Məhkəmədə təqsirləndirilənin ailə üzvlərindən heç kim iştirak etməyib
“AST” Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun qohumuna Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. 1986-cı il təvəllüdlü Vüqar Babayev Cinayət Məcəlləsinin 177 (oğurluq) və 178-ci (dələduzluq) maddələrilə 8 il azadlıqdan məhrum edilib.
V.Babayevin qonşusu Elmar Heybətovu aldatdığı iddia edilir. “AST Telman”ın qohumuyla şirkət rəhbəri arasında “Ferrari” söhbəti olub. V.Babayev onun “Ferrari”sini alsa da, pulunu ödəməyib.
V.Babayev binanın mühafizəçisindən eşidib ki, qonşusu “Ferrari”sini 230 min dollara satmaq istəyir. O, avtomobili almaq istədiyini bildirib. Deyib ki, pulun bir hissəsini bankdan götürəcək. Qonşu ona bu maşına görə etibarnamə verib. Əvvəlcə E.Heybətovun həyat yoldaşına 5 min dollar verib. Daha sonra pul verilməyib. Məsələyə E.Heybətovun tanışı olan hüquqşünas Aslan İsmayılov da müdaxilə edib, V.Babayevlə əvvəl telefonla danışıb, sonra görüşüb. Bundan sonra V.Babayev maşının pulundan 20 min bir, 15 min də bir olmaqla, 35 min dollar da qaytarıb. Qalan məbləğ verilmədiyinə görə E.Heybətov ondan polisə şikayət edib.
V.Babayev məhkəmədə deyib ki, özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, qonşusunu aldatmaq fikri olmayıb, amma ondan asılı olmayan səbəblərdən pulu ödəyə bilməyib.
V.Babayev məhkəmədə ifadə verərəkən açıqlayıb ki, “AST Telman”ın qohumudur. Dediyinə görə, anası T.İsmayılovun qardaşı Çingiz İsmayılovun qızıdır.
V.Babayevin məhkəməsinə qohumlarından kimsə gəlməyib. Bu məsələ ilə əlaqədar o bildirib ki, anası və digər yaxınları Moskvada yaşayır.
V.Babayev ona qarşı irəli sürülmüş oğurluq ittihamını isə qəbul etmir. O, maşınlarını, evini satdıqdan sonra kirayə qaldığı mənzildən mikrodalğalı soba, televizor və qabyuyan maşını oğurlamadığını, onlar xarab olduğuna görə tulladığını bildirib. Ondan soruşulub ki, xarab olmuş əşyaları niyə ev sahibindən xəbərsiz tullayıb? Bu haqda sahibini niyə məlumatlandırmayıb? O, cavabında deyib ki, buna ehtiyac duymayıb.
Həm Elmar Heybətov, həm də evin sahibi Fərəh Qurbanova bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlar növbəti məhkəmə iclasında dindiriləcək.
Zərərçəkmişlərdən E.Heybətov alternativ enerji təminatçısı “Alten Group”un icraçı direktoru, Fərəh Qurbanova isə Milli Məclisin üzvü olmuş, mərhum akademik, dilçi alim Afad Qurbanovun qızıdır.