Astara sakini: Atamın qanı ört-basdır edilib

Anamı atamın yas məclisindən polisə aparmışdılar, istədikləri kağızlara imzalatdırıb buraxmışdılar

Source: meydan.tv


Famil Bağırovun iddiasına görə, polis müstəntiqi onun anasını aldadaraq barışıq ərizəsi alıb və işi bağlayıb

“Anamı atamın yas məclisindən polisə aparmışdılar, istədikləri kağızlara imzalatdırıb buraxmışdılar. Sonradan bilmişik ki, həmin ərizəylə guya anam atamı vuran adamı bağışlayıb”.

Astara şəhər sakini Famil Bağırov Meydan TV-yə danışır ki, 2016-cı il, mayın 4-də atası Zaidağa Bağırovu elə Astarada Sərhəd Xidmətinin zabiti Samir Nadirov idarə etdiyi avtomobillə vurub. Zaidağa Bağırov hadisə zamanı aldğı xəsarətlərdən vəfat edib. 3 il keçməsinə baxmayaraq, hadisəni törətmiş şəxs məsuliyyətə cəlb olunmayıb.


“Yüksək sürət bir ailəni gözüyaşlı qoyub”

“Həmin sürücü maşını yüksək sürətlə idarə edib, nəticədə bir insanın ölümünə, bir ailənin gözüyaşlı qalmasına səbəb olub. Ancaq Astara Rayon Polis Şöbəsi cinayəti ört-basdır edib,”- Famil Bağırov deyir.

Bu fakt üzrə Astara Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Ancaq qısa müddətdən sonra zərərçəkmiş ailəyə cinayət işinə xitam verildiyi bildirilib. Famil Bağırov deyir, polis işə barışıq ərizəsinə əsaslanaraq xitam verib. Ancaq şikayətçinin iddiasına görə, bu ərizə də saxta olub:

“Atamın ölümünün üç mərasimini keçirirdik. Bir də xəbər tutduq ki, polislər gəlib anamı şöbəyə aparıblar. Anam şöbədən qayıdanda dedi ki, ona bir neçə kağıza imza etdiriblər. Atamın 40 məraisimi bitəndən sonra polisdə işin gedişatıyla maraqlandıq, məlum oldu ki, müstəntiq anamın adından barışıq ərizəsi hazırlayıb, anamın adından ərizədə yazıb ki, qarşı tərəfdən şikayəti yoxdur və sair… Biz etiraz edəndə müstəntiq bildirdi ki, anan özü ərizəni oxuyub, qol çəkib. Halbuki, mənim anam savadsız, yaşlı qadındır. Anam elə oradaca həmin ərizəsinin qüvvədən düşməsi üçün başqa bir ərizə yazdı. Müstəntiq gözümüzün qarşısında anamın ikinci ərizəsini siyirtməyə atdı, dedi, gedin, lazım olanda çağıraram”.


“Xitam qərarını zorla əldə etdim”

Bir müddət də keçib, Famil Bağırov növbəti dəfə istintaqın gedişatıyla maraqlananda ona bildirilib ki, anasının barışıq ərizəsinə əsaslanaraq müstəntiq cinayət işinə xitam verib. Famil Bağırov xitam qərarını da zorla əldə etdiyini deyir:

“Dəfələrlə şikayət etdik, qərarı bizə vermədilər. Axırda məcbur oldum ki, başqa yola əl atım. Sığorta şirkətinə ərizəylə müraciət etdim, mənə Forma-4 verdilər, onu aparıb rəisə təqdim elədim, xitam qərarını mənə verdilər".

Astara rayon Polis Şöbəsindən bildirilib ki, bu hadisə 2016-cı il, mayında baş verib. Zaqatala sakini olan 30 yaşlı Samir Nadirov idarə etdiyi 99-GH-063 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən piyadanı – Şahağacı kənd sakini 65 yaşlı Zaidağa Bağırovu vurub. Zaidağa Bağırov xəstəxanaya götürülsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra işdə zərərçəkmişin varisi kimi tanınan həyat yoldaşı şöbədə barışıq ərizəsi yazaraq hadisənin təsadüfən baş verdiyini, Samir Nadirovun gənc, öhdəsində azyaşlı uşaqların olduğunu qeyd edərək məsuliyyətdən azad edilməsini xahiş edib. Samir Nadirov mərhumun dəfninin xərclərini çəkib, ailəyə maddi yardımlar edib. Lakin ailə bu yardımların davamlı olmasını istəyib, bu istəkləri həyata keçməyəndə qarşı tərəfdən təkrar şikayətlər etməyə başlayıblar. Qanunvericiliyə görə isə barışıq ərizəsi bir dəfə yazılır və geri götürülə bilməz.

Ana səhifəBölgəAstara sakini: Atamın qanı ört-basdır edilib