Anar Məmmədli: ”Ölkəmizin siyasi tarixinə yazılan qara ləkədir”
Avropa Şurası Parlament Assambleyasının aprelin 26-dakı iclasının gündəliyi açıqlanıb.
Gündəliyə qurum daxilində korrupsiya halları, konkret olaraq Azərbaycan hakimiyyətinin insan hüquqları və azadlıqlarla bağlı problemlərin susdurulması yönündə apardığı “bazarlıqlar”la bağlı məsələ salınıb.
Bu barədə məlumat yayan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli bildirib ki, müzakirə üçün çıxışa yazılanların siyahısında hazırda Azərbaycan nümayəndə heyətindən 5 nəfər də var.
Anar Məmmədli deyib ki, bu səpkidə müzakirə AŞPA-nın və Azərbaycanın tarixində ilk hadisədir: “Xüsusilə rüsvayçı bir olaydır. Necə deyərlər, analoqu yoxdur. Hesabatın qəbul edilib-edilməyəcyindən asılı olmayaraq, ölkəmizin siyasi tarixinə yazılan qara ləkədir. Bu ləkəni yazanları tarix heç zaman bağışlamayacaq. Hər zaman lənətlənəcəksiz! Əmin olun!”
Sabiq deputat, Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli Meydan TV-nin AŞPA-nin 26 aprel toplantısı haqda sualı cavablandırarkən hesabatın qəbul olunacağını deyib:
“Hesabat əvvəlcə “Qaydalar, prosedurlar və immunitetlər” komitəsinə təqdim olunub və yekdilliklə qəbul edilib. Hələ bir nümunə tanımıram ki, yekdilliklə qəbul edilən hesabat assambleya tərəfindən ləğv olunsun. Eyni zamanda, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi təşəbbüsü də gündəmə gəlib”.
O güman edir ki, Müslim Məmmədov və Elxan Süleymanova qarşı korrupsiya ittihamı onları nümayəndə heyətindən uzaqlaşdırılması ilə nəticələnib. Amma hesabatda adları mənfi keçən avropalı deputatlar qurumu tərk etməli olacaqlar. Artıq assambleya prezidentinin bu baradə çağırışı var. Əgər həmin deputatlar könüllü şəkildə istefa verməsələr, onlara qarşı “Qaydalar, prosedurlar və immunitetlər” komitəsində müvafiq addımlar atılacaq:
“Azərbaycan nümayəndə heyətinə gəlincə, dövlətin imicinə ciddi zərbə oldu. Əminəm ki, bundan sonra siyasi məhbus məsələsi AŞ PA-nin daha çox diqqət mərkəzində olacaq və hökumətə təzyiqlər bu istiqamətdə gələcək”.
Gültəkin Hacıbəyli Azərbaycan hökumətinin bundan sonra hansı addımlar atacağı barədə suala cavab verməkdə çətinlik çəkdiyini dedi:
“Çünki bu hakimiyyətin addımlarını proqnozlaşdırmaq qeyri-mümkündür. Əgər hökumətin davranışlarında məntiq, sağlam düşüncə olursa, onu qiymətləndirmək, fikir bildirmək mümkündür. Amma bu davranışlar məntiqə və sağlam düşüncəyə əksdirsə, öncədən münasibət sərgiləmək çox çətindir. Hakimiyyət bizi hər cür sürprizlərlə “sevindirə” bilir. Ehtimal edirəm hakimiyyət sərt addımlar ata bilməyəcək, çünki son dövrlərin ifşaları rəsmi Bakının imicinə elə zərbə vurub ki, bundan sonra münasibətləri gərginləşdirmək sanksiyalara aparır. Hakimiyyət də anlayır ki, dünyaya meydan oxuyacaq iqtidarda deyil. Uzaqbaşı imitasiya siyasətinin zamanını bir az da artıra bilərlər”.
Hesabatın yayılmasından sonra Avropa Xalq Partiyasının prezidenti Jozef Daul Avropa Şurası Parlament Assembleyasında korrupsiya ittihamlarını araşdıran qurumun hesabatında adları keçən bütün üzvlərinin partiyadan kənarlaşdırılmasına və ya üzvlüyün dayandırılmasına çağırıb.
Jozef Daulun çağırışını paylaşan hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-yə deyib ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin çıxışlarının vəziyyəti dəyişəcəyinə inanmır. Söhbət 2011-ci ildən sonra korrupsiya ilə bağlı toplanmış ittihamların araşdırılmasından gedir. Hesabatı kənardan dəvət edilən üç nüfuzlu hakim hazırladığından sənədin etibarlılığına heç bir şübhə yoxdur. Digər tərəfdən daxili araşdırma heyəti səsvermə nəticəsində yaradılıbsa, deməli, səs verən şəxslərin müəyyən mənada iradəsini əks etdirir. Çünki hamı kənardan gələn hakimlərin işi araşdırıb nəticələri ortaya çıxartmaqda maraqlıydı. 219 səhifəlik hesabatın yarıdan çoxu Azərbaycanla bağlı ittihamlardan ibarətdir, şuranın 26 aprel iclasının gündəliyinə daxil edilib.
Rəsul Cəfərov güman edir ki, hesabatdan irəli gələn addımlar atıla bilər:
“Mən sənədin qəbul olunacağına inanıram, əgər bu, baş verərsə, həm büroya, həm də “Qaydalar, prosedurlar və immunitetlər” komitəsinə tövsiyələr olacaq. Tövsiyələr sənəddə adları keçən sabiq və indiki deputatlara qarşı müəyyən addımlar atılmasından ibarət ola bilər. Hətta həmin addımların nədən ibarət olması da sənəddə öz əksini tapıb. Büroya suallara cavab vermək üçün dəvət olunan deputat etiraz edərsə, fərdi qaydada üzvlük məsələsinə baxılacaq”.
O qeyd edib ki, bir qrup deputat 14538 saylı sənəd layihəsi irəli sürüb və bu Azərbaycanda siyasi məhbuslarla bağlıdır.
“Təklif edirlər ki, siyasi məhbuslar üzrə məruzəçinin mandatı bərpa edilsin və müvafiq hesabat hazırlansın. Adları mənfi mənada keçən dövlətlərə müraciət olunsun ki, bu adamların yerinə başqaları göndərilsin. Etik Kodeksin gücləndirilməsi haqda təklif də yer alıb”.
Rəsul Cəfərov bildirib ki, sənəd qəbul olunarsa, yaxud məlum müzakirələrdən sonra rəsmi Bakının hansı addım atacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Nazirlər Komitəsinin ReAL sədri İlqar Məmmədovun işi ilə bağlı ötən ilin dekabrında başladığı xüsusi prosedurdan sonra Azərbaycanda Avropa Şurasından çıxmaq məsələsi qaldırılmışdı. Hətta rəsmi şəxslər də açıqlama verib Avropa Şurasının itirəcəyini demişdilər. Ancaq sonradan ritorika dəyişdi. Əslində, rəsmi Bakı arzuolunmaz qərar qəbul edəcəksə, Avropa Şurası heç bir itkiyə məruz qalmayacaq. Artıq Avropa Şurası Rusiyanın ödənişlərindən imtina etməsi və Türkiyənin ödənişlərinin aradan qalxması haqda çox ciddi tədbirləır gördü. Güclü büdcə və idarəetmə islahatlarına doğru addımlar atıldı. Hökumətin şuradan çıxmaq qərarından daha çox sadə vətəndaşlarımız əziyyət çəkəcək. Daha ağıllı və perspektivli yanaşma belə olmalıdır: dialoq vasitəsilə mövcud problemləri həll etmək lazımdır.
Rəsul Cəfərov xatırladıb ki, yanvar ayından Müslüm Məmmədov və Elxan Süleymanov nümayəndə heyətindən çıxarılıb və bu qərarın korrupsiya ilə bağlı olmadığı bildirilirdi.
“Hətta Səməd Seyidov fəxrlə adının hesabatda olmadığını söyləyirdi. Lap yaxşı, kiminsə korrupsiyaya bulaşmaması müsbətdir, amma bu, digərlərinin bulaşmadığı anlamına gəlmir. Ona görə Rəsmi Bakı qarşı tərəflə əməkdaşlığa getməlidir. Avropa Şurasının irəli sürdüyü təkliflərdən biri odur ki, hesabatda adları keçən şəxslər büroya, plenar iclasa dəvət olunsun. Bəlkə verilən suallara cavablarında hesabatda əksini tapan məqamları inkar edəcək. Amma ehtimal azdır, çünki həmin adamların əksəriyyəti qurumla əməkdaşlıqdan yayınıblar”.
Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqı yekunlaşdırıb.
10 ay davam edən istintaqla bağlı aprelin 22-də 219 səhifəlik
hesabat
açıqlanıb.
Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparıb.
İstintaqı belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.