“Arzum Cəbrayılda təsərrüfat qurmaqdır”
Tərgül Nəcəfova bir zamanlar müəllim kimi sinif otağına girəndə yəqin heç düşünməzdi ki, nə vaxtsa yaşadığı bölgədə yaxşı arıçı kimi tanınacaq.
58 yaşlı arıçı Daşkəsən rayonunun Yolqullar kənd sakinidir. Əslən Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan Tərgül Nəcəfova Gəncə Dövlət Universitetini dil-ədəbiyyat ixtisası üzrə bitirib. 1987-ci ildə ailə qurub və elə o gündən də həyatı dəyişib. 18 il müəllim kimi çalışır və bir gün həyat yoldaşının işinin yerdəyişimi, dağ kəndinin çətin yolu onu sevimli işindən uzaqlaşdırır. Beləcə arıçı kimi fəaliyyətə başlayır. Artıq 35 illik təcrübəyə sahibdir.
“13 il köməkçi kimi təcrübə yığmışam. Öncə çətin olsa da, baxıb öyrəndim. Hər zaman diqqətim həyat yoldaşımda olub. Çünki o, bu işləri görürdü. Arıya qulluq prosedurları necə həyata keçirilir, necə davranılır, onun yanında köməkçisi olaraq öyrəndim. Yavaş-yavaş bu təsərrüfata daha çox yiyələndim. Son beş ildə tam məsuliyyətini öz üzərimə götürdüm. İşsiz qalınca meylimi bu təsərrüfata saldım. Ona sərf etdiyim ömrümü hədər saymıram”.
Arıçı deyir ki, əvvəlcə 60 təhnəsi olub. Sonra müxtəlif xəstəliklər arıların məhv edib:
“Hətta üç təhnəmiz qaldı. Sonradan artdı. Hazırda 60 arı ailəm var. Qırıldıqca mən onu bir də beçəsindən, ya yenisindən yığdım”.
Arı ailələrinin bütün fəsillərdə qidalanması, dərmanlanması, qışda yerinin isti saxlanması, soyuqdan, müxtəlif xəstəlik və qurdlardan qorunması və sair ağır zəhmət tələb edir. Tərgül Nəcəfova deyir ki, köməyə ehtiyacı əsasən arının köçüm vaxtı olur:
“Yanvardan başlayıram yem verməyə. Arının simlənməsi, şamlanması var. Arını ildə iki dəfə dərmanlayıram. Qışda gənə düşməsin deyə. Qanadlarına düşür, arını uçmağa qoymur, yerlə sürünür. Baldan sonra yenə dərmanlayıram. Dekabrda yerini isti saxlayıram ki, qırılmasınlar. Yem, dərman verirəm. İki dərmanı var, quzuqulaq turşusu və pin. Artıq bir aydır ki, hissə-hissə bal çəkirəm. Sentyabrda və mayda köç başlayır. Onda ailəm, oğlum kömək edir”.
“Arı südünü almaq üçün gərək neçə arı ailəsini qurban verəsən”
Tərgül Nəcəfova arıçılığı elə müəllimliyə bənzədir. Deyir ki, müəllim kimi şagirdlərə necə məsuliyyət və həssaslıqla yanaşırdısa, arılara da eyni qayğını bəsləyir. Hətta peşəkar arıçı kimi arı südünün alınmasını məhz arı ailəsinin təhlükəsizliyi baxımından istəmir. Çünki bir neçə qram arı südü bir arı ailəsinin məhvi deməkdir. Odur ki, arıçı xanım baha qiymətə satılan arı südünün şəffaflığına inanmır:
“Arı südü çox faydalıdır, ancaq onu almaq çox çətindir. Arı südünü almaq üçün gərək neçə ari ailəsini qurban verəsən. Ana arının tük kimi damarında olur süd. Onu alan kimi, ana arı qarışıq bütün arı ailəsi ölür. Axı belə olmaz. Bir az bunu şişirdirlər ki, təmiz arı südü satılır. Mayda süd kimi arı balaları olur ki, onu süd adına götürürlər. Buna aldanmayın. Əslində peşəkar arıçı bilir ki, bu çətin və nadir prosesdir”.
Deyir ki, hətta yanvardan marta qədər, bəzən mayda arıya şəkər tozu verir:
“Bəzi arıçılar deyirlər, guya şəkər tozu vermirlər. Bunu yalan deyirlər. Qidası azdır deyə yanvardan şəkər tozu verilir, marta qədər davam edir. Əgər qış isti keçərsə, arı çox qidalanmalıdır. Ona da bal yetmir. Şəkər tozu verilir. Mayda da veririk, çünki arı balalamaq üçün qurd səpir. Məhz buna görə verirəm”.
“Nə yarmarkada, nə də bazarda bal satıram”
Arıçı deyir ki, ötən il hava şəraiti quraq keçdiyindən arıçılıqda məhsuldarlıq az olub. Bu il isə bol yağıntı məhsuldarlığa müsbət təsir göstərsə də, nəticə elə qənəatbəxş deyil. O, 60 arı ailəsindən ümumi 150 kiloqrama yaxın bal çəkib. İldə iki dəfə – yazda və yayda bal çəkir.
Tərgül Nəcəfova deyir ki, balla yanaşı vərəmum və qaymaq da toplayır. Cəmi 5-6 kiloluq qaymağı isə baldan dadlı və faydalı hesab edir. Qaymaq müxtəlif çiçəklərin əsas ləti olaraq şamın üst hissəsindən alınır. 200 qramlıq vərəmum isə işçi arıların ayaqlarında daşıdığı çiçək tozudur ki, əsasən təhnənin girişində olur.
Vərəmum daxili orqanların xəstəlikləri üçün qiymətli dərman vasitəsidir. Arıçı deyir ki, onun alıcıları daimi müştəriləridir:
“İnanın, alıcılar balın üstündə dava edir. Hamı qeydiyyata yazılır öncədən, sifariş çox, ancaq bal az. Rusiyadan, Daşkəsəndən, Gəncədən, Bakıdan. Əsas da qohum-əqraba, tanışlar, dostlar. Yəni illərdir məni tanıyanlar. Nə yarmarkada, nə bazarda bal satıram. Çox çəkə bilmirəm ki, arı qırılar. Özündə də bal qalmalıdır ki, üzü qışa gedir, qidalansın”.
Tərgül Nəcəfova deyir ki arı halallığı sevən heyvandır. Haram qatırsan, küsüb gedir. 72 faiz bal işçi arılar tərəfindən çöldən su halında gəlir. Qanadları ilə ventilyasiya edib 25 faizlik bal halına gətirir və üstünü suvayırlar. Çox suvayanda bərkiyir: “Yay balını 20 günə aldım. Qaymağı da övladlarım arasında bölürəm. Kimsə dərman üçün vərəmum istəsə satıram, onun da 100 qramı 40 manatdır. Ya da özümüz daxili orqanları təmizləmək üçün dərman kimi spirtə qatıb istifadə edirik. Əvvəl balın kiloqramını 30-35 manata satırdım, indi isə 40 manatdan yuxarıdır. Çünki hər şey bahalanıb. Arı halal heyvandır deyə sahibinin də zəhmətini qiymətləndirəndir”.
“Bədənimdə olan ağrıları belə arı sancması müalicə edir”
Tərgül Nəcəfova deyir ki, dağ balı üçün sentyabrda Daşkəsəndən Gəncəyə, mayda Gəncədən Göygöl rayonuna, iki aylıq yay üçün Daşkəsənin Yolqullar kəndinə köç edir. Yəni arılar həm aran ağacları, həm də dağ bitkiləri ilə qidalanır. Balında hər çiçəkdən fayda olsun deyə arı kimi işləyir. Çoxsaylı arı sancması belə onu qorxutmur. Deyir ki, arı zəhəri onun immunitetini gücləndirib:
“Relyef çətindir, hava şəraiti də dəyişkəndir. Ancaq dağ balının yerini heç nə vermir. Aranda əvəlik, akasiya, çökə, günəbaxan, nar çiçəyi, xirnikçiçəyi, biyandan şirə çəkir. Dad, keyfiyyət eyni olur. Ancaq dağda fərqlidir. Müxtəlif yer çiçəklərindən, yəni təbii bitən çiçəklərdən çəkir şirəni. Kəklikotu, qətli, sarıçiçək, qaraçörək otu və digər dağ çiçəklərindən çəkilir deyə onun da müalicəvi əhəmiyyəti çoxdur. Aranda yerdəyişim olmur, çox əziyyət çəkilmir. Ancaq dağdan arana, arandan dağa daşınan arıların verdiyi balın ləzzəti başqadır”.
Tərgül Nəcəfovanın sözlərinə görə, bal alarkən onu hətta 100-dən artıq arı sancır:
“Hiss edirsən ürəyin ağırlaşır, yatıb-durursan çəkilir. Bədənimdə olan ağrıları belə arı sancması müalicə edir. Çəkim və köç vaxtı ancaq arını düşünürəm”.
“Qalan ömrümü bu təsərrüfata həsr edəcəm”
Arıçı xanımın təsərrüfatı ilə bağlı gələcək planları var. İki ildir ki, arıçılıq təsərrüfatı ilə bağlı MMC-də yaradıb və Cəbrayıl rayonunun Süleymanlı kəndinə qeydiyyata düşüb. Onun sözlərinə görə, həmin kənddə arıçılıq təsərrüfatını artırıb, gənc arıçılar yetişdirəcək. 3 övladı, 7 nəvəsi olan Tərgül xanım arıçı olaraq doğma kəndinə köçəcəyi günü gözləyir.
“Bizim kənddə arı çox olmayıb. Məhz bu təsərrüfatla orda qeydiyyata düşdüm ki, gedib fərqli çiçəklərdən, fərqli mühütdən bal alım. Planlaşdırıram ki, həyat yoldaşım da təqaüdə çıxsın, orada evimiz tikilib hazır olsun, birgə gedib təsərrüfat quraq. Qalan ömrümü bu təsərrüfata həsr edəcəm. Peşman da deyiləm. Düzdür, arı təhnələrini yeniləməliyəm, köhnədir. Dövlət də iki ildir ki, hər arı ailəsi üçün 10 manat dəyərində subsidiya verir. Buna da şükür… ”.