AŞPA Azərbaycanla bağlı yeni məruzəçi təyin etdi

Rəsul Cəfərov: ”Səməd Seyidov manipulyasiya edir”

Source:

Thorhildur Sunna Evarsdottir
Thorhildur Sunna Evarsdottir


Rəsul Cəfərov: ”Səməd Seyidov manipulyasiya edir”

Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə islandiyalı Thorhildur Sunna Evarsdottir məruzəçi təyin edilib.

T.S.Evarsdottir İslandiyanın Pirat Partiyasını təmsil edir, hüquqşünas, insan haqları müdafiəçisi və jurnalistdir.

Hesabatın hazırlanması təşəbbüsü hollandiyalı Piter Omtzigt tərəfindən irəli sürülüb və məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.

Bu barədə Meydan TV-nin suallarını cavablandıran hüquq müdafiəçisi Rəsul Cəfərov xatırladıb ki, 2013-cü ildən fərqli olaraq indi Azərbaycandakı siyasi məhbuslarla bağlı məsələni araşdırlacaq və hesabat hazırlayacaq şəxsin mandatı yenidən bərpa olundu:

“Həmin vaxt bu mandat almaniyalı deputat Kristofer Ştrasserə məxsus idi və onun hazırladığı hesabat qəbul edilmədi. Faktiki olaraq, məsələ belə qoyuldu ki, hətta AŞ PA Azərbaycanda siyasi məhbusların olmadığı qənaətinə gəlir və siyasi məhbus problemi haqda hesabatı qəbul etmir”.

Rəsul Cəfərov deyir ki, yeni məruzəçi kifayət qədər imicə malikdir, keçmiş hüquq müdafiə fəalı olduğundan məsələlərə ciddi reaksiya verəcək.

O, həm də Hüquq məsələləri və insan haqları komitəsinin də sədri təyin olunub:

“Thorhildur Sunna Evarsdottir hesabatı hazırlayan dövrə qədər Azərbaycanda siyasi məhbusların dəqiq siyahısı müəyyənləşəcəyinə və sənədin qəbul olunacağına ümid edirəm. Məruzəçinin əsas siyasi mesajı ondan ibarətdir ki, AŞPA adları çəkiləcək şəxsləri siyasi məhbus kimi qəbul edir və onların azadlığa buraxılmasını istəyir. Biri var tərəf kimi biz, yerli hüquq müdafiəçiləri, partiya üzvləri söyləyir, amma AŞPA üçüncü tərəfdir və Azərbaycanın bu qurum qarşısında öhdəlikləri var. Hətta həmin məruzə tövsiyə xarakterli olsa da, AŞPA-da Azərbaycanda filan qədər siyasi məhbusun olması və onların azadlığa buraxılması məsələsi hər zaman gündəmə gələcək”.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Rəsul Cəfərov Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovun AŞPA-da islahatlara ehtiyacın olması haqda fikrini dəstəklədiyini deyib:

“Əslində, cənab Seyidovun son bir neçə ildə söylədiyi ən doğru fikirlərdən biridir ki, AŞPA-nin islahatlara ehtiyacı var. Birinci, AŞPA, nəhayət, Avropa Məhkəməsinin qərarlarının icrası mexanizmlərini təkmilləşdirməlidir, siyasi iradə ortaya qoymalıdır, çünki danışıqlarla, yaxud siyasi oyunlarla vəziyyəti dəyişmək mümkün olmayacaq. Bu istiqamətdə addımlar atılmasa, Avropa Məhkəməsinin gələcək perspektivi sual altına düşür. Çünki məhkəmə yarananda ciddi inam vardı ki, qərarlar məcburi olduğundan ölkələrdə ortaya çıxacaq problemlər həll ediləcək. Amma əks mənzərə yaranıb, xüsusən də fərdi tələb olunan qərarların icra olunmaması ciddi problemlərlə nəticələnir. Ola bilər ki, ümumi məsələlərlə bağlı müəyyən vaxt gərək olduğundan müzakirələr olsun, amma fərdi addımlar, yəni kimlərinsə azad olunması, kompensasiyanın verilməsi Azərbaycan üzrə ciddi problem olaraq qalır. İkinci, islahat adları korrupsiyada hallanmış şəxslərə qarşı aparılmalıdır, söhbət yeni araşdırımalardan gedir, mən AŞPA və Nazirlər Kabinetində araşdırmaların vacibliyini demək istəyirəm. Bir neçə ildir qurum ayrı-ayrı ölkələrin dövlət orqanları ilə birgə heç bir perspektivi olmayan, milyonlarla avronu nəzərdə tutan layihələr gerçəkəşdirir. Məsələn, Azərbaycanda ədliyyə sisteminin və ədalətli mühakimənin müdafiəsi ilə bağlı milyonlarla avronu ehtiva edən layihələr gerçəkləşdirilir, amma bu istiqamətdə vəziyyət köklü dəyişmir. Əgər Səməd Seyidov bunları nəzərdə tutursa, haqlıdır. Birdəfəlik anlamaq lazımdır ki, Avropa Şurası dövlətlər tərəfindən öz vətəndaşlarının hüquq və vəzifələrinin, qanunun aliliyi prinsiplərinin qorunması üçün yaradılıb. Bu barədə qurumun sabiq prezidenti Nikalidze danışsa da, təəssüf ki, deyilənlər müşahidə olunmur. Bu baxımdan islahata ehtiyac var”.

Hüquq müdafiəçisi Səməd Seyidovun AŞPA-nın vitse-prezidenti seçilməsi barədə xəbəri manipulyasiya adlandırıb:

“İyunun 25-də AŞPA-da yalnız bir vitse-prezident seçilib, o da İtaliyadan. Cənab Seyidov ötən ilin oktyabrında vitse-prezident təyin edilib, rotasiya qaydasında olub, yəni gec-tez hər bir AŞPA üzvü bu vəzifəni daşıyır. Səməd Seyidovun bu vəzifəsi əlindən alınmayıb, görünür, o, bununla fəxr edir. Onu Serbiya üzrə məruzəçilikdən kənarlaşdırıblar, eyni zamanda, səsvermə hüququ alınıb. Bunlardan danışmaq əvəzinə vitse-prezidentlik haqda dezinformasiya yayır”.

Ana səhifəXəbərlərAŞPA Azərbaycanla bağlı yeni məruzəçi təyin etdi