Astana görüşü: “Rusiyanın moderatoru olduğu danışıqların nəticəsi olmur”

Astana görüşü. Mənbə: XİN

Azərbaycan XİN bəzi razılaşmaların olduğunu deyir

“Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılan danışıqlar zamanı əldə edilən tərəqqi əsasında praktiki işə başlanması vacibdir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Astanada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanla görüşü zamanı deyib.

Məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, nazir Ceyhun Bayramov delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyini, yaxın zamanlarda bir daha təmasın olacağını söyləyib.

O, Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğunu bildirilib.

Eyni zamanda, Ceyhun Bayramov sonuncu dəfə bu formatda görüşün may ayında Düşənbədə keçirildiyini xatırladıb və əlavə edib ki, sülh müqaviləsi ilə bağlı oktyabrın 2-də Cenevrədə sülh müqaviləsinin əsas elementləri Ermənistana təqdim olunub:

“Biz bu elementlər üzrə Ermənistandan cavab gözləyirik. Sülh müqaviləsinin baza prinsipləri hələ 2022-ci ilin fevralında Ermənistana təqdim olunub. Praqada dördtərəfli görüşün yekununda tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəliblər. Bu, sülh müqaviləsinin əsasını təşkil edir, ona görə də müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edilə bilər”.

Bundan əlavə, Ceyhun Bayramov üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb.

O, bu xüsusda, Ermənistanın bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyini qeyd edib:

“O cümlədən Ermənistanın Azərbaycan ərazilərində minalar basdırması və mina xəritələrini tam şəkildə verməməsi ciddi problemdir”.

Ermənistan Azərbaycan ordusunun ərazisindən çıxarılmasını istəyib

Astana görüşü ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Ararat Mirzoyan Azərbaycan qoşunlarının Ermənistanın ərazisindən çıxarılmasının, bütün erməni hərbi əsirlərin dərhal azad edilməsinin və atəşkəs rejiminə qeyd-şərtsiz riayət edilməsinin zəruriliyini vurğulayıb.

O, həmçinin sərhəddəki vəziyyətin monitorinqi və nəzarəti üzrə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyinə də toxunub.

“Yaxın zamanda hər hansı sülh sazişi olmayacaq”

Siyasətçi Azər Qasımlı Meydan TV-yə deyib ki, onun Rusiyanın moderatorluğu ilə keçirilən görüşdən gözləntisi yoxdur:

“Ümumiyyətlə, Rusiyanın moderator olduğu danışıqların nəticəsi olmur”.

Azər Qasımlı tərəflərin sülh sazişi barədə açıqlamalarına da skeptik yanaşır:

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

“Yaxın zamanda hər hansı sülh sazişi olmayacaq. Çünki Rusiya moderatorluğu altında hansısa sülh sazişinin olması inandırıcı deyil. Həm də Rusiya Avropa Birliyinin danışıqlar prosesində olduğunu nəzərə alaraq sülh sazişinin imzalanmasına imkan verməz. Səbəb də Putinin Əliyevə ciddi təsirinin olmasıdır. Rusiya Qarabağda hələ ordusunu saxlamaq və 2022-ci ilin fevralında imzalanan “Moskva bəyannaməsi” ilə həmin təsir imkanlarını saxlayır”.

“Nikol Paşinyanın da Rusiyadan asılılığı qalır. Ermənistan coğrafi olaraq Azərbaycan və Türkiyə arasında olduğundan istər-istəməz Rusiyanın iştirakının qarşısını almaq gücündə deyil. Ona görə hazırda əsas təsir imkanları Rusiyadadır, baxmayaraq ki, mövqeyi zəifləyir”, – deyə Qasımlı bildirib.

Ana səhifəSiyasətAstana görüşü: “Rusiyanın moderatoru olduğu danışıqların nəticəsi olmur”