Məcburi hərbi xidmətə aparılan Ülvi Həsənli ilə bağlı vəsatətlər təmin edilməyib
Bakı Apelyasiya Məhkəməsində noyabrın 13-də NİDA Vətəndaş Hərəkatının üzvü, ictimai fəal Ülvi Həsənlinin şikayətinə baxılıb.
Məlumatı onun vəkili Elçin Sadıqov verib. Bildirib ki, işə hakim Elşad Şamayevin sədrliyi ilə baxılıb. Ülvi Həsənlinin şikayəti qanunsuz həbs edilməsi və ona qarşı qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalması ilə bağlı olub:
“Ülvi Həsənliyə qarşı fiziki zor tətbiq edilib. O, məcburi hərbi xidmətə aparılıb. Məhkəmədə xeyli vəsatət qaldırdıq. Ancaq heç biri təmin edilmədi. Bakı Hərbi Məhkəməsi noyabrın 3-də iddiamızı təmin etmədi. Biz də həmin qərardan apelyasiya şikayəti verdik. Ülvi Həsənlinin məhkəməyə gətirilməsi üçün məktub göndərsək də, onun iştirakı təmin edilmədi”.
Elçin Sadıqov bildirir ki, onlar bundan sonra da bir neçə vəsatət qaldırıblar:
“Məhkəmədən ərizəçinin canlı şəxsin məhkəmə-tibb ekspertizasından keçirilməsi və ekspertiza qarşısında ərizəçinin hərbi xidmətə yararlı olub-olmaması, ərizəçinin bədənin xəsarət izlərinin olub-olmaması, xəsarət izləri varsa, onların nə zaman və hansı səbəbdən yaranması ilə bağlı sualların qoyulmasını xahiş etdik”.
Vəkil deyib ki, ərizəçi 2017-ci ilin oktyabrın əvvəllərində hərbi həkim komissiyasından keçib və böyrəyində üç daş olduğundan hərbi xidmətə yararsız olduğu bəlli olub.
E.Sadıqov həmin müayinə sənədlərinin məhkəməyə təqdim edilməsi və həmin həkimlərin şahid qismində məhkəmədə dindirilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
O, deyir ki, oktyabrın əvvəlində Ülvi Həsənliyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şöbəsindən bildiriblər ki, yenidən müayinədən keçmək lazımdır:
“Məhkəmədən xahiş etdik ki, Gəncə şöbəsindən həmin şikayətin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul etsin. Bundan əlavə, oktyabrın 26-da, saat 12-də Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şöbəsinin rəisi gələrək Ülvi Həsənliyə Müdafiə Nazirliyinin Hərbi Polisinə getməli olduğunu bildirib. Orada Ü.Həsənlinin azadlığını məhdudlaşdırmaqla, həbs etməklə hərbi polisin gəlməsini gözlətdiriblər. 20-30 dəqiqə gözlətdirildikdən sonra hərbi polisdən üç nəfər Ülvi Həsənlinin yanına gəlib və onun qollarını tutaraq fiziki zor tətbiq etməklə Hərbi
Polisin inzibati binasına aparıblar. Məhkəmədən xahiş etdik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şöbəsinin rəisinin və həmin üç nəfər hərbiçinin məhkəmədə şahid qismində dindirilməsi barədə qərar qəbul etsin”.
Elçin Sadıqov deyir ki, məhkəmə qarşısında qaldırdıqları vəsatətlər bununla bitməyib. Ülvi Həsənli 26 oktyabrda Hərbi Polisin inzibati binasına gətirilib:
“Məhkəmədən xahiş edirik ki, Hərbi Polisin inzibati binasında yerləşdirilən müşahidə və təhlükəsizlik kameralarındakı 26 oktyabr 2017-ci il saat 12-dən axşam saat 19-a kimi olan təhlükəsizlik və müşahidə kameralarındakı video-görüntülərin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul etsin. Ülvi Həsənli Hərbi Polis idarəsindən Bərdədə yerləşən hərbi korpusa aparılıb. Xahiş etdik ki, sözügedən hərbi korpusun təhlükəsizlik və müşahidə kameralarındakı 26 oktyabr 2017-ci il saat 16-dan 22-yə aid görüntülərin məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilsin. Ərizəçinin şəxsi işinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şöbəsindən və N (hərbi hissənin dəqiq nömrəsi vəsatətdə yazılıb) saylı Hərbi Hissədən alınaraq məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsini də xahiş etdik”.
Elçin Sadıqov deyir ki, məhkəmə vəsatətlərinin heç birini təmin etməyib. Bakı Hərbi Məhkəməsinin 3 noyabr 2017-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlayıb:
“Baş vermiş bu qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəyik. Bundan əlavə, qanunsuzluqlarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Hərbi Polisin əməllərinin araşdırılması üçün Baş Prokurora və Hərbi Prokurora şikayətlər etsək də, bugünədək araşdırma başlanılmayıb”.
NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli oktyabrın 26-da hərbi polis tərəfindən
saxlanılıb
. O, məcburi şəkildə hərbi xidmətə aparılıb.
Bu barədə Meydan TV-yə Ülvi Həsənli özü məlumat verib.
O, bildirib ki, oktyabrın 26-da, səhər saat 12-də üç hərbçi onu saxlayaraq, məcburi şəkildə Səfərbərlik Xidmətinə aparıb:
Vəkil Elçin Sadıqov deyir ki, Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Buna baxmayaraq, onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir.
Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.
NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.
Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.