AŞPA məruzəçiləri Anar Məmmədlinin həbsi ilə bağlı çağırış edib

Photo: ant+D/Shutterstock

“Cənab Məmmədlinin insan haqları sahəsində dəyərli fəaliyyəti nəticəsində cinayət təqibinə məruz qalmamasını təmin etməyə çağırırıq”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın monitorinqi üzrə məruzəçiləri Lise Kristofersen, İan Liddell-Qreyncer və AŞPA-nın “Böyük Britaniya” üzrə məruzəçisi Hanna Bardell “Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdid”lərdən, vətəndaş cəmiyyəti fəalı Anar Məmmədlinin həbsindən dərin narahat olduqlarını bildirib.

Bu barədə yaydıqları açıqlamada bildirilir ki, Anar Məmmədli Azərbaycanda müstəqil seçki monitorinqini həyata keçirən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təsisçilərindəndir:

“2014-cü ilin sentyabrında Avropa Şurası Parlament Assambleyası onu insan hüquqları üzrə Vatslav Havel mükafatı ilə təltif edib”, – deyə məruzəçilər bildirib.

Anar Məmmədli
Foto: Meydan TV

Bəyanatda qeyd edilir ki, o, daha öncə də təqiblərə məruz qalıb. 2013-cü ilin dekabrında saxlanılıb və sonradan bir sıra qondarma ittihamlarla mühakimə olunub. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) təqibin yalnız seçki monitorinqi fəaliyyətinə görə olduğu qənaətinə gəlib. Yenə də o, 2,5 il həbsdən sonra 2016-cı ilin martında əfv olunub:

“Cənab Məmmədlinin növbəti dəfə həbs olunmasından çox narahatıq. Onun vəkili bildirib ki, həbs müstəqil vətəndaş cəmiyyəti tərəfindən geniş şəkildə siyasi motivli kimi qiymətləndirilən “AbzasMedia”nın bir neçə jurnalistinə qarşı işlə bağlıdır. Biz Azərbaycan hakimiyyətini bu işə dərhal baxmağa və cənab Məmmədlinin insan haqları sahəsində dəyərli fəaliyyəti nəticəsində cinayət təqibinə məruz qalmamasını təmin etməyə çağırırıq”, – deyə məruzəçilər yekunlaşdırıblar.

Fergus Auld. Foto: “gov.uk”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old da Anar Məmmədlinin həbsinə münasibət bildirib.

“Biz Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının, o cümlədən Anar Məmmədlinin həbsindən narahatıq. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Vətəndaş cəmiyyətinə dəstəyimiz Britaniya-Azərbaycan münasibətlərinin əsas sütunudur”, – səfir “X” sosial platformasında yazıb.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. Daha sonra onun özünün və atasının evində axtarış aparılıb.

Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib.

Ana səhifəSiyasətAŞPA məruzəçiləri Anar Məmmədlinin həbsi ilə bağlı çağırış edib