Aprel döyüşçüsü: Polislər məni huşumu itirənədək döydülər

Göygöl sakini Daxili işlər nazirinə müraciət edib

Source: Meydan TV

“30 yaşım var, həyatımın ən gözəl illərini cəbhə xəttində riskə atıb, ağır psixi xəstəlik qazanmışam. Qanlı aprel döyüşçüsü olmuşam. Ancaq polislər xəstəlik haqqında o sənədimi görə-görə məni huşumu itirənədək döydülər. Nə var ki, şöbənin təhqiqat bölməsinin rəisindən qanunu tələb etdiyimə görə mənə “qəzəblənmişdi”. Mənim nə döyüş iştirakçı olmağım, nə gənc yaşda bu vətən üçün ömürlük psixi xəstəlik tapmağım onların tükünü də tərpətmədi. Elə həmin gün şöbədən buraxılanda baxdım ki, çantamdakı 25 manatı da, mobil telefonumu da götürüblər”.

Telefondakı mübahisədən polis şöbəsinədək…

Göygöl sakini, 30 yaşlı Valeh Mustafayev Meydan TV-yə iyunun 5-də Şirvan Şəhər Polis Şöbəsində döyüldüyünü iddia edir. Deməsinə görə, Şirvanda yaşayan və qiyabi tanıdığı iki şəxslə telefonla danışarkən əsəblərini cilovlaya bilməyərək onları söyüb. Onlar da Şirvan Şəhır Polis Şöbəsinə ərizəylə şikayət ediblər. Ancaq çox keçməmiş, həmin şəxslər şikayətçi olmadıqlarını bildirərək ərizələrini geri götürüblər. Valeh Mustafayev deyir, mübahisə etdiyi adamlarla məsələni çoxdan yoluna qoysa da, polis ondan əl çəkmir:

“Mübahisə 1 ay əvvəl baş verib, sonradan həmin insanlarla anlaşdıq, aramızdakı mübahisəni aydınlaşdırdıq və mayın 31-də şikayəti geri götürdülər. Ancaq şikayəti geri götürməmişdən əvvəl Şirvan Şəhər Polis Şöbəsindən mənə zəng gəlmişdi, zəng vuran şəxs özünü şöbənin təhqiqat bölməsinin rəisi kimi təqdim etmişdi. Məni izahat yazmaq üçün bölməyə çağırmışdı, demişdim, zəhmət olmasa yaşadığım ünvana bildiriş göndərin, bildirişlə gəlim, izahatımı yazım. O da razılaşmışdı. Elə oldu ki, dediyim kimi, həmin şəxslər şikayətlərini geri götürdülər, mən də izahat yazmağa getmədim”.

“Göygölə gəlib, qollarımı qandallayıb, apardılar”

Valeh Mustafayevin deməsinə görə, məsələnin üstündən 1 aydan çox vaxt keçsə də, iyunun 5-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Göygölə gələrək onu qandallayıb, Şirvana götürüblər:

“Yaşadığım ərazinin polisindən zəng gəldi, şöbəyə dəvət olundum. Bundan bir neçə gün əvvəl hərbi biletimi itirmişdim və şöbəyə arayış üçün müraciət etmişdim. Düşündüm ki, yəqin arayışa görə çağırırlar. Ancaq şöbədə məni cinayət-axtarış şöbəsinin rəis müavininin otağına apardılar, orada məni Şirvan Şəhər Polis Şöbəsindən gələn dörd nəfər gözləyirdi. Rəis müavinimiz bildirdi ki, bu yoldaşlar sənin dalınca gəliblər. Mən də bildirdim ki, Şirvanda yaşayan qiyabi tanışlarımla yüngül mübahisəm olub, barışmışıq, söhbət bitib. Gələnlər dedilər, yox, rəis tələb edir ki, səndən izahat alaq. Əvvəl izahat yazdırmağa başladılar, ancaq yarımçıq saxladılar. Dedilər, rəis tələb edir ki, səni Şirvana götürək, izahatı orda yazasan. Məni şöbədəki dəmir barmaqlığa saldılar. 3-4 saat orda qaldım. Sonra da mülki maşına mindirib Şirvan Şəhər Polis Şöbəsinə apardılar. Şöbənin rəis müavini 1-2 sual verəndən sonra məni təhqiqatçının otağına göndərdi, təhqiqatçı izahat aldı, dedi, təhqiqat bölməsinin rəisi Aqşin müəllim tapşırıb ki, səni buraxmayaq, bir azdan gələcək, səninlə söhbəti var. İki saata yaxın vaxt keçdi, Aqşin adlı bölmə rəisi gəlib çıxdı. Məlum oldu ki, ötən ay şöbəyə çağırılarkən bunlara “ünvanına bildiriş vərəqəsi göndərin, gəlim” deməyim ağır gəlib, qanunu tələb etməyim özlərinə saymazlıq, təhqir hesab ediblər”.

Copy of sayt-cover (1).png
Aprel döyüşçüsü Valeh Mustafayev

“Özümə gələndə bir serjant üzümə su vururdu”

Valeh Mustafayevin deməsinə görə, üzərindəki əşyaları götürəndən sonra onu dəmir barmaqlıqlar arxasına salıblar:

“Üstümdəki kiçik çantamın içərisində xəstəliyim haqqında sənədlərim, 25 manat pulum, şəxsiyyət vəsiqəm, bir də mobil telefonum vardı. Əlimdən alıb növbətçi hissəyə verdilər, özümü də dəmir barmaqlığa saldılar. 3 saata yaxın keçdi, təhqiqat bölməsinin rəisi də gəlib çıxdı. Dedi “sən kimsən ki, mənim çağırışıma gəlmirsən?“Bildirdim ki, biliriş tələb etmək vətəndaş kimi hüququmdur. Ondan sonra məni təhqir etdi, söydü, yumruq ilişdirdi, digər polis işçilərini də çağırdı, məni döydülər. Zərbələrdən huşumu itirmişəm, özümə gələndə gördüm şöbənin həyətində krantın qarşısındayam, serjant bir əliylə köynəyimdən tutub, digər əliylə krantdan su götürüb üzümə vururdu. Bütün geyimim yaş idi, özümə gəldiyimi görüb, məni elə həyətdəki skamyaya oturtdu. Bizə bir nəfər yaxınlaşdı, aparat çıxartdı, təzyiqimi ölçdü, sol qolumun əzələsinə iynə vurdu, dedi, sakitləşdiricidir. İynədən sonra həqiqətən də bir az özümə gəldim, yenə Aqşinin otağına apardılar. Dedi, bundan sonra ağıllı ol, mən nə vaxt səni çağırtdırdım, qapıda ol. Mənimlə elə tərzdə danışırdı, sanki lotudur, “vorzakondur”, nə danışığında, nə hərəkətində nəzakət, insanlıq yox idi”.

“Polislər son çörək pulumu çantamdan götürüblər”

Valeh Mustafayev 2016-cı ildə baş verən aprel döyüşləri iştirakçısıdır. Orduda Xüsusi Təyinatlı Kəşfiyyat Taborunun Xüsusi Təyinatlı Bölüyünün qrup komandiri kimi xidmət edib. Sonradan hərbi təlimlər zamanı mərmi dalğasına düşərək kontuziya alıb, hərbidə yaranmış psixi xəstəliyə görə vaxtından əvvəl ordudan ehtiyata buraxılıb. O, xəstəlik haqqında sənədlərinin də çantasında olduğunu, polis əməkdaşları çantasına baxış keçirərkən həmin sənədi gördüyünü dedi:

“Əlimdən alınıb növbətçi hissəyə verilən çantada xəstəlik haqqında sənədim, mobil telefonum, şəxsiyyət vəsiqəm və xəstəlik haqqında sənədlərim vardı. Şöbədən buraxılanda çantam özümə qaytarıldı, 25 manat və mobil telefonum çantada yox idi. O, mənim sonuncu çörək pulum idi. Mən həyatımın ən gözəl illərini cəbhə xəttində riskə atıb, ağır psixi xəstəlik qazanmışam. Qanlı aprel döyüşçüsü olmuşam. Ancaq polislər xəstəlik haqqında o sənədimi görə-görə məni huşumu itirənədək döydülər. Nə var ki, bunu onlara bir şöbənin bölmə rəisi qanun tələb etdiyimə görə mənə “qəzəblənmişdi”“.

“Vilayət Eyvazov başıma gələnləri şəxsi nəzarətə götürsün”

Valeh Mustafayev deyir, şöbədən buraxılandan sonra yaşadığı ünvana dəfələrlə təcili yardım çağırılıb. O, xəstəxanada tibbi müayinədən də keçib. Ancaq xəsarətlərlə bağlı ekspertizadan keçmək üçün ondan polisin göndərişi tələb olunması əngəl yaradıb.

Şirvan Şəhər Polis Şöbəsindən deyilənləri təkzib ediblır. Şöbədən bildirilib ki, Valeh Mustafayevlə bağlı daxil olan şikayət ərizələrinə əsasən, izahat alınması üçün dəfələrlə polis şöbəsinə dəvət olunsa da, gəlməyib. İzahat verməkdən yayındığına görə yaşadığı ərazi üzrə polis şöbəsinə məlumat verilib, iyunun 5-də şöbəyə gətirilib, izahatı alındıqdan sonra sərbəst buraxılıb. Vətəndaşa qarşı hər hansı fiziki zor işlədilməyib.

Valeh Mustafayevinsə istədiyi odur ki, bu məsələ Daxili işlər naziri Vilayət Eyvazov tərəfindən şəxsi nəzarətə götürülsün: “Daxili İşlər Nazirliyinin 102 Xidmətinə dəfələrlə zəng vurmuşam. Şikayətimi araşdırılmaq üçün elə Şirvan Şəhər Polis Şöbəsinə yönləndiriblər. Şirvan polisindən zəng vurublar ki, bizdən şikayət etmisən, gəl izahat yaz. Daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənə qarşı polis şöbəsində edilənlərin araşdırılmasını şəxsi nəzarətə götürsün”.

reg_aprel doyushcusu_tecili yardim senedi.jpg
Arayış
reg_aprel doyushcusu_sened_2.jpg
Arayış
Ana səhifəSosialAprel döyüşçüsü: Polislər məni huşumu itirənədək döydülər