”Müəyyən qənaətlərim var”
“Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır”, deyə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili iyulun 9-da “Turan”a bildirib.
Baş redaktor özünün müəyyən qənaətləri olduğunu söyləyib: “Amma istintaq sirridir deyə açıb deyə bilmirəm. Bu il martın 14-də gecə evim yandırlanda olan dəst-xətdir. Sadəcə istintaq bir az uzandı deyə, arxayın düşüblər”.
A.Mərzili hüquq-mühafizə orqanlarına xəbər etdiyini söyləyib.
Bu il martın 14-də naməlum şəxslər A.Mərzilinin Xətai rayon Prokurorluğunun yanında yerləşən evini yandırmağa cəhd ediblər. Amma yanğını tez söndürmək mümkün olub. Bununla bağlı jurnalist hüquq-mühafizə orqanlarına şikayət edib, faktla bağlı cinayət işi başlanıb.
İyulun 9-da isə jurnalistin “hunday-accord” markalı şəxsi avtomobili yanıb.