Ana deyir ki, övladının müalicəsi üçün pul tapa bilmir
5 yaşlı Ümid 2 ildən artıqdır ağır immunodefecit (immun çatışmazlığı) xəstəliyindən əziyyət çəkir. Ümüdin yaşaması üçün 21 gündən bir iynə vurulmalıdır. Uşağın iynədən asılı olmaması üçün təcili sümük iliyi köçürülməlidir. Bu barədə Meydan TV-yə anası Lüdmila Şahbazova bildirib. Kürdəmir rayonunda yaşayan ailənin 4 uşağı var.
Lüdmila Şahbazova deyib ki, həyat yoldaşı fəhlə işləyir. Ümüdin müalicəsi və əməliyyatı üçün maddi imkanları çatmır.
“Ümid Milli Onkologiya Mərkəzində və özəl klinikanın birində müalicə alıb. Ona D81 kombinə olunmuş immun çatışmazlığı diaqnozu qoyulub. Uşağın limfaları şişib. Dedilər ki, biopsi götürüb müayinə olunmalıdır”,-ana bildirib. Onun sözlərinə görə, bütün müayinələr üçün ödəniş edilib. Artıq evdə satmağa heç nə qalmayıb:
“Uşağın bədəni o qədər şişir ki, gözləri görünmür. Ümidin əməliyyatı üçün İcbari Tibbi Sığorta Agentliyinə, o cümlədən bütün dövlət qurumlarına müraciət edilib. Ümidə vurulan iynə üçün hər 21 gündən bir 1200 manat xərclənməlidir. Əks halda bütün müalicə boşa gedər”.
Ana deyir ki, uşaq hər gün 10-a yaxın dərman içir. Artıq dərman içməyə də taqəti qalmayıb. Vaxtı getdikcə daralır:
“Bir ana kimi sizə yalvarıram, övladımın müalicəsi və əməliyyatı üçün yardım edin. 2 ildir bu xəstəliklə mübarizə aparan Ümid yaşamaq istəyir”.
Ümidin problemi bir neçə media orqanı tərəfindən də işıqlandırılıb. Ancaq lazım olan məbləğ əldə olunmayıb.
Azərbaycanda bu xəstəliktən əziyyət çəkən uşaqların sayı ilə bağlı rəsmi statistika yoxdur. Hazırda isə sümük iliyinin köçürülməsi üçün 117 nəfər növbə gözləyir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin pasiyentlər donoru olan şəxslərdir:
“İlə təxminən 30 xəstə əməliyyat edilə bilər”.
Nərgiz Əliyeva söyləyib ki, ölkə üzrə 3500 talassemiya xəstəsi qeydiyyatdadır: “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Həmin pasiyentlərdə sümük iliyi tam tutub. Mərkəzimizdə müalicə alan pasiyentlərin yaş həddi 3-19 yaş arasında dəyişir. Ölkədə donor bankının yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunub”.