaqlıqdan məni bu kimi qayğılardan soyutmuşdu. Böyüdükcə daha səliqəli və sinfin ən nümunəvi şagirdi olmağı bacardım. Əlbəttə, hər gün daha yaxşı olmaq üçün, bütün dərslərimi oxuyur, saatlarla güzgü önündə məşq edərdim. Amma nə olur olsun, lap 5 qiymətləri ilə gündəliyin dolu olsun, ən ağıllı suallara belə ağılla cavab versən də, atası drektor, əmisi rayon prakuroru olan bu qızla aramızda yerlə-göy qədər fərqlər var idi. On birinci sinfi bitirməmiş, ayaqqabılarının bağını anası bağlayan, əks cinslə bir kəlmə belə kəsəndə sifəti qıpqırmızı qızaran sinif yoldaşımın ərə getmə xəbəri bizim üçün çox gözlənilməz oldu, bir azca da məyusedici…Amma ən əlası bu idi ki, daha rəqibim yox idi.
Direktor qızının taleyi mənim gözümdə söndü. Mənsə onun gələcəkdə haralara gedib çıxacağının xəyallarını qurmuşdum, ondan xəbərsiz. Sən demə, bura qədər imiş, özü də kənd oğlanı ilə ailə qurması , mənim düşüncələrimi daha da aydınlatmağa kömək etmişdi. Tolstoy demiş, bütün xöşbəxtlər hamsı eyni xöşbəxtdir, bədbəxtlər isə hərəsi bir cür.
Bütün kənd qadınlarının yaşadığı manaton həyat tərzi gözləyirdi bu başdan-ayağa həsəd aparacaq qədər səliqəli, bərli-bəzəkli, məktəb yaxalığı tərtəmiz, kraxmallı, lil vurulmuş, dantelli direktor qızını. Bu da dəqiq idi ki, ər evində yeməyini də anası bişirib, gətirəcəkdi. Bir sözlə uğurlu atanın, uğursuz qızı olmuşdu mənə görə.
Əlqərəz bu qızın necə deyərlər, ata evindən köçəndə bir ağlamağını görəydiniz. Heç vaxt yadımdan çıxmaz, o yerə gəlib çatdı ki, hönkürməkdən ürəyi getdi. Haray-həşir, hərə bir yana qaçdı, biri su gətirdi, o biri qucağına aldı, aşıqlar musiqini kəsdilər. Nənəsi dizlərinə vurub, ağı dedi. Qız ayılmışdı, amma hələ də ağlayırdı. O qızın niyə ağladığını birtəhər başa düşmək olardı. Varlı, vəzifəli atanın ərköyün qızı idi. Yeməyini anası bişirib qabağına gətirmişdi, bir dediyini iki eleyən olmamışdı. Kənd yerində də elə əyləncə-zad söhbəti də yox idi ki, deyəsən, harasa qoymamışdılar, evə gəlməyə saat təyin etmişdilər ki, bu saatda evdə olmalısan. Amma allah bilir, onu ər evində nələr gözləyirdi. Bəlkə səhər ertədən oyanacaqdı, bəlkə əri döyəcəkdi, bəlkə basıb işlədəcəkdilər. Nə bilmək olar? Qız anasının isti qucağından əjdahanın alovlu ağzıma atılırdı.
Amma indi, xüsusilə də şəhər yerində ailə quran qızların toy günü ağlamasını, ata evinə bağlılğını heç vaxt anlamamışam. Ərə gedəndən sonra da ata evi üçün darıxmaq, ağlamaq, kövrək hisslərə qapanmaq, “evimizə istəyirəm, mamamı istəyirəm”…
Guya ata evində bir xoş günün yiyəsi olublar Çoxunu ata evində qulluqçu kimi işlədirlər. İşləyirsə, tutub qazancını əlindən alırlar. Ata, qardaş, əmioğlu, xalaoğlü – bütün qohum kişilər əmrlə danışır. Azadlığı daima məhdudlaşıb. Axşam saat 6-dan sonra orta statistik Azərbaycan qızı evdən çölə çıxa bilmir. Ata-ana nəzarəti o qədər güclüdür ki, 24-25 yaşına çatmış qızların hansı paltarı alıb, geyinməsinə anaları qərar verir.
BDU-nun yataqxanasında qalanda tələbə qızlar yeni paltar almaq üçün analarını gözləyirdilər rayondan gəlsin, bunlara paltar seçsin.”Yox, bunu geyinmə, bir az dardır, yox dizindən aşağı olsa, lap yaxşı olar, boy, ay qızım atan öldürər səni, belə görsə! Nə deyər caamat, deməz ki, şəhərə getdi qudurdu?”. Bu kimi sözləri o qədər eşitmişəm ki, tələbə qızların valideynlərindən. Üstəlik, çoxları universiteti bitirib, evə gedəndə uzun ətək alıb, doğma rayonlarına, ata evlərinə bu uzun ətəklə gedərdilər. İstəklərini ən adi şəkildə qarşılamağa cəsarəti olmayan orta statistik əyalət qadını. Ərə gedəndə də ata evi üçün darıxan, ürəyi sıxılan, bu qızların ata evində günü bu olub.
Mentalitet bizdən hər addımımızda saxtakarlıq tələb edir. İstər ərə gedəndə, istər geyimimizdə, istərsə də davranışlarımızda. Yaşam tərzimizi saxtakarlıq üstündə qurmağı tələb edir. Amma artıq yaşlı nəsil erası bitir, cavan nəsil gərək saxtakarlığı, paxıllığı da yola salsın, rəngarəng dünyanın rolu ilə razılaşsın. Lap o istəyən kimi, başqalarının üstündən xətt çəkməyi bacaran bir cəmiyyət qursun. İstəyəndə gülə bildiyi, istəyəndə ağlayacağı….