“Araz kursları” bağlandı

Ekspertlərin yanaşması fərqlənir: Mürsəl ƏIliyev qərarın təhsilə mənfi təsir göstərəcəyini deyirsə, Etibar Əliyev qərarı alqışlayır

Source:

Ekspertlərin yanaşması fərqlənir: Mürsəl ƏIliyev qərarın təhsilə mənfi təsir göstərəcəyini deyirsə, Etibar Əliyev qərarı alqışlayır

İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksi abituriyentlər və ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün təlim kursları keçirən “Araz” MMC-nin bağlandığını elan edib. Bu barədə sözügedən kompleksin təsisçisi olan SOCAR-ın məlumatında deyilir.

Öz növbəsində Təhsil Nazirliyi ləğv edilən liseylərdə oxuyan şagirdləri orta məktəblərə qəbul etməyə hazır olduğunu bildirib.

Təhsil sahəsində ekspert Mürsəl Əliyev Turan İA-a deyib ki, qəbul olunmuş qərar təhsilin keyfiyyətinə və biznes-mühitə mənfi təsir göstərəcək.

Onun sözlərinə görə, “Araz” kursları və liseylər keyfiyyətli fəaliyyət göstərirdilər, onların məzunları yüksək səviyyəli peşəkarlara çevrilirdi.

Ancaq təhsil eksperti Etibar Əliyev Meydan TV-yə açıqlamasında qərarı müsbət hesab edib: “Mən “Araz Kursları”nın bağlanmasını alqışlayıram. Ümumiyyətlə, bütün kursların fəaliyyətinə xitam verilməlidir. Tədris prosesi məktəbdə olmalıdır. Məktəblərdə tədris prosesi çox  zəif olduğu üçün şagirdlər və valideynlər kurslara üz tuturlar. Bu isə ilk növbədə şagirdlərin vaxtını aparır. İkincisi isə bu kurslarda  hər fənn üzrə ödənilən maddi vəsait ailələrin büdcəsini dağıdır. Lakin bu kursların indi və ya bir az sonra bağlanması ayrı məsələdir. Bir tərəfdən biz görürük ki, orta məktəblərin 9 və 11 -ci siniflərinin buraxılış imtahanlarının nəticələri son dərəcə aşağı qiymətlərlə müşahidə olunur. Bu, onu göstərir ki, ana dilinin və digər fənlərin tədrisində çox ciddi problemlər var. Deməli, o kursların da təsiri  şagirdlərin nəticələrində bir o qədər də hiss olunmur”.

Etibar Əliyev hesab edir ki, qadağa digər kurslara da şamil olunmalıdır. Tədris prosesi yalnız və yalnız orta məktəbdə keçirilməlidir.  Məktəb təhsilinin keyfiyyətini mütləq yaxşılaşdırmaq lazımdır ki, uşaqlar kurslara axışmasın: “Mən şahidiyəm ki, yaşadığım ərazidə 10-12 orta məktəbin əhatəsində bir “Araz Kursları” var. Dərs vaxtı oradan xeyli şagirdlər çıxır. Niyə bu uşaqlar məktəb vaxtı məktəbdə olmurlar? Özü də əvvəllər bu kurslara yalnız 10-11-ci siniflər gedirdi. İndi aşağı siniflər də gedir. Hesab edirəm ki, təcili şəkildə qərarlar qəbul olunmalıdır. Orta məktəbdə tədris prosesi ilə bağlı təcili islahatlar aparılmalıdır ki, boşluqlar doldurulsun”.

İstisna deyil ki, “Araz” və litseylər siyasi motivlərlə, məhz Türkiyənin din xadimi Fətullah Gülənin təhsil şəbəkəsinə yaxınlığı səbəbindən bağlanıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Ərdoğanın bu yaxınlarda Bakıya səfərindən sonra KİV-də bu qərarın qəbulu proqnozlaşdırılırdı. Bildirilmişdi ki, türkiyəli baş nazir Azərbaycanda “nurçu”lar şəbəkəsinin (Gülənin tərəfdarları) olmasında razı deyil.

Ərdoğan hesab edir ki, Gülənin yaratdığı “Hizmət” təşkilatı Türkiyənin dövlət orqanlarına daxil olaraq hökumətə qarşı pozuculuq işi aparır.

Bundan sonra Azərbaycanda bir sıra yüksək vəzifəli məmurlar öz postlarından kənarlaşdırılıb. Onların arasında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Komitənin rəhbəri Elşad İsgəndərov da var. O zaman hakimiyyətlə əməkdaşlıq edən KİV-lər onları ölkədəki “nurçu” şəbəkəsinin rəhbərləri adlandırmışdı.

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə daxil olan “Qafqaz” Universitetinin rəhbərliyi isə universitetin bağlanması barədə məlumatı təkzib edib.

Ana səhifəXəbərlər“Araz kursları” bağlandı