Apelyasiya Məhkəməsi ictimai fəalı həbsdə saxladı

Foto: Əmrah Təhməzovun şəxsi arxivindən

Hakim polislərin dindirilməsi və kamera görüntülərinə baxışla bağlı vəsatəti təmin etməyib

İctimai fəal Əmrah Təhməzov haqqında 1 aylıq həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

İyunun 10-da Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə onun vəkilindən və tarixçi alim Altay Göyüşovdan başqa heç kim buraxılmayıb.

Vəkil Zibeydə Sadıqova açıq məhkəmə prosesinə adamların buraxılmamasıyla bağlı narazılığını hakim İbrahim İbrahimlinin nəzərinə çatdırsa da, nəticə dəyişməyib.

“Mən məhkəmə binasına kimlərin buraxılmasıyla bağlı məsələyə müdaxilə edə bilmərəm…”, – hakimin sədrlik etdiyi məhkəmə prosesinə adamların buraxılmamasıyla bağlı etiraza cavabı belə olub.

Məhkəmədə vəkil iki vəsatət qaldırıb.

Bunlardan biri Əmrah Təhməzovun əleyhinə izahat verən iki polisin çağılıb dindirilməsi, ikincisi isə onun tutulduğu yerdə olan kamera görüntülərinin alınıb baxış keçirilməsi olub.

İctimai fəal haqqında 30 sutkalıq həbs qərarında iddia olunur ki, o, mayın 29-da paytaxtın Rəsul Rza küçəsində gedərkən söyüş söyüb, bu səbəbdən polislər onu saxlayaraq bölməyə gətirib.

Orada onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib edilib və məhkəməyə aparılıb.

Məhkəmə də 30 sutkalıq inzibati həbs qərarı çıxarıb.

Əmrah Təhməzov isə deyir ki, onu mayın 27-də Kukla teatrının yaxınlığında saxlayıblar.

Onun sözlərinə görə, küçədə ünvansız söyüş söyməsi haqda yazılanlar yalandır:

“Hiss edirdim ki, izləyirlər. Məni 4 polis tutub bölməyə gətirdi. Deyirdilər ki, guya aksiya keçirmək istəyirəm. Əgər belə bir şey olsaydı, deyərdim ki, eləmək istəyirəm. Belə bir şey yox idi. Telefonumu aldılar. Apardılar Bakı Şəhər Baş Polis İdarəsinə. Məni iki gün – mayın 29-na qədər bölmədə saxladılar. Mayın 29-da məhkəməyə gətirib, 30 sutkalıq qərarı aldılar”.

Vəkilin qaldırdığı vəsatətlərin heç birini hakim təmin etməyib.

 Deyib ki, polislərin izahatı işin içində var, görüntüləri almağa isə ehtiyac yoxdur.

Müdafiəçi məhkəmənin nəzərinə çatdırıb ki, Əmrah Təhməzov mayın 27-dən 29-na qədər polis bölməsində saxlanmaqla yanaşı, 1 həftədən çox onun ailə üzvlərilə əlaqə saxlamasına imkan verilməyib.

Vəkil Əmrah Təhməzovun təqsirsiz olduğunu vurğulayıb, onun haqqındakı qərarın ləğv olunmasını istəyib.

İctimai fəalın özü də sosial şəbəkələrdə yazdıqlarına görə cəzalandırıldığını vurğulayıb.

Lakin hakim İbrahim İbrahimli Səbail rayon Məhkəməsinin çıxardığı qərarı da təmin etməyib – 30 günlük həbs qərarı qüvvədə saxlanılıb.

İnzibati xətalara dair işlərdə sonuncu hüquqi müdafiə vasitəsi apelyasiya məhkəməsidir.

Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, qərarı əldə edəndən sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Əmrah Təhməzovun Facebook hesabındakı paylaşımlarına, xüsusən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri, 3 ay yarım aclıq edən Əlizamin Salayevin durumuna görə Prezident İlham Əliyevi ittiham edən statusuyla əlaqədar cəzalandırıldığı iddia olunur.

O, həbsindən bir neçə gün öncə yazmışdı ki, evlərinə polislər gəlib, onu axtarıblar:

2 nəfər polis gəlib, evdən məni soruşublar, evdəkilər deyib şəhərdədi, çıxıb gediblər. Çox güman, o gün Elzamin bəy üçün Əliyevə vurgu ilə yazdıgım statusa görədir. Şişirtməyi sevmirəm, amma tutub eləsələr, böyük ehtimal elə statusuma görədir…”.

Ana səhifəSiyasətApelyasiya Məhkəməsi ictimai fəalı həbsdə saxladı